EN

Küləyə diş qıcırdan teleşoumen Solovyov

ain.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Düzünü desək, rusiyalı “teleaqitator” Vladimir  Solovyovun Azərbaycandan istədiyi üzrlərin sayını itirmişik. Televerilişində ara-sıra haypərəstliyini üst qatda təcəssüm etdirən telejurnalist Vladimir Solovyovun 4 il bundan əvvəl “Rossiya 1”dəki siyasi teleşousuna dəvət etdiyi David Babayanı “Dağlıq Qarabağ XİN-in rəhbəri” kimi təqdim etməsini unutmamışıq. Onda küləyə qarşı tüpürməyi sınaqdan  çıxarmış başabəla teleaparıcı Azərbaycan dövlətinin ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlik nümayiş etdirdiyinə görə xalqımızdan iki dəfə üzr istəməli olmuşdu. Birinci dəfə “xala xətrin qalmasın”, ikinci dəfə isə qələtinin dərəcəsi onun nəzərinə çatdırıldıqdan sonra. 

44 günlük Vətən müharibəsinin nəticəsini, Şuşanın, 30 ilə yaxın Ermənistanın işğalı altında olan digər ərazilərimizin azad edilməsini eşitmək və görmək istəməyən, erməni sponsorlarının maraqları naminə küləyə qarşı tüpürməyin klassik nümunəsini göstərən Solovyov bu zaman reallığa qarşı da eyni hərəkəti etmişdi. Amma, o, ciddi xəbərdarlıqdan sonra əməlinə görə tövbə etməli oldu: “Mən böyük siyasi səhvə yol verdim. Sözü yalnız bir tərəfə vermək mənim səhvim idi. Bu, mənim səhvimdir, üzr istəyirəm və Azərbaycan tərəfinə də efirdə söz verməyə hazıram”. 

***

O vaxtdan çox sular axıb, çox şey dəyişib. Azərbaycan 2023-cü ilin payızında Qarabağ bölgəsində birgünlük antiterror əməliyyatı ilə suverenliyini və ərazi bütövlüyünü tam bərpa edib. Həmin parlaq əməliyyatın nəticəsində David Babayan və Qarabağ xuntasının digər rəhbərləri Bakıya gətirildi. İndi onların hamısı təqsirləndirilən şəxs qismində mütəmadi olaraq Bakı Hərbi Məhkəməsində ifadə verir, Qarabağ separatçılarına İrəvandan hansı siyasi, maliyyə və hərbi yardımların göstərildiyindən “ağızdolusu” danışırlar.

İndi belə məlum olur ki, Solovyov dörd il əvvəlki üzrxahlığında səhvinin bütün dərinliyini dərk etməyib. Maraqlıdır ki, ötən illər ərzində ABŞ və Aİ-nin sanksiya siyahısına düşən, Komo gölündəki villasını itirən David Babayan daha Solovyovun yadına düşmür. Amma, o, Azərbaycanla bağlı yenidən və təkrar siyasi səhv edir. Deməli, bu dəfə teleaparıcı “Villa la Pomet Solovyov”un keçmiş sahibi, İrəvanda saxlanılan erməni əsilli rusiyalı iş adamı Samvel Karapetyanın müdafiəsinə qalxıb. Ona vəkillik etmək xəyalına düşərək, isterik şəkildə “Paşinyan Artsaxı təslim edib” və “Ermənistanı da Artsaxın taleyi gözlədiyini” bəyan edib.

Küləyin səmtini səhv salan Solovyovun “unikallığı” ondadır ki, erməni sifarişçilərinin ona verdiyi “qiymət” Rusiyada deyil, Kiyevdə razılaşdırılır. Onu təkcə Ukraynada deyil, hər yerdə yaxşı tanıyırlar və münasibət də əxlaqına adekvatdır. Yəni, bilirlər ki, o, pul xatirinə istənilən yalanı tirajlamağa hazırdır. Hamıya məlumdur ki, bu rus teleşou-işbazın erməni əsilli iş adamlarına çoxdan və zahirən “təmənnasız rəğbəti” var. Onun ətəyini yaladığı Ruben Vardanyan da bu gün Bakı məhkəməsində ifadə verir. Əslində, bu, Vladimir Solovyovun şəxsi məsələsidir. Onun kimə hansı tezlikdə və hansı sürətlə “informasiya xidməti” göstərməsinin müştərinin “səxavətindən” asılı olduğu məlumdur. 

Solovyov Rusiya federal telekanalının efirində Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə toxunan təxribat xarakterli növbəti bəyanatına görə mütləq cavab verməlidir. Hər şeydən göründüyü kimi, küləyə diş qıcırdıb tüpürdükləri növbəti dəfə üzünə qayıdan siyasi teleşoumen yenə etiraf–üzrxahlıq çıxışı etməli olacaq.

İ.HƏSƏNQALA XQ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
10
1
xalqqazeti.az

2Sources