Azərbaycan Prezidenti “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu təsdiq edib. Dünən təsdiq olunan dəyişikliklərə əsasən, daha tez pensiya çıxan vətəndaşlarımızın pensiyaları güzəşt müddətində dövlət büdcəsi hesabına ödəniləcək. Yəni, çox uşaqlı ailələrdə güzəştli şərtlər ilə qadınlar, bəzi hallarda isə atalar 5 il tez pensiyaya çıxırlar. Bu hallarda analar 59, atalar isə 60 yaşda pensiyaya çıxa bilirlər. Həmin vətəndaşlarımızın güzəştli şərtlər ilə pensiya aldıqları müddətdə ödənişləri artıq dövlət büdcəsindən ödəniləcək.
“Təsdiq olunan digər dəyişiklik mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin pensiya hüququ ilə bağlıdır. Bu sahədə işləyən şəxslərin pensiya hüququnun təmin olunması üçün bəzi əsaslar Azərbaycan Respublikası Nazirlər Kabinetinin müxtəlif qərarları ilə müəyyən edilir. Bu hüquqi əsasların vahid qanunvericilik sisteminə uyğunlaşdırılması səbəbindən “Əmək pensiyaları haqqında” Qanunun 22.3-cü maddəsi ilə müəyyən olunan qaydaların tətbiqi həmin Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə əvəz edildi. Bu dəyişikliklər pensiya təminatı sistemində dövlət öhdəliklərinin müəyyən olunması ilə xüsusi sosial müdafiə və güzəştli pensiya hüquqlarına malik olan şəxslərin sosial rifahının gücləndirilməsinə, eləcə də qanunvericilik aktlarının unifikasiyasına yönələrək dayanıqlı pensiya təminatı sisteminin formalaşmasına xidmət edəcək.
Bu dəyişikliklər pensiyaların ödənilməsində maliyyə təminatının genişləndirilməsi və fiskal dayanıqlığın gücləndirilməsi baxımdan vacibdir. Bu dövlət büdcəsi ilə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) maliyyə öhədliklərinin dəqiqləşdirilməsinə xidmət edir”.