Bolqarıstan hökuməti tərəfindən həyata keçirilmiş təxliyə əməliyyatı nəticəsində İranda yaşayan bolqar vətəndaşları ölkədən çıxarılıblar. Qərar təhlükəsizliklə bağlı verilmiş rəsmi xəbərdarlıqdan sonra qəbul edilib.
Moderator.az-ın "B TV Novinite" portalına istinadla məlumatına görə, bu barədə ölkənin Baş naziri Rosen Jelyazkov bəyan edib.
Onun sözlərinə görə, ümumilikdə 17 nəfər İranı tərk edib. Onlardan 12-si Bolqarıstanın İrandakı səfirliyinin əməkdaşları, beş nəfər isə sıravi vətəndaşlardır. Onlar səfirlik konvoyuna qoşularaq ölkəni tərk ediblər.
Təxliyə konvoyu Tehrandan Azərbaycanla sərhədə qədər 10-dan çox nəqliyyat vasitəsilə hərəkət edib.
Təxminən altı saat davam edən səfərdən sonra sərhəddə əlavə altı saat gözləmə olub. Bolqarıstan vətəndaşları bundan sonra Azərbaycana daxil olublar.
Bolqarıstan Xarici İşlər Nazirliyi bildirib ki, ölkənin İrandakı diplomatik fəaliyyəti müvəqqəti olaraq Bakıdan həyata keçiriləcək.
Xatırladaq ki, bu gün Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto sosial şəbəkə hesabında bəyan edib ki, ölkəsinin Tehrandakı səfirliyi müvəqqəti olaraq Azərbaycana köçürülüb.