Bonn, 17 iyun, Pərvanə Qafarova, Elvin Mövsümov, AZƏRTAC
Almaniyada keçirilən İyun İqlim Görüşləri çərçivəsində Bonn İqlim düşərgəsində “Yaşıl dünya: təbiət və mədəniyyət” pavilyonu Azərbaycan QHT-lərinin Qlobal Cənuba dəstəyi olaraq qurulub.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyinin sədr müavini Nadimə Rəhimli deyib.
“Bir neçə ay bundan öncə 116 ölkənin iştirakı ilə Azərbaycanın təşəbbüsü nəticəsində ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılıb. Azərbaycan hazırda bu platformada birillik müddətə rəhbərik edir. Biz burada Qlobal Cənuba dəstək olaraq platformaya daxil olan ölkələrin nümayəndələrini qonaq edirik. Bunun əsas məqsədi Bonn İyun İqlim Görüşlərində, BMT-nin tədbirlərində iştirak edə bilməyən, müəyyən səbəblərdən qeydiyyatdan keçə bilməyən şəxsləri bu kampda qonaq etməkdir. Bu tədbirdə Azərbaycanın COP29-un keçirilməsi səviyyəsi nümunə olaraq göstərilir.
Bir sözlə, biz Qlobal Cənubu təmsil edən vətəndaş cəmiyyəti nümayəndələrinə dəstək olmaq üçün buradayıq. Bir neçə gün sonra BMT-də Qlobal Cənubun ilk yan tədbiri olacaq.
Bu gün isə qonaqlar bizim pavilyonda bir neçə hissədən ibarət ekoçantalar hazırlaya bilərlər. Onlar Qlobal Cənubu necə təsvir edirlərsə, elə də rənglərə köçürürlər və onu daha sonra özləri ilə xatirə hədiyyəsi kimi götürə bilərlər.
Digər bir hissə isə COP29-un güşəsidir. Bilirsiniz ki, digər COP30 artıq Braziliyada keçiriləcək, amma hazırda prezidentlik ölkəmizdədir və bura gələn ölkələrdən də hamısı demək olar ki, COP29-da iştirak edib və nümayəndələr xoş təəssüratlarını bölüşürlər.
Biz həm də burada Azərbaycan qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və onların cəlb etdiyi şəxslərin, sosial qruplardan, fiziki məhdudiyyətli şəxslərin təqdim etdikləri nümunələr əsasında “tullantıdan incəsənətə doğru” sərgisini təşkil etmişik”, - deyə Nədimə Rəhimli əlavə edib.