EN

Qurban Qurbanov: “Bizə uyğun olmayan rəqiblərdilər”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov futbol üzrə UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin püşkünü dəyərləndirib.

Arena.az xəbər verir ki, təcrübəli mütəxəssis bu barədə Ağdam klubunun mətbuat xidmətinə açıqlama verib.

Qurban Qurbanov bu mərhələdə qarşılaşacaqları Şimali İrlandiyanın “Linfild” komandasının Ağdam klubuna tanış rəqib olduğunu söyləyib:

“Çoxdandır belə komandalara qarşı oynamırıq. Baxmayaraq ki, “Linfild” bizə tanış rəqibdir. Onlara qarşı gərgin oyunlarımız keçmişdi. Ümumilikdə sabit komandadır. İrlandiya futbolu da sürətlə inkişaf etməyə başlayıb. Hər iki komanda, bəlkə də, bizə uyğun olmayan rəqibdir. Tez bir zamanda ətraflı məlumat topladıqdan sonra ciddi şəkildə hazırlaşacağıq. Belə komandaların istəyi çox olur, sürətə, güc futboluna üstünlük verirlər. İstənilən halda UEFA Çempionlar Liqasında zəif komanda olmur, hamısı ambisiyalıdır”.

53 yaşlı mütəxəssis hazırlıq üçün vaxtlarının olduğunu deyib:

“Bir aya yaxın vaxtımız var. Bu müddətdən düzgün istifadə etmək istəyirik. İlk oyunumuz səfərdə olacaq və bu ölkələrlə məsafə çox uzaqdır. Ancaq bunları özümüzə problem hesab etməli deyilik. Buna uyğun proqram quracağıq. İstənilən çətinliyə, uzaq yola və ya hava şəraitinə baxmayaraq, ilk matça hazır olmağa çalışacağıq”.

Xatırladaq ki, “Qarabağ” UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Şelburn” (İrlandiya) – “Linfild” (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. Bu raundun ilk görüşü iyulun 22-23-də, cavab qarşılaşması 29-30-da baş tutacaq. Ağdam təmsilçisi ilk matçını səfərdə keçirəcək.

Chosen
12
39
arena.az

10Sources