EN

ABŞ İsrail İran müharibəsinə qarışsa, Yaxın Şərqin aqibəti necə olacaq?

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

İran-İsrail müharibəsinin davam etdiyi bir zamanda Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp da münaqişəyə qoşula biləcəklərini istisna etməyib. Bəs belə olan halda proseslər necə inkişaf edə bilər? Müharibə daha geniş miqyas ala, Yaxın Şərqdə digər ölkələrin də iştirakına rəvac verə bilərmi?

Yaxın Şərq ölkələri üzrə ekspert Vüqar Zifəroğlu Oxu.Az-a açıqlamasında bildirib ki, İran-İsrail müharibəsinin davam etdiyi bir zamanda ABŞ-nin bu münaqişəyə birbaşa hərbi şəkildə qoşulması ehtimalı real, lakin şərtlərdən asılı olaraq dəyişkəndir:

"ABŞ hal-hazırda İsrailin əsas strateji müttəfiqi olaraq, ona logistik, kəşfiyyat, hava hücumundan müdafiə sistemləri və silah-sursat dəstəyi göstərməkdə davam edir. Müharibə davam etdiyi müddətdə bu dəstək tam şəkildə göstəriləcək. Lakin müharibəyə birbaşa daxil olmaq isə artıq fərqli mənzərənin yaranması, fərqli ssenarilərin işə düşməsi deməkdir.

ABŞ-İran ritorikasında da gördüyümüz kimi, İranın ABŞ gəmilərinə, diplomatlarına və ya bazalarına birbaşa hücumu baş verərsə, Vaşinqton buna cavab zərbələri ilə reaksiya verə bilər. Yaxud Birləşmiş Ştatların müharibəyə birbaşa qoşulması məhz ilk növbədə onun Yaxın Şərqdəki bazalarının hədəfə çevrilməsi deməkdir. Eyni zamanda, İranın "Hizbullah", "Ənsar Allah" (husilər) və ya İraq milisləri vasitəsilə ABŞ-yə qarşı "vəkalət müharibəsi" aparması da realdır".

"Qeyd edim ki, müharibəyə birbaşa qoşulmaqla bağlı ABŞ siyasi isteblişmentində ciddi fikir ayrılığı var. Ceyms Devid Vensin, bəzi senatorların açıqlamalarından, eləcə də bununla bağlı ABŞ-nin öz daxilində gedən müzakirələrlə bağlı beynəlxalq mediaya sızdırılan məlumatlardan da, hətta Trampın müharibədə iştirakla bağlı bir-birini təkzib edən açıqlamalarından da bunu aşkar görmək olar.

ABŞ ictimaiyyətində və Konqresdə yeni Yaxın Şərq müharibəsinə qarşı böyük müqavimət mövcuddur. On görə də belə bir müdaxilə regiona da ciddi təsir göstərəcək. Səudiyyə Ərəbistanı, Qətər, Oman, İordaniya və BƏƏ münaqişənin dərinləşməsini istəmirlər. ABŞ-İran qarşıdurması onları bölgə daxilində hərbi və diplomatik manevrlərə sövq edə bilər. Onlar balanslaşdırıcı siyasət apararaq, həm İranla əlaqələri kəsmədən, həm də ABŞ ilə əməkdaşlığı davam etdirməyə çalışırlar. ABŞ-nin müdaxiləsi isə konfliktin miqyasının böyüməsi, bununla da bölgəyə, o cümlədən adları çəkilən ölkələrə ciddi təsir göstərməsi, hətta konfliktə daxil olmaları deməkdir", - deyə ekspert vurğulayıb.

Onun sözlərinə görə, ABŞ-İsrail birgə əməliyyatları, eyni zamanda, regionda anti-ABŞ meyillərini artıracaq:

"Bu isə yeni radikal qrupların meydana çıxmasına və ya mövcud qrupların güclənməsinə səbəb ola bilər (xüsusilə İraqda və Suriyada). ABŞ-nin İran-İsrail müharibəsinə birbaşa qoşulması hazırda məhdud səviyyədə davam edir və tammiqyaslı iştirak ehtimalı azdır. Lakin situasiya dəyişərsə, yəni İran ABŞ maraqlarına qarşı kəskin addımlar atarsa, Vaşinqtonun hərbi cavabı qaçılmaz ola bilər. Bu isə Yaxın Şərqdə geosiyasi sarsıntılar, neft qiymətlərinin artması və yeni diplomatik bloklaşmalar kimi nəticələrə yol açacaq".

Mərahim Nəsib

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
5
oxu.az

1Sources