Yenisabah portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Bu gün Xalq artisti Ağahüseyn Cavadovun anım günüdür.
Yenisabah.az onun həyatına işıq salır.
Ağahüseyn Xəlil oğlu Cavadov 22 aprel 1894-cü ildə Xırdalan kəndində anadan olub. O, ilk təhsilini mollaxanada alıb. Ancaq anası Hürmət xanım oğlunun din xadimi deyil, savadlı olmasını çox istəyirmiş. Elə Ağahüseyn Cavadovun da teatra və səhnəyə ciddi marağı var imiş. O, imkan tapan kimi gedib tamaşaları izləyirmiş.
Oğlunu savadlı insan kimi görmək istəyən Hürmət xanım onu mollaxanadan çıxardıb Bakıdakı "Səadət" məktəbinə qoyur. Ağahüseyn Cavadov 1919-cu ildə həmin məktəbi bitirir, ancaq maddi vəziyyətləri ona təhsilini davam etdirməyə imkan vermir və ailəsini dolandırmaq üçün bir müddət tacir yanında işləməyə məcbur olur.
Ağahüseyn Cavadov sənətə Tənqid-Təbliğ Teatrında başlayıb. 1920-ci ildən səhnə fəaliyyətinə başlayan aktyor "Çin tanrısı", "Fırtına", "Ovod", "Anamın kitabı", "Qanlı səhra", "Bəxtsiz cavan", "Paris Noterdam kilsəsi", "Romanovların son günləri", "Namus" tamaşalarında oynayıb.
1920-ci ildə Azərbaycan Hərbi Komissarlığının Siyasi İdarəsinin yaratdığı teatrın Azərbaycan bölməsində aktyor kimi fəaliyyətə başlayır. Bölməyə Sidqi Ruhulla rəhbərlik edirdi. Ağahüseyn Cavadov həmin teatrda səhnəyə qoyulan bir çox tamaşalarında oynayaraq, fərqli obrazlar yaradır.
Tamaşaçılar onu daha çox yaratdığı komik obrazlarla yadda saxlayıb. Ağahüseyn Cavadov üçün rolun böyüyü-kiçiyi olmayıb. O, unikal oyun üslubu, özünəməxsus dəst-xətti, bənzərsiz ifaçılığı ilə tamaşaçıların könlündə taxt qurub.
O, 1938-ci ildə yenicə təşkil edilmiş Azərbaycan Dövlət Musiqili Komediya Teatrına dəvət olunur. Cavadov burada "Ər və arvad", "Əlli yaşında cavan", "Beş manatlıq gəlin", "Arşın mal alan", "Toy kimindir", "Evli ikən subay" tamaşalarında oynayır. Onun "Bəxtiyar", "O olmasın, bu olsun", "Bir qalanın sirri", "Qızmar günəş altında", "Sehirli xalat", "İstintaq davam edir", "Şərikli çörək", "Əhməd haradadır?" filmlərində yaratdığı rolları kino tarixinin qiymətli obrazlarıdır. O, ömrünün 60 ildən çoxunu səhnəyə vermiş və 200-dən artıq səhnə obrazı yaratmışdı.
Ağahüseyn Cavadov 1931-ci ildə respublikanın Əməkdar artisti, 1938-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.
Aktyor müsahibələrinin birində öz yaradıcılığı haqqında deyir: "İstedad anadangəlmə olur. Elə ilk dəfə səhnəyə çıxanda başa düşdüm ki, teatra həvəs göstərmək, istedad azdır. Sənətdə qalmaq üçün özünə qarşı yüksək tələbkarlıq və işdə inad göstərmək də vacibdir. Səhnədə mənim müəllimlərim Sidqi Ruhulla, Mirzağa Əliyev və Hacıağa Abbasov oldular. Onlar mənə rol üzərində işləməyi, bu sənətin ifadə vasitələrindən peşəkarcasına istifadə etməyi öyrətdilər".
A.Cavadovla bağlı bir çox maraqlı hadisələr də xatırlanır. Məsələn, teatrşünas İlham Rəhimli “Səhnəsiz gülüş” kitabında olmuş bir əhvalatdan yazır:
“Akademik Milli Dram Teatrında rejissor Mehdi Məmmədovun quruluşunda Mehdi Hüseynin “Alov” pyesinin tamaşası oynanırmış. Fasilədə aktyorlar bufetdə çay içirlərmiş.
Tamaşadakı Bədəl rolunun ifaçısı, Xalq artisti Mustafa Mərdanov taxma bığ ona mane olduğu üçün çıxarıb yanına qoyur. İkinci pərdə başlayır. Gedəndə bığı götürməyi unudur.
Xalq artisti Ağahüseyn Cavadov da onunla birgə süfrə arxasında oturubmuş. O, Mustafa Mərdanovun bığı yaddan çıxardığını görür, ancaq bir söz demir.
Onlar səhnəyə çıxhaçıxda Ağahüseyn Cavadov istehza ilə gülərək deyir:
- Mustafa, bığın qaldı bufetdə. Mehdi müəllim səni bığsız görüb alnına yağlı töhmət yapışdıracaq.
Mustafa Mərdanov özünü itirmir. Baxır Ağahüseyn Cavadovun üzünə və qəfildən onun taxma bığını qoparıb tez yapışdırır özünün bığ yerinə. Cəld addımlarla səhnəyə gedir.
Ağahüseyn Cavadov çaşbaş qalır. Əvvəlki, epizodlarda onu bığlı görmüş tamaşaçılarda gülüş doğuracağından qorxub səhnəyə də çıxmır.
Səhəri gün teatrın bildiriş və elanlar lövhəsində “Alov” tamaşasının gedişində səhnə etikasını pozduğuna görə xalq artisti Ağahüseyn Cavadova şiddətli töhmət verilsin” elanı asılır”.
Ağahüseyn Cavadov həm də nümunəvi ailə başçısı olub. Onun həyat yoldaşı Surat xanımla nikahından 7 övlad - 3 qız və 4 oğlan doğulub. Övladlarından birini erkən yaşda itirən Cavadovlar digər 6 uşağı böyüdüb, boya-başa çatdırıb, hamısını ev-eşik sahibi ediblər.
Həyat yoldaşı 57 yaşında dünyadan köçsə də, A.Cavadov ikinci dəfə evlənməyib.
Aktyor 19 iyun 1981-ci ildə Bakıda vəfat edib və İkinci Fəxri Xiyabanda dəfn olunub.
Aydan Hacıbalazadə
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.