EN

Cənubi Qafqazda böyük savaş başlayır -  İsrail dünyanı müharibəyə sürükləyir

İranın ən yaxın strateji tərəfdaşlarından biri sayılan Rusiya, hazırda alovlanan İran-İsrail müharibəsində diqqətçəkici bir sakitlik nümayiş etdirir. Halbuki Tehran, Moskvanı Ukrayna müharibəsində tək qoymamış, xüsusilə də “Şahin” tipli dronlarla Kremlə ciddi texnoloji dəstək vermişdi. Bu fondda Rusiyanın neytral mövqeyi suallar doğurur: Kreml niyə səssizdir? Digər tərəfdən, Yaxın Şərqdəki bu qarşıdurma daha geniş bir regional müharibəyə çevrilə bilərmi? Əgər digər dövlətlər də prosesə qoşularsa, münaqişənin coğrafiyası genişlənə, davametmə müddəti isə illərlə uzana bilər. Belə bir ssenaridə Cənubi Qafqaz ölkələri, xüsusilə də Azərbaycan üçün hansı təhlükələr gündəmə gələ bilər?
Moderator.az-a danışan politoloq Tofiq Abbasov  bildirib ki, Cənubi Qafqaz bilavasitə artıq müharibə bölgəsinə çevrilib. Onun sözlərinə görə, bu prosesin məsuliyyəti isə bütövlükdə İsrailin üzərindədir:
“İsrail dövləti BMT-nin nizamnaməsini kobud şəkildə pozur və eyni zamanda Yaxın və Orta Şərqdə müharibə arealını genişləndirir. Onsuz da bu bölgədə 70 ildən artıqdır ki, sabitlik yoxdur. İndi isə müharibələri Xəzər və Qafqaz bölgəsinə də İsrail gətirir. Bu, çox təhlükəli bir prosesdir. 
Çünki İranla Livan və ya Suriya kimi davranmaq mümkün deyil. İranın böyük strateji resurs potensialı, müqavimət imkanları və yüksək döyüş qabiliyyətinə malik ordusu var. Bu səbəbdən İsrail hazırda əsasən havadan zərbələr endirir. Cavab olaraq, İranın raket zərbələri nəticəsində İsrail də itkilərə məruz qalır. Artıq bəllidir ki, Tel-Əviv demək olar ki, iflic vəziyyətindədir, Hayfa şəhəri dağıdılıb, neftayırma zavodu isə fəaliyyətini dayandırıb. İsrail hər nə qədər silah və sursat üstünlüyü ilə öyünsə də, bu prosesin sonu onun özü üçün çox pis nəticələnə bilər. Dünya ictimaiyyəti artıq anlayır ki, Netanyahu bu gərginliyi artırmaqla bir tərəfdən öz siyasi həyatını uzatmağa, digər tərəfdən isə guya İsrail xalqının qeydinə qalmağa çalışır. Amma əslində bu, belə deyil.
Netanyahu­nun çox ciddi problemləri var. O  ölkə daxilində korrupsiya və dələduzluq faktlarına görə artıq ittiham olunur. Bu məsələlərin hamısı İsrailin Ali Məhkəməsində araşdırılır və onu baş nazirlikdən getdikdən sonra daha ağır məhkəmə prosesi gözləyir. Netanyahu müharibəni bu prosesdən yayınmaq üçün bir vasitə kimi istifadə edir ki, məhkəməyə cəlb olunmasın. Ancaq bu mümkün deyil. Axırda o, məhkəmə qarşısına çıxmalı olacaq. Çünki onun barəsində ciddi ittihamlar var, ifadə verməli olduğu hallar mövcuddur. Hətta "Şin Bet" kəşfiyyat xidmətinin rəhbəri onunla bağlı məhkəməyə müraciət edib. Bəlli olub ki, 7 oktyabr hadisələrində elə Netanyahunun özünün də iştirakı qeydə alınıb. Ona görə də hazırda müxalifət liderlərindən biri olan Avigdor Liberman açıq şəkildə bəyan edir ki, 7 oktyabr hadisələri əvvəldən axıra qədər araşdırılmalı, istintaq aparılmalıdır. Artıq bu məsələlərdə kimin hansı tərəfdə olduğu da üzə çıxıb”.
 
Politoloq vurğulayıb ki, Rusiyanın mövcud gərginliyə sakitlik nümayiş etdirməsinin səbəbkarı İrandır:
“İranın bu məsələdə özünün ciddi məsuliyyəti var. Yanvar ayında İran və Rusiya arasında strateji tərəfdaşlıq sənədləri imzalanmasına baxmayaraq, həmin sənədlər İran parlamenti tərəfindən yalnız ayın 16-da ratifikasiya olundu. İndi sual yaranır: İran bu məsələdə Rusiyadanmı inciməlidir, yoxsa özündən? Belə situasiyalarda günahı başqasının üstünə atmaq doğru deyil.
Bu gün baş verən proseslərə nəzər salsaq görərik ki, heç kim heç kimin əvəzinə mübarizə aparmır. Pakistan bu məsələdə müdrik və cəsarətli bir addım atdı. O, İrana dəstək verərək bildirib ki, lazım gəlsə, onun xeyrinə atom silahından da istifadə edə bilər. Amma yenə də qeyd etməliyik ki, heç bir ölkə digərinin yerinə döyüşməyəcək.
Biz də öz təcrübəmizdən bilirik ki, Ermənistanla mübarizədə yalnız öz gücümüzə arxalanmalıyıq. Necə ki bacardıq, düşməni yerinə oturtduq və onun vuran əlini qırdıq. İndi əsas məsələ bu böhranda vasitəçiliyin kimin üzərinə düşəcəyidir. Türkiyə bu məsələyə çox yaxın mövqe tutur. Əgər vasitəçilik missiyası uğurla həyata keçirilsə, bu, təkcə Yaxın Şərqdə deyil, həm də Cənubi Qafqazda sabitlik və rahatlıq yaradacaq”.
 
Mehin Mehmanqızı
 
Chosen
8
moderator.az

1Sources