Bu gündən etibarən dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə başlanılıb.
Sertifikasiya prosesindən yüksək nəticə toplayanlardan biri də "Örnək müəllim" Əsli Aslanovadır. O, sertifikasiya imtahanından riyaziyyat fənni üzrə 58 bal toplayıb.
AzEdu.az həmin müəllim ilə təəssüratlarını öyrənmək üçün əlaqə saxlayıb.
"İlk dəfə idi ki, müəllimlərin sertifikasiya imtahanında iştirak edirdim. Suallar mənə rahat gəldi, lakin düşündürücü suallar da var idi. Sadəcə diqqətli yanaşmaqla onların öhdəsindən gəlmək mümkün oldu.
İmtahandakı suallar dərsliklər və Dövlət İmtahan Mərkəzinin test toplusu ilə böyük ölçüdə uyğunluq təşkil edirdi. Vaxt da kifayət qədər idi. Demək olar ki, öz üzərində mütəmadi çalışan müəllimlərə həmin sualları cavablandırmaq üçün bir saat belə yetərlidir.
Metodika sualları isə əsasən situasiya tipli idi. Bu tip suallar qaydalardan daha çox düşüncə tələb edirdi. Həmin sualları cavablandırmaq həm maraqlı, həm də düşündürücü idi",- deyə müəllim bildirib.
Qeyd edək ki, Ə.Aslanova Müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsindən 53 bal toplayıb.