EN

Vatske: “Virtsin Bundesliqadan getməsi biabırçılqdır”

Dortmund “Borussiya”sının baş direktoru Hans-Yoaxim Vatske alman yarımmüdafiəçi Florian Virtsin “Bayer”dən ayırlacağı xəbərini şərh edib.

Arena.az xatırladır ki, Virtsin tezliklə “Liverpul”un oyunçusu qismində rəsmən təqdim ediləcəyi gözlənilir.

Vatske sözügedən məqamla bağlı açıqlamasında bunları söyləyib: “Bu əsl biabırçılıqdır, xüsusən də alman futbol liqası üçün ki, Virts kimi bir oyunçu Bundesliqadan çıxıb-gedir. Mən onun “Bayern”ə keçidinə də ümumiyyətlə qarşı olmazdım. Bu, Liqa üçün ən yaxşısı olardı. Yaxşı olardı ki, o, Camal Musiala ilə birlikdə Münhendə oynasın, amma iki belə yaxşı oyunçu ixtiyari halda bir-birini tapacaqlar”, – “Goal” dərgisi “Kicker” dərgisinə istinadla alman mütəxəssisdən sitat gətirir.

Florian Virts “Bayer”in əsas komandasında 2020-ci ilin iyul ayından çıxış edir. Buna qədər gənc yarımmüdafiəçi “Brauvayler”, “Köln” və “Bayer”in yeniyetmələrdən və gənclərdən ibarət komandalarında çıxış edib.

Virtsin Leverkuzen təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Virts geridə qalmış 2024/2025-ci illər mövsümündə “əczaçılar”ın heyətində bütün yarışlarda 45 oyuna çıxıb, 16 qol vurub, 15 məhsuldar ötürmə verib.

Virtsin “Bayer”in heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 197 oyun, 57 qol, 65 məhsuldar ötürmə.

Virts “Bayer”lə Almaniya Bundesliqasının (2023/2024), Almaniya Kubokunun (2023/2024) və Almaniya Super Kubokunun (2024/2025) qalibi olub. Uğurlu çıxışı sayəsində Virts Almaniya Bundesliqasında 2023/2024-cü illər mövsümünün ən yaxşı oyunçusu seçilib.

Florian Virts 2021-ci ilin sentyabr ayında debüt etdiyi Almaniya yığmasının heyətində 31 oyuna çıxıb, 7 qol və 7 məhsuldar ötürmə ilə fərqlənib. Florian Almaniyanın U-21 yığması ilə 2021-ci il Avropa çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 22 yaşlı alman hücumameyilli yarımmüdafiəçinin transfer dəyərini 140 milyon avro məbləğində qiymətləndirir.

Chosen
15
arena.az

1Sources