EN

Özəl məktəblər 10 000 manata nə vəd edir?

Valideynlər övladlarının daha keyfiyyətli təhsil alması və xarici dil biliklərinin inkişafı üçün dövlət məktəblərindənsə, özəl təhsil müəssisələrini üstün tuturlar.

Lakin bu məktəblərdə təhsil haqqının yüksək olması, xüsusilə də illik ödənişin 10 000 manata çatması, bəzən ciddi suallar doğurur. Belə məktəblərin təqdim etdiyi imkanların bu qiymətə dəyib-dəymədiyi geniş ictimai maraq doğurur.

Özəl məktəblər şagirdlərə 10 000 manatlıq nə təklif edirlər?

Mövzu ilə bağlı Valyuta.az-a danışan təhsil mütəxəssisi Qoşqar Məhərrəmov bildirib ki, özəl təhsil sektoru daha az sayda şagirdə xidmət göstərsə də, burada tətbiq olunan yanaşmalar şagirdin inkişafına xüsusi təsir göstərir:

"Belə məktəblər şagirdləri seçmək, qəbul etmək və ehtiyac olduqda onları məktəbdən uzaqlaşdırmaq imkanına malikdir. Bu da təhsil prosesində intizam və keyfiyyətə nəzarəti asanlaşdırır.

Özəl məktəblərdə şagirdlər özlərini xüsusi mühitdə və xüsusi qayğı ilə əhatə olunmuş hiss edirlər. Təhsil haqqı 10-15 min manat civarında olan bu məktəblər adətən "AB" və ya "Cambridge" kimi beynəlxalq kurikulumlarla fəaliyyət göstərir. Bundan əlavə, dərslər ingilis dilində aparılır və şagirdlər bu dili səlist şəkildə öyrənmək imkanı əldə edirlər. Belə məktəblərdə ana dili ingilis dili olan müəllimlərin iştirakı da tədrisin keyfiyyətini artırır. Bu, şagirdlər üçün mühüm bir üstünlükdür.

Lakin təhsildə ən vacib amillərdən biri olan müəllim məsələsinə xüsusi diqqət yetirilməlidir. Özəl məktəblərdə müəllimlər xüsusi seçim prosesi ilə işə qəbul olunur, təlim keçirlər və daha sonra sinifə daxil olurlar. Bu müəllimlər anlayırlar ki, şagird onların qonağıdır və ona xüsusi diqqət göstərilməlidir. Şagirdin sinifdə hörmət və qayğı görməsi, onun özünü dəyərli hiss etməsinə və dərslərə həvəslə yanaşmasına səbəb olur".

Ekspertin sözlərinə görə, belə mühitdə böyüyən şagirdlər həm də bulinqə daha az məruz qalır və müəllimlər tərəfindən sual verməyə və cavablandırmağa təşviq olunurlar.

"Təəssüf ki, bu cür şərait dövlət məktəblərində hələ də tam şəkildə müşahidə olunmur. Ekspertlər hesab edirlər ki, dövlət məktəbləri də özəl məktəblərin təcrübəsindən yararlanmalı, laboratoriyalar, mühit, müəllim hazırlığı və idarəetmə baxımından inkişaf etdirilməlidir",- deyə o, vurğulayıb.

Q.Məhərrəmov qeyd edib ki, sərbəst bazar şəraitində özəl məktəblər yalnız təhsil müəssisəsi deyil, eyni zamanda bir biznes qurumudur:

"Hər bir özəl məktəb müəyyən investisiyayla yaradılır və sahibləri bu sərmayədən gəlir əldə etməyi hədəfləyirlər. Məktəbin xərclərinə xarici və yerli müəllimlərin maaşları, avadanlıqlar, ləvazimatlar və digər gündəlik xərclər daxildir. Bu xərc strukturu nəzərə alınaraq, üzərinə gəlir marjası əlavə edilir və nəticədə təhsil bir xidmət kimi təqdim olunur.

Bunu dəqiq demək çətindir ki, məsələn, bir şagird məktəb üçün ayda 1 000 manata başa gəlir, yoxsa 10 000 manata. Amma məlumdur ki, şagird sayı artdıqca məktəbin adam başına düşən xərcləri azalır. Bu səbəbdən özəl məktəblər daha çox şagird cəlb etməyə, beləliklə gəlirini artırmağa çalışır. Eyni zamanda məktəblər reputasiya və rəqabət qabiliyyətlərini gücləndirmək üçün reklam və brend quruculuğuna da vəsait ayırırlar".

Mayya Hüseynova

Chosen
6
valyuta.az

1Sources