EN

"Paşinyanla Kilsə arasında böhran: Ermənistan yeni ideoloji parçalanma ilə üz-üzə" - BBC

"Paşinyanın "Real Ermənistan" ideologiyası ilə kilsənin tarixi irsi toqquşur..."
 
Ermənistan baş naziri Nikol Paşinyanla ölkənin əsas dini qurumu olan Erməni Apostol Kilsəsi (EAK) arasında gərginlik yeni mərhələyə keçib. Mayın sonunda Paşinyanın kilsə rəhbəri Katolikos II Qareginə qarşı açıq hücuma keçməsi həm cəmiyyətdə sarsıntı doğurub, həm də ölkədə yeni bir parçalanmanın əsasını qoyub.
 
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.
 
Baş nazir Katolikosu ruhanilərə xas subaylıq andını pozmaqda və gizli övlad sahibi olmaqda ittiham edib. Bu iddialar sübuta yetirilməyib və hökumət tərəfindən əsaslandırılmayıb. Paşinyan bu arqumentlə, özü də məhz kilsənin daxili qaydalarına əsaslanaraq onun istefasını tələb edir. Qısa müddət əvvəl isə o, bir arxiyepiskopu ailə qalmaqalında ittiham edərək kəskin ifadələrlə çıxış edib.
 
Paşinyanın və həyat yoldaşı Anna Akopyanın ittihamlarına cavab olaraq EAK-ın Ali Ruhani Şurası bunun dövlət tərəfindən kilsənin səsini susdurmaq və təsirini zəiflətmək cəhdi olduğunu bəyan edib. Katolikos özü isə birbaşa cavab verməsə də, ölkənin keçmiş prezidentləri Levon Ter-Petrosyan və Serj Sarkisyan da daxil olmaqla, müxalifət bu hücumlara qarşı kilsənin yanında yer alıb.
 
Siyasi məqsəd və seçkilər ərəfəsi manevr
 
Ekspertlər hesab edir ki, bu hücumlar 2026-cı ildə keçiriləcək parlament seçkiləri ərəfəsində kilsənin nüfuzunu zəiflətmək məqsədi daşıyır. Ermənistanda EAK ən etibarlı ictimai institut olaraq qalır. Son illərin sorğularına görə, cəmiyyətin 60 faizdən çoxu kilsəyə tam etibar edir - bu göstərici hökumət, parlament və məhkəmə sistemindən daha yüksəkdir.
 
Hakimiyyətin kilsəyə qarşı getdikcə sərtləşən ritorikası, onu xalq arasında populyarlığını qoruyan yeganə müstəqil institut olaraq görməsi ilə izah olunur. Son illərdə Paşinyan dövlət orqanlarında "köhnə rejimə" bağlı fiqurları uzaqlaşdıraraq, loyallığı təmin edilmiş şəxsləri gətirib. EAK isə onun nəzarətindən kənarda qalan yeganə təsisat olaraq qalır.
 
Kilsə və Qarabağ məsələsi
 
Təhlükəli məqam odur ki, kilsə artıq yalnız dini institut deyil, eyni zamanda siyasi müxalifət rolunu da öz üzərinə götürür. Katolikos son çıxışında Qarabağ ermənilərinin geri qayıtmasının təmin edilməsini tələb edib ki, bu da Paşinyanın Azərbaycanla sülh gündəmi ilə ziddiyyət təşkil edir. Paşinyan ərazi iddialarından imtina etməklə, Ermənistanı sülhə aparmaq istəyir, lakin bu cür bəyanatlar onun mövqeyini zəiflədə və Azərbaycanda bu bəyanatlar sülhə hazır olmamağın sübutu kimi təqdim oluna bilər.
 
"Real Ermənistan" ideologiyası və rəmzlər mübarizəsi
 
Paşinyanın hakimiyyətə gəlişi ilə paralel, ölkədə "Real Ermənistan" adlanan yeni ideoloji xətt formalaşır. Bu konsepsiyada millət yaddaşında əhəmiyyətli yer tutan rəmzlərdən imtina edilir, məsələn, Türkiyə ərazisində yerləşən Ağrı dağı (Ararat) yerinə Ermənistan daxilindəki Araqats dağının milli rəmzə çevrilməsi təklif olunur. Eyni zamanda, gerb, himn və hətta konstitusiyanın dəyişdirilməsi gündəmə gətirilir.
 
Bu ideoloji yanaşma keçmişə deyil, gələcəyə baxmaq şüarı altında təqdim olunur. Lakin EAK-ın varlığı və tarixi məhz bu keçmişlə, millətin yaddaşı ilə bağlıdır. Paşinyanın ideyaları istehlakçılıq, vergi ödəmək və rifah cəmiyyətinin qurulması üzərində qurulub. Bu isə kilsənin təmsil etdiyi mənəvi və dini dəyərlərlə ziddiyyət təşkil edir.
 
Böhran dərinləşir
 
Kilsə ilə gərginliyin artması Ermənistan cəmiyyətində yeni bölünmə xətti yaradır: bir tərəfdə dini və tarixi irsə sadiq olanlar, digər tərəfdə isə Paşinyanın "yenilənmiş" Ermənistanını dəstəkləyənlər dayanır. Əgər Paşinyan Katolikosun devrilməsinə nail olsa, bu, həm daxildə, həm də diasporda ciddi etirazla qarşılanacaq.
 
Əgər əksinə, Katolikos yerində qalsa, onun tərəfdarları bu qalibiyyəti hakimiyyətə qarşı siyasi zəfər kimi dəyərləndirəcək. Nəticədə Ermənistanın onsuz da parçalanmış siyasi və ideoloji mənzərəsinə daha bir dərin çat əlavə oluna bilər. Ənənə və dəyişiklik, keçmiş və gələcək, dövlət və kilsə arasında balans artıq pozulmaqdadır.
Chosen
4
moderator.az

1Sources