EN

Azərbaycanın quru sərhədləri ilə bağlı siyasət özünü tam doğrultdu...


Heç şübhəsiz, indi bütün dünyanın diqqəti Yaxın Şərqə yönəlib. İran-İsrail münaqişəsinin taleyi bütün dünyaya təsir edəcək. Proses Azərbaycanda da diqqətlə izlənir. Bu fonda rusiyalı politoloq Yevgeni Mixaylov bildirir ki, hərbi münaqişə şiddətlənərsə, Azərbaycan çox çətin günlər keçirəcək:

“Qaçqınlara diqqət etmək lazımdır, bu, həqiqətən də çox ciddi bir vəziyyətdir. İstənilən halda Bakı neytral mövqe tutmalıdır və üstəlik, İranla bəzi ziddiyyətlərə və İsraillə dostluğa baxmayaraq, münaqişə ilə bağlı mövqeyini ifadə etmək hələ də Bakının maraqlarına uyğun deyil. Bu, Türkiyənin də maraqlarına uyğun gəlmir. Baxmayaraq ki, Türkiyə yüksək səslə açıqlama verir.

Beləliklə, vəziyyət sadə deyil və bu, bütün Yaxın Şərqin alov içində qalmasına səbəb ola bilər. Pakistan nüvə silahına malikdir və İrana hücum edilərsə, Pakistan İsrailə hücum edəcəyi barədə mövqeyini artıq bəyan edib. Ona görə də indi Azərbaycan rəhbərliyi sağlam düşüncəni qorumağa davam etməli və öz təhlükəsizliyinə daha çox diqqət yetirməlidir. Çünki İsrail beynəlxalq ictimaiyyətə göstərdi ki, indi qaydalar yoxdur. Bugünün dostu sabah dost olmaya bilir. Hazır olmaq lazımdır. Ermənistanı da silkələyəcəklər. Şübhə etmirəm ki, İran məğlub olsa, vəziyyət Cənubi Qafqaza çox ciddi təsir edəcək. Gürcüstan da silkələnməyə başlayacaq”. Bunlar fonunda ekspertlər hesab edir ki, Azərbaycanın quru sərhədlərini bağlı saxlaması düzgün addımdır. Ümimiyyətlə, İsrail və İran arasında artan gərginlik bölgədə genişmiqyaslı humanitar fəlakət təhlükəsini gündəmə gətirib. Bildirilir ki, münaqişə minlərlə insanın Türkiyə və Pakistan, eləcə də Azərbaycana doğru miqrasiyası ilə nəticələnə bilər. Elə deputat Azər Allahverənov da bildirir ki, münaqişə zonasındakı əməliyyatların miqyası artdıqca, mülki əhali ilk növbədə daha təhlükəsiz ərazilərə, eləcə də qonşu ölkələrə üz tutur: “Yaxın Şərqdəki hərbi münaqişələr göstərdi ki, həmin bölgələrdə yaşayan insanlar çevik miqrasiya davranışına malikdirlər. İran-İsrail qarşıdurması da bu qəbildəndir. Burada yaşayan çox sayda insan başqa ölkələrə sığınmaq istəyir. Belə qaçqın axınlarının istiqaməti əsasən Türkiyə, Pakistan və Azərbaycan ola bilər. Rəsmi İslamabad artıq İranla sərhədin bağlanması barədə qərar verib. Bu o deməkdir ki, axın xüsusilə Türkiyəyə yönələcək. Həmin şəxslər sonrakı mərhələdə bu ölkə üzərindən Avropa ölkələrinə üz tuta və sığınmağa cəhd edə bilərlər. Azərbaycan da bu axından kənarda deyil. Bu, humanitar böhrana gətirib çıxara bilər. Hazırda İranla quru sərhədlərimiz bağlıdır. Bu qərar ölkənin təhlükəsizliyini təmin etmək məqsədini güdür”. Ümumiyyətlə, ölkəmiz hadisələrin indiki məcrada inkişafının mümkünlüyü hələ xeyli öncədən proqnozlaşdıra bilib. Xatırladaq ki, prezident İlham Əliyev ADA Universitetində ötən il keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” adlı beynəlxalq forumda Polşanın Şərq Tədqiqatları Mərkəzinin baş elmi işçisi Voijeç Goreçkinin sualını cavablandırarkən bununla bağlı qeyd edib: “Ətrafımızda qeyri-sabitliyin müxtəlif sahələrini görürük. Quru sərhədinin bağlı saxlanması qərarı COVID səbəbi ilə verilib. Biz hələ də formal olaraq karantin mərhələsindəyik, amma, eyni zamanda, açıq deməliyik ki, sərhədlərin bağlı qalması qərarı təkcə buna əsaslanmır. Biz indi görürük ki, artıq bir müddət keçdikdən sonra sərhədlərin bağlı olması Azərbaycanda təhlükəsizliyi gücləndirib. Əvvəlki dövrlərdə belə hallar çox olub, bəziləri açıqlanıb, digərlərini ictimaiyyətləşdirməmişik. Kənardan ciddi təhlükə və problemlərlə üzləşirdik… Amma Prezident, milli təhlükəsizlik məsələləri ilə gündəlik məşğul olan bir şəxs kimi deyə bilərəm ki, biz sərhədlərimizi bağladıqdan sonra milli təhlükəsizliyimiz üçün çox böyük faydalar gördük və bu reallıqdır. Bəli, insanlar bunu nəzərə almalıdırlar. Biz başa düşürük ki, Azərbaycanda insanlar üçün, eləcə də qonşuluğumuzda yaşayan azərbaycanlılar və başqa millətlər üçün narahatlıq var, lakin milli təhlükəsizlik bütün digər hisslərdən və ya bütün digər səbəblərdən üstün olmalıdır. Xüsusən də şimal sərhədimizdə müharibə, cənub sərhədimizdə böhran olduğu bir vaxtda. Ətrafda isə yağışdan sonra göbələk kimi yaranan yeni münaqişə zonası var və mən hesab edirəm ki, Azərbaycan xalqı bunu başa düşür”. Dövlət başçısı VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında bu xüsusda bildirib: “Mən tam əminliklə deyə bilərəm ki, son illər ərzində quru sərhədlərimizin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas etdi. Hətta bu gün – sərhədlər bağlı olan vaxtda təhlükəli hərəkətlər aparılır və bu hərəkətlərin qarşısı alınır”.

Sərhədlərin bağlı olmasına baxmayaraq, ölkəmiz öz ərazisindən humanitar əsaslarla istifadəyə də hər cür şərait yaradır. Məsələn, İranda yaranmış məlum vəziyyətlə bağlı bu ölkəni tərk etmək məcburiyyətində qalan əcnəbi vətəndaşların Azərbaycandan keçməklə öz ölkələrinə yola salınması prosesi son günlərdə intensiv xaraker alıb. Artıq 17 ölkədən 600-dən çox şəxs Astara dövlət sərhədindəki buraxılış məntəqəsindən ölkəmizə keçiblər. Onu da xatırlatmaq lazım gəlir ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ölkənin quru sərhədləri cari ilin iyulun 1-dək bağlı elan olunub. Lakin ətrafımızda baş verən hadisələr fonunda bu müddətin növbəti dəfə uzadılması gözləniləndir. Proseslər Azərbaycanın bu müstəvidə düzgün siyasət yürütdüyünü göstərir. Ümumiyyətlə, bu gün Azərbaycan, sözün əsl mənasında, sabitlik adası kimi xarakterizə olunur. Təsadüfi deyil ki, beynəlxalq reytinq agentliklərinin hesabatlarında da ölkəmizdə hökm sürən etibarlı sabitlik mühiti öz əksini tapır və yüksək qiymətləndirilir. Hazırda dünyada yaşanan gərginliklər fonunda sabitlik hər bir ölkə üçün böyük aktuallıq daşıyır.

Nahid SALAYEV

Chosen
7
baki-xeber.com

1Sources