"Orbanın ətrafında dəbdəbəli həyat, yoxa çıxan 500 milyard və Ukraynaya yönəlmiş diqqəti yayındırma kampaniyası..."
Macarıstan ictimaiyyətinin hökumətə qarşı narazılığı artır. Səbəb - ölkənin sosial sahələrində ciddi problemlər fonunda baş nazir Viktor Orbanın ətrafındakı şəxslərin dəbdəbəli həyat tərzi və Mərkəzi Bankdan itib-batmış 500 milyard forint (təxminən 1,25 milyard avro) məbləğində maddi vəsaitdir. Orban isə ittihamların cavabında Ukraynaya qarşı cəfəng video-kampaniyalar aparır.
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri məlumat yayıb.
Məlumatda deyilir ki, son günlər Orbanın "Facebook" və "TikTok" platformalarında paylaşdığı videolarda o, Ukraynalı "kiberdələduzları" günahlandırır. Onun sözlərinə görə, guya bu dələduzlar SMS-lərlə göndərilən linklərə klik edən macarlardan pul oğurlayır. Amma videolarda heç bir sübut yoxdur. Əvəzində isə istifadəçilərin yüzlərlə hiddətli və istehzalı şərhləri görünür: "Siz onsuz da heç nəyə klik etmədən pulları yoxa çıxarırsınız!".
"Macar üslubunda əsrin oğurluğu"
Narazılığın mərkəzində MNB, yəni Macarıstan Mərkəzi Bankından itib yoxa çıxmış 500 milyard forint dayanır. Bu, ölkənin Orban hakimiyyətə gəldiyi 2010-cu ildən bəri ən böyük korrupsiya qalmaqalı sayılır. Əsas fiqurlar - keçmiş MNB rəhbəri və Orbanın sabiq müttəfiqi Dyörd Matolçi və onun 39 yaşlı oğlu Adam Matolçidir.
Dyörd Matolçi 2013-cü ildə bank rəhbəri təyin edildikdən sonra bu vəsaitləri yaratdığı fondlara yönəldib. Ardınca pullar onun oğlu və dostlarının idarə etdiyi müəmmalı şirkətlər şəbəkəsində "əriyib gedib". Vəsaitlərin bir hissəsi riskli daşınmaz əmlak və səhmlərə yatırılıb, böyük hissəsi isə dəyərsizləşmə ilə "yoxa çıxıb".
Lakin Adam Matolçi, universitet təhsilini yarımçıq qoymuş bir şəxs, indi Dubay və Budapeştdə daşınmaz əmlaklara, bahalı avtomobillərə və saat kolleksiyasına sahibdir, hətta diplomatik pasportla özəl təyyarələrlə səfər edir. Macarlar bu gənclərə istehzalı şəkildə "Orban rejiminin pleyboyları" deyir.
"FİDES-in ailə biznesi"
Hadisənin siyasi kökləri daha dərindir. Matolçi vaxtilə Orbanın qeyri-ənənəvi iqtisadi kursunun ideya müəlliflərindən biri olub. Lakin son illərdə Orbanın bəzi qərarlarını tənqid etdiyinə görə nüfuzunu itirib. 2025-ci ilin martında vəzifəsi başa çatdıqdan sonra nəzarət orqanı - Hesablama Palatası bu iş üzrə araşdırma başladıb. Qurum Orbanın nəzarətində olsa da, pulların yoxa çıxmasını rəsmi şəkildə tanıması artıq vəziyyətin ciddiliyini göstərir.
Elə başqa nümunələr də var. Məsələn, Orbanın məktəb yoldaşı Lorens Meşaroş - əvvəllər kənd qaz ustası olan bu şəxs indi ölkənin ən varlı adamıdır və "Orbanın cüzdanı" adlanır. Yaxud, baş nazirin aparat rəhbəri Antal Roqan - o, lüks helikopterlə toya getdiyi vaxtdan bəri "Lüks Toni" ləqəbini alıb.
Orban özü isə rəsmi olaraq yalnız iki yaşayış evinə şərikdir və hər hansı sərvəti olmadığını iddia edir. Amma ailəsi kifayət qədər zəngindir. Məsələn, onun atası kənddəki köhnə malikanəni dəbdəbəli iqamətgaha çevirib, kürəkəni İştvan Tiborç isə elit daşınmaz əmlak sahəsində ölkənin ən zəngin adamlarından biri sayılır.
"Bizi Ukrayna yox, siz soyursunuz"
2025-ci il iyunun 7-də Budapeşt və Balaton gölü arasındakı dəmir yol xətti qəzaya görə bağlanıb. Bu, ölkədəki köhnəlmiş infrastrukturun növbəti nümunəsi idi. Eyni zamanda, səhiyyə və təhsil sahələrində vəziyyətin acınacaqlı olması da cəmiyyətin narazılığını artırır.
İctimai narazılıq artıq hakim partiya FİDES-in daxilinə də sıçrayıb. Orbanın yaxın müttəfiqi, nazir Tibor Navraçiş ictimai çıxışında bildirib ki, elita nümayəndələrinin dəbdəbəli həyat tərzi partiyanın imicinə zərər vurur. O, bu vəziyyəti açıq tənqid edən ilk FİDES üzvü deyil.
Orban isə bu narazılıqlara cavab olaraq anti-Ukrayna ritorikasını gücləndirməyə davam edir. Son videolarında guya prezident Zelenski Avropa İttifaqını Macarıstanda enerji qiymətlərini qaldırmağa çağırırmış. Halbuki bu, Brüsselin səlahiyyətinə daxil deyil və Zelenskinin belə bir bəyanatı da yoxdur.
Amma real narahatlıq - sosial xidmətlərin iflic vəziyyəti və dövlət pullarının yoxa çıxmasıdır. Macarlar indi soruşur: "Əgər Ukrayna bizi soyursa, bəs bu oğurlanan milyardlar haradandır?".