Bu medallar bəzən pul qarşılığında təqdim olunur. İctimai nüfuzun sui-istifadəsi halları müşahidə olunur
“Müharibə iştirakçısı olmayanlara da müharibə medalları verilir. QHT-lər müharibə iştirakçılarını yoxlamaq imkanına malik deyillər”
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi III sektor təmsilçilərinə xəbərdarlıq edib. Agentlik bəyanat yayaraq, bəzi qeyri-hökumət təşkilatlarının qanunvericiliyə zidd şəkildə orden və medallar təsis etməsi hallarına münasibət bildirib. Vurğulanıb ki, son zamanlar bir sıra QHT-lərin yenidən özlərindən orden və medallar təsis etməsi və müxtəlif şəxsləri, xüsusilə şəhid ailələrinin üzvlərini, o cümlədən vəzifəli şəxsləri, dövlət məmurlarını bu orden və medallarla təltif etmək istəməsi barədə siqnallar gəlir. Təkrarən bəyan edilib ki, "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Qanunun 3-cü maddəsinə əsasən, orden və medal - vətəndaşlara xüsusi xidmətlərə görə dövlət tərəfindən verilən təltifdir. Yəni bu Qanundan başqa digər normativ hüquqi aktlarda orden və medallar (o cümlədən “orden” və ya “medal” ifadəsindən hər hansı mənada istifadə edilməklə) təltif növü kimi təsis oluna bilməz. Agentlik bu cür fəaliyyətlə məşğul olan QHT-ləri məsuliyyətə dəvət edib: "İctimaiyyəti diqqətli olmağa çağırır, bu cür əməllərlə məşğul olan QHT-ləri qanunla qadağan olunan fəaliyyətdən çəkinməyə, məsələnin hüquqi məsuliyyətini dərk etməyə dəvət edirik". Qeyd edək ki, təltifatlardan sui-istifadə halları və bununla bağlı narazılıq dəfələrlə gündəmə gətirilib.
"İnformasiya və Sosial Təşəbbüslərə Dəstək" İctimai Birliyinin sədri, "QHT.az" saytının rəhbəri Cəsarət Hüseynzadə Sherg.az-a açıqlamasında bildirib ki, Agentliklə yanaşı, ölkənin aparıcı QHT-ləri də daim çağırış edirlər ki, bir sıra qeyri-hökumət təşkilatlarının bəzi orden-medallar təsis etməsi və təltifatları həm hüquqi baxımdan düzgün deyil, həm də ictimai baxımdan narazılıq və çaşqınlıq yaradır. QHT rəhbəri vurğulayıb ki, "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Qanun 1992-ci ildə qəbul edilib. O zaman həmin qanunda orden və medalların təsis edilməsi ilə bağlı hansısa qadağa yox idi:
"2010-cu ildə sözügedən qanuna üçüncü maddə əlavə olundu və bununla orden və medalların təsis olunması mövcud qanunvericiliyə uyğunlaşdırıldı. Problem ondadır ki, 2010-cu ilədək qeydiyyatdan keçən bəzi QHT-lərin nizamnaməsində onların orden və medal təsis etməsi ilə bağlı xüsusi müddəa var idi. Bəzi QHT-lər məhz nizamnamənin həmin maddəsinə əsaslanaraq müxtəlif orden və medallar təsis ediblər. Ancaq Azərbaycan qanunvericiliyi istənilən təşkilatın daxili nizamnaməsindən üstündür. Hər bir təşkilat öz nizamnaməsini milli qanunvericiliyə uyğunlaşdırılmalıdır. Hansısa QHT-nin nizamnaməsi ona hüquq vermir ki, orden və medal təsis etsin. Məsələnin hüquqi tərəfi belədir".
C.Hüseynzadənin qənaətincə, bəzi QHT-lərin müxtəlif adlar altında orden və medallar təsis etməsi, xüsusi adlardan istifadəsi cəmiyyətdə yanlışlığa, çaşqınlığa səbəb olur:
"Bəzi şəxslər elə zənn edir ki, sanki həmin orden və medallar dövlət tərəfindən verilib. Hətta bəzən bu cür təltifatların müəyyən maliyyə qarşılığında verilməsi də gündəmə gətirilir. Müəyyən təltiflərdə ölkə başçısının fotosundan və s. məqamlardan istifadə olunur. Bəzi təltiflərin verilməsi həm də ictimai nüfuz məsələsidir. Müharibədən sonra bəzi təşkilatlar müxtəlif orden və medallarla müharibə iştirakçılarını, hətta bir sıra hallarda savaş iştirakçısı olmayanları da müxtəlif medallarla təltif edirdilər. Halbuki, QHT-lərin hansısa vətəndaşın Vətən müharibəsində iştirak edib-etməməsini yoxlamaq, araşdırmaq üçün əlində imkanı, resursu yoxdur. Nəzərə alaq ki, bəziləri öz medallarını dövlət təltifatı kimi təqdim edirlər. Ona görə də bir qrup şəxsin təltif olunması digər şəxslər arasında qıcıq yaradır. Bu, istər-istəməz narazılıq, inciklik yaradır və təbii ki, heç də yaxşı nümunələr deyil".
Cəsarət Hüseynzadə diqqətə çatdırıb ki, həm QHT-lərə Dövlət Dəstəyi Agentliyi, həm də digər müvafiq qurumlar mütəmadi çağırışlar edirlər ki, qeyri-hökumət təşkilatları bu məsələyə ciddi yanaşsınlar:
"Ancaq eyni zamanda beynəlxalq praktikaya əsasən onun da tərəfdarıyıq ki, QHT-lərin müəyyən təltifləri hazırlaması, monitorinqlərin və qiymətləndirmənin aparılması onların fəaliyyətinin tərkib hissəsidir. Bu, cəmiyyətdə bir növ qiymətləndirmə imkanlarını artırır".