EN

ABŞ dollarının sentyabradək "ömrü qaldı" - hamı Çin yuanına keçir...


“Bank of America”nın yeni hesabatına görə, qlobal mərkəzi banklar və digər qurumlar sürətlə dollar aktivlərini azaldır. ABŞ-a məhsulların xarici tədarükçüləri hesablaşmalar üçün getdikcə daha çox alternativ valyutalara - Meksika pesosu, avro, yen və ya yuana üstünlük verirlər.

Beləliklə, bu gün dedollarizasiyanın təhlükəli tendensiyalarından danışan artıq nüfuzlu Amerika maliyyəçilərinin özləridir. Ekspertlərin fikrincə, belə vəziyyətdə Çin 2025-ci ilin sentyabrında Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) yeni vahid bankının yaradılmasına da nail ola bilər.Hələlik isə aparıcı biznes agentlikləri getdikcə həm dünyada, həm də ABŞ-ın özündə Amerika dollarının təsirinin azalması ilə bağlı məqalələr dərc etməyə başlayıblar.

Son aylarda Amerika valyutası ciddi məzənnə dəyişikliyi nümayiş etdirir ki, bu da ABŞ dolları ilə beynəlxalq hesablaşmaların planlaşdırılmasını çətinləşdirir. 2025-ci ildə Amerika dolları digər valyutalar səbətinə nisbətən təxminən 8% zəifləyib. Bu zəifləmə ötən ilin son rübündə Amerika valyutasının 7% kəskin möhkəmlənməsindən sonra baş verib. Belə dəyişkənlik ixrac-idxal əməliyyatlarında qiymətlərin müəyyənləşdirilməsini çətinləşdirir və onun iştirakçıları üçün əlavə risklər yaradır. Nəticədə, dolların populyarlığının azalması istiqamətində nəzərəçarpacaq tendensiya müşahidə olunur. Agentliklər Amerika şirkətlərinin dollardan imtina etməsi ilə bağlı konkret misallar gətirirlər. Məsələn, Amerikanın ağac kəsmə şirkətlərindən biri indi Avropadan idxal olunan sərt ağacların əvəzini ödəmək üçün dollarlarını avroya çevirir. Avroya keçid qismən avropalı təchizatçılar tərəfindən təklif olunan 2% endirimlə də bağlı olub. Çindən mal idxal edən ABŞ-da ev təmiri ilə məşğul olan pərakəndə satış şirkəti hesabları yuanla ödəməyə keçib. İtaliyadan avadanlıq idxal edən başqa bir ABŞ qida şirkəti də daha yaxşı məzənnədən yararlanaraq avroya keçib. Torontodakı “Corpay” şirkətinin baş bazar strateqi Karl Çamotta bildirir: “Şərqi Asiyadan Latın Amerikasına qədər bazarlarda getdikcə daha çox ixracatçı avro, yuan və ya hətta yerli valyuta ilə müqavilə bağlamağa üstünlük verir”. Prosesdə Rusiya da olduqca maraqlıdır. Rusiya Mərkəzi Bankı 2025-ci ilin aprelində ölkə ixracı üzrə ödənişlərdə rublun payının 52,3%-ə çatdığını və ilk dəfə olaraq 50%-i keçdiyini bildirib. Mərkəzi Bank qeyd edir ki, dünyanın bütün regionlarında ölkələr Rusiya malları üçün daha çox rublla ödəniş etməyə başlayıblar. Düzdür, bu gün dünyada hələ də ixrac-idxal əməliyyatlarının yarıdan çoxu dollarla ödənilir və ya ABŞ dollarına bağlıdır. Ancaq bu, yalnız tamamilə qanuni əməliyyatlara aiddir. Vergidən yayınma ilə bağlı olan qlobal kölgə iqtisadiyyatında isə vəziyyət fərqlidir.

Kriptovalyuta qlobal kölgə iqtisadiyyatında getdikcə daha çox istifadə olunur və ABŞ dollarının dominantlığına zərbə vurur. Beynəlxalq Valyuta Fondunun (BVF) keçmiş baş iqtisadçısı Kennet Roqoff qeyd edir ki, ABŞ dolları bu gün hesablaşmalarda öz payını təkcə yuana və ya avroya deyil, kriptovalyutalara da uduzur. İqtisadçının fikrincə, əsas dollar bazarlarından biri hökumətlərin demək olar ki, heç bir nəzarəti olmayan qlobal gizli iqtisadiyyatdır. Bu sahədə aslan payı nağd ödənişlərdən istifadə yolu ilə də daxil olmaqla vergidən yayınmadır. Roqoff kölgə iqtisadiyyatının ümumi həcmini qlobal ÜDM-in 20%-i və ya 20 trilyondan 25 trilyon dollara qədər qiymətləndirir. Hələlik bu hesablaşmalar sahəsində dollar üstünlük təşkil edir. Lakin kriptovalyutalar hesablaşmaların bu seqmentini ələ keçirməyə davam edir, çünki onlar ənənəvi maliyyə kanallarından yan keçməyə və dövlət nəzarətindən yayınmağa imkan verir. Dolların dominantlığını təkcə kölgə iqtisadiyyatı deyil, həm də Avropa maliyyə bazarının alternativi təhdid edir. Məsələn, Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqard siyasətçiləri avronun qlobal profilini yüksəltməyə çağırıb, çünki Donald Trampın siyasəti ABŞ dollarına olan inamı sarsıdır. Avropalı siyasətçilər daha çox qlobal sərmayədarı cəlb etmək və beləliklə, dolların uzunmüddətli hökmranlığını zəiflətmək fürsəti görürlər. Və belə bir transformasiya Avropa hökumətləri və şirkətləri üçün borclanma xərclərini azalda bilər. Avropalı maliyyə rəsmiləri qlobal investorları cəlb etmək üçün öz istiqraz bazarlarını ABŞ-ın dəyişkənliyindən sığınacaq kimi təqdim edirlər. Avropalılar ABŞ bazarlarının “turbulentliyindən” fərqli olaraq, fiskal qaydalar və sabit siyasətlərə görə regionlarının kapital bazarlarını “sabitlik lövbəri” və “sabitlik vahəsi” adlandırırlar. Boston Federal Ehtiyat Sisteminin sədri Rocer Krandall Avropaya son səfəri zamanı ABŞ-a inamın azalmasından şoka düşdüyünü söyləyir. O qeyd edir ki, ABŞ xəzinədarlıqlarına xarici tələbat artmır. “Bank of America”nın analitikləri vurğulayır ki, qlobal mərkəzi banklar və digər dövlət qurumları öz dollar ehtiyatlarını azaldırlar. Dolların dominantlığına daha bir zərbə 2025-ci ilin sentyabrında Çinin Tianjin şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Dövlət Başçıları Şurasının illik toplantısında vurula bilər. Bu sammitdə ŞƏT-in vahid İnkişaf Bankının yaradılması barədə qərar qəbul oluna bilər. Hələlik bu təşkilat çərçivəsində ŞƏT-də Banklararası Assosiasiya kimi fəaliyyət göstərir. Bu bank assosiasiyası hələ 2005-ci ildə ŞƏT dövlət başçılarının qərarı ilə yaradılıb. Bununla belə, ŞƏT-in vahid İnkişaf Bankının yaradılması indiyədək quruma üzv dövlətlərin maraqlarının toqquşması ilə üzləşib. Lakin 2025-ci ilin sentyabrında bu ziddiyyətlər aradan qaldırıla bilər. onda dolların çöküşü daha da sürətlənəcək. Bunu ABŞ-dada etiraf edirlər.

Ramil QULİYEV

Chosen
18
baki-xeber.com

1Sources