EN

Mebel emalatxanasında 10 nəfərin öldüyü yanğınla bağlı məhkəmədə zərərçəkmişlər dindirilib

“Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) ərazisində yerləşən mebel emalatxanasında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayışla bağlı təqsirli bilinən şəxslərin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlər ifadə verib.

Zərərçəkən Mircəlal İsmayılov bildirib ki, partlayış birdən baş verib. Onun ümumilikdə şikayəti və tələbi yoxdur.

Digər zərərçəkən Mehriyar Həqqi isə ifadəsində qeyd edib ki, partlayış vaxtı ora alət götürməyə gedib. Hadisə zamanı o, üzündən müxtəlif xəsarətlər alıb. Zərərçəkən ona dəyən ziyanin qarşılandığını deyərək şikayətçi olmayıb.

Digər zərərçəkən Rahib Babayev partlayış vaxtı qardaşının çalışdığı sexə ona yardım etməyə getdiyini deyib: "Partlayış olanda mənim BMW markalı avtomobilimə 6500 manat dəyərində ziyan dəyib, lakin zərər bu günədək ödənilməyib".

Tağı İbrahimov bundan məlumatlı olduğunu və yaxın günlərdə həmin məbləğin ödəniləcəyini söyləyib.

Prosesdə ifadə verən zərərçəkənlərin dediklərindən məlum olub ki, partlayışdan zərər görən iş adamlarından əksəriyyətinin fəaliyyəti qeyri-rəsmi olub.

İcarə müqaviləsindən başqa fəaliyyətlə bağlı hər hansı sənədləşmə mövcud olmayıb. Bu səbəbə görə, dəyən zərərin müəyyənləşməsində problem yaranıb. Zərərçəkənlər dəymiş zərərləri şəxsi hesablamaları ilə müəyyənləşdirərək təqdim etdiklərinə görə tərəflər arasında məbləğ məsələsinə görə müəyyən narazılıqlar yaranıb.

Daha sonra məhkəməyə Tağı İbrahimovun səhhətindəki problemlərlə bağlı rəy təqdim olunub. Bununla yanaşı təqsirləndirilənin ailə üzvləri də onun səhəti ilə bağlı məhkəməyə ərizə göndəriblər.

Təqdim olunan sənədlər iclas protokoluna əlavə edilib.

Proses iyulun 2-də davam etdiriləcək.

Qeyd edək ki, ötən ilin yanvarın 15-də paytaxtın Bakının Binəqədi rayonunda “Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin ərazisində yerləşən mebel emalatxanalarında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla müşayiət olunan partlayış baş verib. Fakt əsasında Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində cinayət işi başlanıb.

İbtidai istintaqla ASC-nin faktiki sahibi, 1962-ci il təvəllüdlü Tağı İbrahimov və ASC-də inzibati-təsərrüfat idarəçiliyini həyata keçirən, 1992-ci il təvəllüdlü Toğrul Rzayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxslər kimi bu qaydaları ehtiyatsızlıqdan pozaraq 10 nəfərin ölümünə, 23 nəfərin isə xəsarət almasına, habelə ASC-nin ərazisində olan əmlaklara və təbiətə maddi ziyan vurmaqla digər ağır nəticələrə səbəb olmaları, həmçinin Tağı İbrahimovun xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Tağı İbrahimova Cinayət Məcəlləsinin 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) və 225.3-cü (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə, Toğrul Rzayevə isə həmin Məcəllənin 225.3-cü maddəsi ilə yekun ittiham elan edilib, onların hər ikisi barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

"Cebheinfo.az" 

Chosen
2
11
cebheinfo.az

10Sources