EN

Yaxın Şərqdə İsrail qədər qeyri-sabitlik yaradan ölkə yoxdur - Böyük Britaniya mətbuatı

BAKI, TurkicWorld

Yaxın Şərqdə İsrail qədər qeyri-sabitlik yaradan ölkə yoxdur.

TurkicWorld xəbər verir ki, Böyük Britaniyanın nüfuzlu “The Guardian” qəzetində dərc olunan məqalədə İsrailin Fələstin və bölgədəki hərbi əməliyyatları sərt şəkildə tənqid olunub.

Məqalədə İsrailin Qəzzada hərbi cinayətlər törətdiyi, İrana qarşı səbəbsiz hücumlara başladığı və Qərb dövlətlərinin bu fəaliyyətlərə dolayısı ilə dəstək verdiyi vurğulanır.

Məqalə müəllifi, Yaxın Şərqdə İsrailin regional qeyri-sabitliyin əsas mənbələrindən biri olduğunu iddia edərək bildirir ki, “İsrail qədər terror və qarşıdurma yaradan ikinci bir ölkə yoxdur.”

“The Guardian”da yayımlanan yazıda İsrailin “Tehran nüvə silahı əldə edə bilər” arqumentini irəli sürərək İrana qarşı hərbi əməliyyatlara başladığı, lakin İsrailin özünün nüvə silahına sahib olduğu halda Nüvə Silahlarının Yayılmaması Müqaviləsini imzalamaqdan və Beynəlxalq Atom Enerjisi Agentliyinin yoxlamalarına açıq olmaqdan imtina etdiyi qeyd olunur.

Eyni zamanda, İsrailin Qəzzada soyqırım səviyyəsində hərbi hücumlar həyata keçirdiyi, İordan çayının qərb sahilində zorakılığı artırdığı, Livan, Suriya və Beyruta hava zərbələri endirdiyi bildirilib.

Məqalədə Qərb dövlətlərinin İsrailə açıq və ya dolayı dəstək verdiyi, bu dəstəyin isə Fələstin və İran xalqlarının həyatına az dəyər verilməsi düşüncəsinə əsaslandığı ifadə olunub.

"İsrailin hərbi əməliyyatlarına qarşı çıxanların isə tez-tez şeytanlaşdırıldığı" qeyd edilərək, Qərb mediasının Qəzzadakı insan tələfatını yetərincə işıqlandırmadığı tənqid olunub. Həmçinin G7 ölkələrinin “İsrailin özünü müdafiə hüququ var” mövqeyi də sərt ifadələrlə sual altına alınıb.

“Keçmişdə İraq və Əfqanıstanda edilən səhvlər indi yenidən təkrarlanır. Qətliamları tənqid edənlər deyil, onları görməzdən gələnlər yanlış yoldadır.” - deyə Məqalədə vurğulanır.

Qeyd edək ki, iyunun 13-də İsrail İranın müxtəlif şəhərlərindəki nüvə obyektləri və hərbi rəhbərlik mərkəzlərinə genişmiqyaslı hücumlar həyata keçirib. Hücumlar nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun rəhbərliyi, 9 nüvə alimi və 224-dən çox mülki və hərbi şəxs həyatını itirib. İran da cavab olaraq İsrailə ballistik raketlər atıb. Qarşılıqlı hücumlar nəticəsində İsraildə 24 nəfər ölüb, 500-dən çox insan yaralanıb.

Başda Türkiyə olmaqla, bir sıra ölkələr İsrailin bu hücumlarını sərt şəkildə pisləyib.

Chosen
5
turkic.world

1Sources