EN

Dünyanın ən yaxşı universitetləri bunlardır

Dünyanın müxtəlif qitələrində yerləşən aparıcı universitetlər hər il təkcə təhsilin keyfiyyəti ilə deyil, həm də elmi-tədqiqat imkanları və beynəlxalq nüfuzları ilə seçilirlər. U.S. News-in 2025–2026-cı illər üçün açıqladığı “Ən Yaxşı Qlobal Universitetlər” siyahısına əsasən, ilk 50 universitet əsasən Şimali Amerika, Avropa, Asiya və Avstraliyada yerləşir. Reytinq yalnız akademik tədqiqat və elmi nüfuza əsaslanaraq hazırlanıb.

AzEdu.az xarici mənbələrdən aldığı məlumata əsasən xəbər verir ki, ən çox universiteti bu siyahıya daxil olan region Şimali Amerikadır. İlk beşlikdə ABŞ-nin Harvard, Massachusetts Texnologiya İnstitutu (MIT) və Stanford universitetləri qərarlaşıb. Kanada isə Toronto Universiteti və Britaniya Kolumbiyası Universiteti ilə təmsil olunub. Avropada isə ən çox universitet Böyük Britaniyaya məxsusdur – Oksford, Kembric və London Universitet Kolleci ilk onluqda yer alıblar. Niderland, Fransa, Almaniya, İsveçrə, Belçika və Danimarka da bu siyahıda yer alan ölkələr sırasındadır. Məsələn, Belçikadakı KU Leuven universiteti kiçik bir şəhərdə yerləşsə də, ilk 50 universitet arasında qərarlaşıb.

Asiyada əsas yüksəliş Çin universitetlərinə aiddir. Bu il Zhejiang və Shanghai Jiao Tong universitetləri siyahıya yeni daxil olublar. Tsinghua Universiteti isə təkcə Asiyada deyil, dünya səviyyəsində də yüksəlib – 11-ci yeri tutub. Milli Sinqapur Universiteti də həm regional, həm də qlobal miqyasda yüksək mövqe qazanıb. Avstraliyada isə Sidney Universiteti ölkənin lider təhsil müəssisəsi kimi seçilib və dünyada 29-cu yerə layiq görülüb. Yeni Zelandiyadan isə bu dəfə ilk 50-likdə heç bir universitet yer almayıb.

Reytinqin nəticələri göstərir ki, beynəlxalq səviyyədə tanınmış universitetlər yalnız böyük şəhərlərdə yox, həm də kiçik ərazilərdə yerləşə bilər. Bu siyahı həm də tələbələr və ailələri üçün qlobal miqyasda ən yaxşı ali təhsil imkanlarını müəyyənləşdirmək baxımından önəmli bir yol xəritəsi rolunu oynayır.

Chosen
11
azedu.az

1Sources