BAKI, 18 iyun. TELEQRAF
“Ermənistan Respublikasının dövlətçiliyinə qarşı fəaliyyət göstərən istənilən şəxs adekvat cavabını almalıdır”.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın səhiyyə naziri Anahit Avanesyan parlamentdə çıxışı zamanı müxalif deputatların ittihamlarına cavab verərkən deyib.
“Heç kim (Baş nazir Nikol Paşinyan – red.) Erməni Apostol Kilsəsini hədəfə almır, heç kim milli dəyərlərimizi pozmur. Əksinə, konkret sərhədlər çəkilib ki, ölkəmizdə, eləcə də kilsədə yalan və riyaya yer qalmasın. Ermənistan Respublikasının dövlətçiliyinə qarşı fəaliyyət göstərən istənilən şəxs adekvat cavabını almalıdır”, - nazir bildirib.
Avanesyan ölkə müxalifətini və ya keçmiş hakimiyyətləri kənardan (Rusiyanı nəzərdə tutur – red.) Ermənistana qarşı aparılan hibrid müharibəyə qoşulmaqda və qanunsuz mənimsəmələrdə ittiham edib.
Xatırladaq ki, bundan əvvəl Ermənistan Baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qaregini subaylıq andını pozmaqda ittiham edib. Paşinyanın sözlərinə görə, subaylıq andını pozaraq övlad sahibi olan Qaregin artıq Erməni Apostol Kilsəsinin rəhbəri ola bilməz. Həmçinin o, katolikosu Ermənistan dövlətinin maraqlarına qarşı fəaliyyətlərdə günahlandırıb.
Ermənistan hökumətinin başçısı Erməni Apostol Kilsəsinə yeni katolikosun seçilməsi üçün seçkilərə və bu məqsədlə koordinasiya şurasının yaradılmasına çağırıb.