EN

Qumar oyunlarının təşkili qaydalarında dəyişiklik edilir

BAKI, 18 iyun. TELEQRAF

Azərbaycanda qumar oyunlarının təşkili və ya keçirilməsi qaydalarında dəyişiklik edilir.

Teleqraf xəbər verir ki, sözügüdən məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin iyunun 18-də keçirilən birgə iclasında müzakirə olunan Cinayət və İnzibati Xətalar məcəllələrində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, qumar oyunlarının təşkili və ya keçirilməsi ilə bağlı hər iki məcəllənin müddəaları “Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanunla müəyyən edilən qaydada təşkil edilən və keçirilən kazino oyunlarına şamil olunmayacaq.

Qeyd edək ki, Azərbaycanda kazino fəaliyyəti 1998-ci il yanvarın 27-də qadağan olunmuşdu. İndi isə Azərbaycan qanunvericiliyinin tələbləri nəzərə alınmaqla, yalnız süni torpaq sahələrində olmaqla kazino oyunlarının təşkili və keçirilməsinə icazə verilir. Bunun üçün Mülki, Cinayət və İnzibati Xətalar Məcəllələrində və daha altı qanunvericilik aktında dəyişiklik edilir.

Milli Məclisə daxil olan yeni layihəyə əsasən, həmin oyunların yalnız xüsusi ayrılan və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən edilən tələblərə cavab verən yerlərdə təşkili və keçirilməsi nəzərdə tutulur.

Sənədə əsasən, kazino oyunlarının təşkili və keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən edilir. Oyunlar yalnız nəzarət orqanının rəyi nəzərə alınmaqla lisenziya əsasında hüquqi şəxs tərəfindən təşkil edilə bilər.

Chosen
10
3
teleqraf.com

4Sources