Kəklikotu çayı nanə ailəsinə mənsub olan kəklikotu bitkisindən hazırlanır və qədim dövrlərdən bəri təbii müalicə vasitəsi kimi istifadə olunur. Xüsusilə immuniteti gücləndirməsi və viruslara qarşı qoruyucu təsiri ilə son dövrlərdə məşhurlaşan bu bitki çayı sağlamlıq üçün bir çox üstünlüklərə malikdir.
Pravda.az kəklikotunun faydalarını təqdim edir:
İmmunitet gücləndirici təsir: Antibakterial və antiviral xüsusiyyətləri ilə virus, mikrob və bakteriyalara qarşı qoruyucu təsir göstərir.
Sinir sistemini sakitləşdirir: Karvakrol adlı maddə sayəsində stres və gərginliyi azaldır.
Öskürəyə qarşı faydalıdır: Boğazı yumşaldır, bronxit və quru öskürəyi yüngülləşdirir.
Aybaşı sancılarını azaldır: Spazmları rahatladaraq qadınlarda menstrual dövrdə ağrını azalda bilər.
Təzyiq və xolesterola qarşı müsbət təsir: Təzyiqi tənzimləyir, pis xolesterolun səviyyəsini azaldır.
Həzmə kömək edir: Qaz, köp və həzm problemlərinə qarşı faydalıdır.
Arıqlamağa dəstək olur: Metabolizmanı sürətləndirərək yağ yandırılmasını təşviq edir.
Revmatizm ağrılarını yüngülləşdirir: Xüsusilə ayaqlarda ağrıları və burxulmaları azaltmağa kömək edir.
Ağız sağlamlığını qoruyur: Qarqara şəklində istifadə edildikdə diş ətlərini qoruyur, ağız qoxusunu azaldır.
Bağırsaq sağlamlığına töhfə: Kəklikotu çayı, kolon xərçəngi riskini azaltmağa kömək edən maddələr ehtiva edir.
Necə hazırlanır?
Bir fincana 2 çay qaşığı doğranmış təzə kəklikotu əlavə olunur, üzərinə qaynar su tökülür və 10 dəqiqə dəmlənir. Dadı acı olanlar üçün bal və ya limon əlavə oluna bilər. Kəklikotu birbaşa qaynadılmamalıdır, çünki faydalı maddələr itə bilər.
Gündəlik istehlak miqdarı:
Gündə 1-2 fincan kifayətdir. Artıq miqdarda içmək allergiya və ya digər yan təsirlərə səbəb ola bilər.
Kimlər içməməlidir?
Qan durulaşdırıcı dərman istifadə edənlər
Mədə xorası və qastrit problemi olanlar
Kəklikotu və nanəyə qarşı allergiyası olan şəxslər
Yan təsirləri:
Qan durulaşdırıcı təsiri səbəbilə qanaxma riskini artıra bilər. Təzyiq dərmanları ilə birlikdə istifadə olunduqda ani təzyiq düşməsinə səbəb ola bilər. Əməliyyatdan öncə və sonra istifadəsi təhlükəli ola bilər.
Hamilələrə tövsiyə edilirmi?
Xeyr. Erkən doğum riskinə görə hamiləlik dövründə həkim məsləhəti olmadan kəklikotu çayı içilməsi tövsiyə edilmir.
Qeyd: Kəklikotu çayı təbii gücləndirici olsa da, düzgün miqdarda və mütəxəssis məsləhəti ilə qəbul olunmalıdır.
Əminə Bayramova