EN

“Sabah”ın sabahı haqda futbol monoloqu

Sabah ümid gətirir, sabah inam gətirir… Gün doğur, sabah açılır, həyat qaynayır, zəhmət çəkilir – nəticə, bərəkət ərsəyə gəlir.

Azərbaycan futbolunun batmış Günəşi mənzərəsində “Sabah”ımıza böyük ümidimiz vardı. Amma “Sabah”da nə zəhmət çəkilir, nə həyat qaynayır… Demək nəticəmiz də olmayacaq. Niyə? Əvvəla ona görə ki, qarşıdakı iyul ayına qədər “Çelye” ilə avrokubok oyununa ciddi hazırlaşmağın gərək olduğunu başa düşmək üçün böyük təhlilçi dühasına malik olmağa ehtiyac yoxdur. Bu ciddi sınaq ərəfəsində baş məşqçisinin istefası ilə üzləşmiş “Sabah”, Sloveniya klubunu öz qarşısında dəryazı çiynindəki Əzrayıl kimi görə bilər artıq. Görünür “Sabah”da iş görmürlər, zəhmət çəkmirlər, rəhbərliyin “qara gün” üçün strateji təxmini və bu təxminə müvafiq fəaliyyət planı yoxdur.

Dərd gələndə, batmanla gələr, deyiblər atalarımız. “Sabah”ın “dərdi” Vasili Berezutskinin gedişi ilə gəlib, ardınca da batmanla dərdlər gətirəcək. Məgər klub rəbərliyi müvafiq hallara hazır olmağın peşəkarlıq göstəricisi olduğunu bilmir? Bu, səriştəsiz idarəçilikdir, futbolun necə işlədiyi haqda təsəvvürə malik olmamaqdır. Hələ qismət olsa, üç həftəyə “Sabah”ı sabaha çıxarmağa iddialı olacaq məşqçinin kimliyi də şübhə doğurur. Kim bu yükün altına çiyin vermək əzmindədirsə, həmin mütəxəssisin nə səmimiyyətinə, nə də peşəkarlığına inanmağa dəyər. Niyə? Çünki Avropa müstəvisində oyunu bir-iki qələbə xatirinə oynamırlar, görünür, “Sabah”da, avrokuboklardakı komandalarımızın bayraqdar olduqları gerçəyini anlamırlar. Biz Azərbaycanı təmsil edirik, yenə daramdağınla azarkeşləri üzməyə, futbolumuzun sabahına olan inamı bir daha öldürməyə adətkarıq, amma sabah “Sabah” “Çelye”yə üç həftəlik yeni baş məşqçi ilə uduzacaqsa, ona bunun Azərbaycan futboluna hansı xeyri var?

Ay “Sabah”ın sükanı arxasına keçəcək mütəxəssis, futbolumuzun sabahına hansı töhfəni verəcəksiniz? Yoxsa bir müddət işləyib, əməkhaqqınızı alıb “köhnə hamam – köhnə tas”la qoyacaqsınız bu azarkeşləri?

Ay “Sabah” rəhbərliyi, siz üç həftəlik məşqçidən hansı uğuru gözləyirsiniz? “Çelye”ni keçməyi, yoxsa ən azı “Qarabağ” qədər iddialı kluba çevrilməyi, bayrağımızı şərəflə daşımağı?

Bu gündən baxanda, “Sabah”ımız heç də yaxşı görünmür. Görəsən, klub rəhbərliyi “Sabah”la bağlı nə dərəcədə ümidlidir?

Pərviz Ağayev

Chosen
2
arena.az

1Sources