EN

“İranın hava müdafiə sistemi çöküb, ABŞ-ın qoşulması fəlakətə səbəb ola bilər”- İlham İsmayıl

 “İranın hava müdafiə sistemi çöküb, ABŞ-ın qoşulması fəlakətə səbəb ola bilər”.

Təhlükəsizlik eksperti İlham İsmayıl News365.az-a açıqlamasında bildirib ki, İsrailin son zərbələri nəticəsində İranın hava hücumundan müdafiə sistemi faktiki olaraq iflic vəziyyətinə düşüb. Onun sözlərinə görə, İranın hava məkanı üzərində nəzarət zəifləyib və bu, vəziyyətin nə qədər kritik olduğunu göstərir:

“İran hava məkanını qorumaqda çətinlik çəkir, amma hələ də qürurla ‘vuruşa bilərik’ deyə açıqlamalar verir. Reallıq isə başqadır – faktik olaraq, İsrail artıq İranın hava məkanına giriş imkanına sahibdir”.

Ekspert bildirib ki, İsrailin ərazisi kiçik olsa da, hərbi imkanları güclüdür. İran isə ərazi baxımından çox böyükdür və bu, onun müdafiə qabiliyyətini həm üstünlük, həm də zəiflik nöqtəsinə çevirir:

“Son 5 gün ərzində İsrail tərəfindən İran ərazisinə 340 tona yaxın ballistik raket atılıb. Təkcə ötən gecə bu rəqəm 140 tona çatıb. Hazırda İranın ehtiyatında 2000-ə yaxın raket olsa da, İsrail daha kəskin silahlarla cavab verə bilər”.

İlham İsmayıl əlavə edib ki, əgər vəziyyət daha da kəskinləşərsə, ABŞ-ın münaqişəyə birbaşa qoşulması ehtimalı artır. Bu isə İran üçün ciddi fəlakət ola bilər:

“İran tez-tez Hörmüz boğazını bağlamaqla hədələyir, amma bu addımı atmır. Çünki bilir ki, oradakı istənilən gərginlik ABŞ üçün birbaşa müdaxilə üçün bəhanə olacaq. Hörmüz boğazından dünyanın neft ehtiyatlarının 20 faizi keçir və bu, qlobal təhlükəsizlik məsələsidir”.

Ekspertin fikrincə, regiondakı hazırkı eskalasiya hər an yeni mərhələyə keçə bilər və bu, yalnız regional deyil, beynəlxalq miqyasda ciddi nəticələr doğura bilər.

Chosen
6
news365.az

1Sources