Səhiyyə Nazirliyinin tapşırığı əsasında Analitik Ekspertiza Mərkəzində işçi qrup yaradılmış və “Mərcan” klinikasında plandankənar yoxlama həyata keçirilmişdir.
Bu barədə News24.az-a AEM-dən bildirib.
Qeyd olunub ki, daha əvvəl keçirilmiş yoxlamalar zamanı aşkar olunmuş qanun pozuntuları səbəbindən “Mərcan” klinikasının cərrahiyyə əməliyyatları aparmaq hüququ dayandırılmış, yəni lisenziyasının fəaliyyəti məhdudlaşdırılmışdır. Lakin buna baxmayaraq, plandankənar yoxlama zamanı klinikada cərrahiyyə əməliyyatlarının icrasının davam etdirildiyi müəyyən edilib.
Aşkarlanmış faktla bağlı Analitik Ekspertiza Mərkəzi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinə əsasən protokol tərtib edilərək aidiyyəti üzrə hüquqi tədbirlərin görülməsi üçün təqdim olunub.
İXM-in 215.1-ci maddəsinə əsasən, lisenziyada nəzərdə tutulmayan tibb fəaliyyətinin həyata keçirilməsinə görə:
– fiziki şəxslər 300 manatdan 500 manatadək,
– vəzifəli şəxslər 800 manatdan 1000 manatadək,
– hüquqi şəxslər isə 6000 manatdan 8000 manatadək məbləğdə cərimə edilə bilər.
Bundan əlavə, yoxlama zamanı həkim Nigar Məhəmmədovanın müvafiq sertifikasiyadan keçmədən plastik cərrah fəaliyyəti göstərdiyi faktı da aşkar edilib. Bu fakta görə İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə protokol tərtib olunub və müvafiq orqanlara təqdim edilib.
İXM-in 215.4-cü maddəsinə əsasən, sertifikasiyadan keçməyən şəxslərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına görə:
– vəzifəli şəxslər 800 manatdan 1000 manatadək,
– hüquqi şəxslər isə 6000 manatdan 8000 manatadək məbləğdə cərimə edilə bilər.
Məlumat üçün bildiririk ki, qeyd olunan ölüm faktı hüquq-mühafizə orqanlarının araşdırma səlahiyyətindədir və bu məsələ müvafiq qaydada həmin qurumlar tərəfindən araşdırılır.
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi vətəndaşlara müraciət edərək bildirir ki, özəl tibb müəssisələrində rast gəlinən qanunsuz hallarla və ya şikayətlərlə bağlı aşağıdakı əlaqə kanalları vasitəsilə məlumat verə bilərlər:
• Qaynar xətt: (012) 596 05 20
• Elektron poçt: [email protected]
• Rəsmi veb-sayt: www.pharma.az – “Müraciət” bölməsi
Daxil olan müraciətlər hərtərəfli araşdırılır və zərurət yaranarsa, qeyd olunan tibb müəssisəsində və ya aptek təşkilatında plandankənar yoxlama aparılması barədə qərar qəbul edilir.