EN

Ən yüksək balı toplayan müəllim: Sertifikasiyanın "sirlərini" açdı

Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin ilk günü yekunlaşıb.

Sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi ölkənin 18 müxtəlif şəhər və rayonu üzrə ümumilikdə 39 imtahan mərkəzində təşkil edilib. 

Test imtahanında 2019 nəfər müəllim iştirak edib, 95 % davamiyyət qeydə alınıb. Qeyd edək ki, imtahanda iştirak edən müəllimlər yüksək bal toplamağa çalışırlar.

Bugünkü müsahibimiz Binəqədi rayon 103 nömrəli məktəbin riyaziyyat müəllimi Gülşən Şahverdiyeva ən yüksək nəticəni, 60 bal toplayan müəllimlərdəndir.

O, “Cebheinfo.az”-ın suallarını cavablandırıb.

Həmin müsahibəni təqdim edirik:

- Builki sertifikasiya imtahanının ilk iştirakçılarındansınız. Ümumiyyətlə, sertifikasiyanı necə dəyərləndirirsiniz?

- Sertifikasiyada kəsilmək məsələsi olduğuna görə müəllimlərdə bu həyəcana, stessə səbəb olur. Eyni zamanda maaşın artması, nüfuz kimi məsələlərlə də bağlı müəllim bu imtahanda həyəcan yaşayır. Müəllim orada həyəcan keçirib, stresi idarə etməyib bildiklərini belə, unuda bilər.

Ancaq imtahandan çox razı qaldım. Eyni zamanda “sertfikasiya çətindir, olmamalıdır” deyən müəllimləri də başa düşürəm. Özüm bir çox imtahanda iştirak etmişəm və heç bir imtahanda həyəcan keçirməmişəm. Heç MİQ (müəllimlərin işə qəbulu) imtahanında belə, məndə bu qədər həyəcan yox idi.

Ancaq müəllimi adını qazanmısan, bundan sonra əlavə bir imtahana gedəndə istər-istəməz ikiqat bunun stresi olur və mən imtahan ərzində çox stresli idim. Məhz imtahan müddətində bu stresi idarə edib, yüksək nəticə əldə edə bildim. Xatırladım ki, 4 il Atatürk liseyində işləmişəm, bu isə dövlət təhsil müəssisəsi deyildi.

Eləcə də sertifikasiya imtahanında elə müəllimlər iştirak edə bilər ki, dövlət təhsil müəssisəsində ən azı 3 il stajı olsun. Mənim əslində 6 il yarım stajım var. Yeni iş yerimdə isə indi 3 ilim tamam oldu. Bu baxımdan ötən il imtahanda iştirak edə bilmədim. Beləliklə, ilk dəfə sertifikasiya imtahanında iştirak etdim.

- İmtahan suallarını necə qiymətləndirirsiniz, çətin suallar vardı?

- İmtahan sualları çətin deyildi. Ümumiyyətlə, hər il suallar daha da çətinləşir. Gələn il bundan da çətin olacağını düşünürəm. Ötən il suallar 6-8-ci sinif proqramları üzərində idisə, bu il 10-11-ci sinif üzərindən idi. Yəni bu proqramı daha çox əhatə edirdi. Ancaq imtahana girmədən öncə 2024-cü ildə sertifikasiya imtahan sualları paylaşılmışdı.

Həmin suallara hazırlaşıb imtahana getdim. Məhz ikisini müqayisə edəndə deyə bilərəm ki, hər il imtahan sualları daha da çətinləşdirilir, təkmilləşdirilir. Yəni 5 il sonra biz daha maraqlı, çətin suallarla qarşılaşa bilərik. Sertifikasiyanın test imtahanı zamanı müəllimlərə 120 dəqiqə vaxt verilir. Test mərhələsinin 36-cı dəqiqəsində artıq suallara cavab yazmışdım. Mən işlərimi hər zaman sürətlə görməyə alışmışam. İmtahanda isə daha diqqətli olmaq üçün bir qədər yavaş çalışmağa üstünlük verdim.

- Müəllimlərin bir çoxu sertifikasiya ilə bağlı müxtəlif təlimlərdə, kurslarda iştirak edirlər. Sizcə bu mütləqdirmi?

- Mən ixtisasla bağlı riyaziyyata dair suallara özüm hazırlaşmışam. Özümü təkmilləşdirmişəm. Əslində məktəbdə hazırda 6-cı siniflərə dərs keçirəm. Ancaq hazırlaşarkən bütün siniflər üzrə hazırlaşırdım ki, qarşıma çətin suallar çıxa bilər.

May ayının 5-dən daha yüksək nəticə əldə etmək üçün hazırlığa getmişən. Bu il isə riyaziyyat üzrə sınaq imtahanı keçirilmədi. Onsuzda təhsil almağın, hazırlaşmağın fərqli-fərqli yolları var. Yəni özünüz də hazırlaşa bilərsiniz, kimdənsə dəstək də ala bilərsiniz. 

- Riyaziyyat ən çətin fənnlərdən biri hesab edilir. Gənc müəllim olaraq necə oldu ki, məhz bu ixtisasa üstünlük verdiniz?

- Müəllimliyi seçməyimin ən başlıca səbəbi riyaziyyatı sevməyimdir. Uşaq vaxtımdan da bu belə idi. O vaxtlar sinif yoldaşlarıma da kömək edirdim. Bu da o vaxtdan məndə həmin ixtisasa sevgi formalaşdırdı və onun arxasınca getdim.

Hazırda elə bir dövrdə yaşayırıq ki, universiteti bitirdikdən sonra öz ixtisasıma, riyaziyyat müəllimliyinə marağım yoxdursa, başqa yerlərdə də çalışa bilərdim. Riyaziyyatla bağlı hər yerdə iş var. Onsuzda universitet o diplomu bizə verir. Orada bizə deyilmirdi ki, uşaqları necə idarə edək. Biz gəlirik, öz üzərimizdə işlədikcə daha da bu işdə professionallaşırıq.

Yüksək nəticə əldə etmək istəyirsənsə, insan gərək öz üzərində çalışsın. Bizim də şagirdlərə öyrətdiyimiz budur. Mənim ixtisasım riyaziyyat və informatika olub. Əgər istəsəydim informatikanı da seçə bilərdim.

Mənim bəzi qrup yoldaşlarım müəllimliyi istəmədilər, informatikanı seçdilər. Bu o demək deyil ki, müəllimlik pis peşədir. Hər insanın özünün sevdiyi bir sahə ola bilər ki, onu kəşf etməsi lazımdır.

- Bəzi müəllimlərin öz ixtisasını bilməməsi deyil, kompüterdə işləmək bacarığının olmaması ilə bağlı sertifikasiyadan keçmədikləri kimi fikirlər səslənir. Bu nə dərəcədə doğrudur?

- Mən müəllimlərin öz ixtisasını bilmədiklərinə görə kəsildiyi fikri ilə razılaşmıram. Sadəcə, həyəcandan ola bilər. Bir daha qeyd edim ki, sertifikasiya imtahanı zamanı mən sualları 36 dəqiqə ərzində cavablandırdım. 36 dəqiqədə sonra suallara yenidən baxanda mexaniki olaraq 3 səhvi düzəltdim.

Yəni səhvin olması normaldır. Sadəcə imtahan stresini idarə etmək lazımdır. Bəzi müəllimlərimiz stresi idarəetmədə çətinlik çəkirlər. Bunun da səbəbi bir çox imtahanda iştirak etməmək, pis nəticə alsan və yaxud da “məndən gözlənilən nəticəni əldə etməsəm” ətrafın düşüncəsi, bunlar hamısı nəticəyə təsir edir. 

Bunun maddi, mənəvi tərəfi də var. Bütün bunları nəzərə alanda müəllimin stress keçirməsi normal haldır. Özüm də çox imtahanda iştirak etmişəm. Ancaq bu imtahan mənim üçün stresli idi.

- Müəllim yoldaşlarınıza sertifikasiya imtahanı ilə bağlı nə tövsiyə edərdiniz?

- Sertifikasiya imtahanına kimi təhsilverənlər çox sayda test tapşırıqları işləsinlər. Özləri vaxt təyin etsinlər, bu müddətdə sualları cavablandırsınlar. Eləcə də  özlərini imtahanın stresinə hazırlasınlar. Bəzən qarşı tərəfə gülünc gələ bilər ki, stresi necə idarə edək.

Ancaq yetərincə az stresli olmağa çalışmalıdırlar. Qalan vaxt ərzində sualları təkrar-təkrar oxuyub cavabların doğru olduğuna diqqət yetirməlidirlər, mexaniki səhvlər etməsinlər. Hazırlaşmaq, öz üzərində işləmək, yeni biliklərə açıq olmaq lazımdır.   

Chosen
7
cebheinfo.az

1Sources