ain.az, futbolpress-az portalına istinadən məlumat verir.
“Araz-Naxçıvan” Konfrans Liqasının II təsnifat mərhələsində Yunanıstanı təmsil edən “Aris”lə qarşılaşacaq.
Saloniki komandası Yunanıstan Super Liqasında mövsümü 5-ci sırada bitirib və turnirə vəsiqə qazanıb. İkinci “dördlük”də mübarizə aparan “Aris” ən yaxın izləyicisi “Asteras”ı 8 xal qabaqlayıb.
“Transfermarkt”da dəyəri 28,75 milyon avro olan “Aris” Yunanıstanın orta səviyyədə klublarından sayılır. 1914-cü ildə əsası qoyulan klub tarixində 5 kubok qazanıb. 3 dəfə Yunanıstan çempionatının qalibi olan “Aris” 1 dəfə ölkə kubokunu qazanıb. Saloniki təmsilçisi 1997/98 mövsümündə isə II Liqada çempionluq yaşayıb. Komandanın əsas uğurları ötən əsrin əvvəllərinə aiddir. Son illərdə durğunluq yaşayan və “Olimpiakos”, PAOK, “Panatinaikos” kimi komandalarla rəqabət apara bilməyən “Aris” ortabab kluba çevrilib. Komandanın son titulu da məhz II Liqa çempionluğudur.
Rəngləri sarı və qara olan “Aris” ev oyunlarını 22 800 nəfərlik tutumu olan “Xarilau” stadionunda keçirir. Arenanın əsası 1951-ci ildə qoyulub. Klub olaraq müxtəlif idman yarışlarında təmsil olunan “Aris” ölkəsində daha çox basketbolu ilə ön plana çıxır. 10 dəfə Yunanıstan çempionu olan basketbol üzrə “Aris” komandası ölkənin bu sahədə ən titullu komandalarındandır.
Yunanıstan təmsilçisinə Marinos Ozunidis rəhbərlik edir. O, 2024-cü ilin dekabrından komandanın sükanı arxasındadır. Əsasən 4-2-3-1 taktiki sxemindən istifadə edən mütəxəssis komandanı 18 matça çıxarıb. “Aris” bu görüşlərdə 9 qələbə qazanıb, 5 heç-heçə edib, 4 dəfə uduzub. Komandanın ən dəyərli oyunçusu Monçudur. İspaniyalı yarımmüdafiəçi 2024-cü ildə “Valyadolid”dən 3,6 milyon avro qarşılığında transfer edilib. Monçu “Barselona”nın yetirməsidir. Ümumiyyətlə, ispanlar komandada çoxluq təşkil edir. “Aris”in heyətində 27 legioner var ki, onlardan 9-u ispandir. Çexiya, Ekvador, İsveç, Seneqal, Braziliya, Mərakeş, Danimarka və s. ölkədən olan əcnəbilər də var.
“Aris” Yunanıstan çempionatının ortabablarından sayılsa da, heyətində bir çox tanınmış futbolçu da yer alır. Çexiya millisinin üzvü Vladimir Darida, Danimarka yığmasının keçmiş futbolçusu Pione Sisto, İsveç yığmasında top qovmuş Qobin Quayson kimi oyunçular bu sıraya aiddir.
“Aris” ilə “Araz-Naxçıvan” arasındakı ilk oyun iyulun 24-də Bakıda, cavab görüşü isə bir həftə sonra Yunanıstanda olacaq.
Şahin Cəfərov
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.