EN

6 gündə 450 raket atıldı

İran İsrailə qarşı “proksi deyil, birbaşa müharibəyə” keçib


"Hərbi əməliyyatlar nəticəsində İranın nüvə arxivini ələ keçirməyə nail olmuşuq". Bunu İsrailin Baş naziri Benyamin Netanyahu açıqlayıb. O deyib ki, İran heç vaxt nüvə silahı əldə edə bilməyəcək: “Biz İranın yaratdığı nüvə təhlükəsini tamamilə aradan götürməyə qadirik”. İsrail hökumətinin başçısı İranın ali dini lideri Ayətullah Xameneinin qətli barədə müzakirələrə isə “Heç bir variant istisna, heç kim isə toxunulmaz deyil” sözləri ilə aydınlıq gətirib. İsrailin Baş naziri ABŞ-nin İsrail-İran savaşına qoşulması imkanını da dəyərləndirib: “Bu məsələ həmin ölkənin Prezidenti Donald Trampdan asılıdır. Çünki oyunun qaydalarını məhz o bilir. Bizim heç vaxt Trampın özündən yaxşı dostumuz olmayıb. Bu səbəbdən də biz onun bütün qərarlarına hörmətlə yanaşırıq”. İsrailin müdafiə naziri İsrail Katz deyib ki, İranın ali dini lideri Əli Xameneinin aradan götürülməsi Tehrana qarşı əməliyyatın məqsədlərindən biridir. 

İran altı günə İsrailə 450 ballistik raket atıb - Defrin

İsrail Müdafiə Ordusunun rəsmi nümayəndəsi, briqada generalı Effi Defrin brifinqdə deyib ki, İran son 6 gündə İsrailə 450 ballistik raket atıb: "İran İsrailə son altı gündə 450-dən çox ballistik raket və yüzlərlə pilotsuz uçuş aparatı ilə hücum edib". İranın bütün bölgələrində internetin verilməsi dayandırılıb. İran rəsmiləri bu məhdudiyyətin səbəbi kimi İsrailin internetdən hərbi məqsədlər üçün sui-istifadə etməsini göstəriblər.

Bolqarıstan İrandakı səfirliyini Azərbaycana köçürdü

Bolqarıstanın Baş naziri Rosen Jelyazkov bildirib ki, Bolqarıstan İran və İsrail arasındakı qarşıdurmanın kəskinləşməsi ilə əlaqədar Tehrandakı səfirliyinin diplomatik heyətini və onların ailələrini Azərbaycana təxliyə edib. O qeyd edib ki, Bolqarıstan Tehrandakı səfirliyini bağlayıb, diplomatik işçilərini və onların ailələrini İran və İsrail arasında münaqişənin kəskinləşməsi ilə qonşu Azərbaycana təxliyə edib. Jelyazkov bildirib ki, İsrailin sakinlərə Tehranın üçüncü bölgəsini təxliyə etməyi tövsiyə etməsindən sonra səfirlikdən 12 nəfər və onların ailə üzvləri təxliyə edilib: “Bolqarıstan səfirliyi bu ərazinin bilavasitə yaxınlığındadır və biz diplomatlarımızın ölkəni tərk etməsinə qərar verdik. Səfirlik Bakıdan fəaliyyətini davam etdirəcək”.

"Putin dedi ki, İsrail Rusiyaya söz verib..." - Peskov

İsrail Rusiyaya söz verib ki, Buşəhrdəki rusiyalı mütəxəssislər hücum təhlükəsi altında olmayacaq. Bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib. Peskov bildirib ki, İranla tərəfdaşlıq münasibətləri davam etdirilir: "İsraillə çox rəvan və etibarlı münasibətlərimiz var. Elə dünən Rusiya Prezidenti Vladimir Putin qeyd etdi ki, İsraillə anlaşma var və Buşəhrdə işləyən mütəxəssislərimiz hücum təhlükəsi altında altında olmayacaqlar". 

"İsrail xüsusi təyinatlıları İrana girəcək" - Axios

“Axios” məlumat yayıb ki, ABŞ hücum etməkdən imtina edərsə, İsrail İranın Fordo nüvə obyektinə xüsusi təyinatlı qüvvələrini göndərə bilər. Nəşrin yazdığına görə, İsrail rəsmiləri hesab edir ki, ABŞ Prezidenti Donald Tramp hücum qərarı verəcək. Lakin onlar iddia edirlər ki, təkbaşına belə Fordodakı obyektə ciddi zərər verə bilərlər. “Axios” bildirib ki, İsrailin Baş naziri Benyamin Netanyahu və Vaşinqtondakı səfir Yexiel Leyter müsahibələrində İsrail ordusunun hava hücumlarından başqa variantları olduğuna işarə ediblər: “Bu variantlardan biri xüsusi təyinatlı qüvvələrin riskli əməliyyatıdır. İsrail xüsusi təyinatlıları 2024-cü ilin sentyabrında belə bir əməliyyat həyata keçiriblər, baxmayaraq ki, kiçikmiqyaslı olub. Həmin əməliyyatda onlar Suriyada yeraltı raket istehsalı zavodunu partladıblar. Hazırda İsrail İranın hava məkanını tam nəzarət altına alıb və İran ordusuna ciddi zərbə vurub, buna görə də xüsusi təyinatlı əməliyyat daha az ekstremal görünür. Amerikalı bir rəsminin sözlərinə görə, israillilər Tramp administrasiyasına bildiriblər ki, bombalar dağın dərinliklərinə kifayət qədər nüfuz etməyə bilər, amma onlar bunu insanların köməyi ilə edə bilərlər”. Qeyd edək ki, Fordo nüvə müəssisəsinin dağın altında, 90 metr dərinlikdə yerləşdiyi bildirilir.

"İranın ABŞ üçün “qordi düyününə” çevrilməsi riskləri var"

Siyasi şərhçi Asif Nərimanlı deyib ki, İrana hərbi müdaxilə Donald Trampın “sülh proqramına” ziddir. Ekspertə görə, onun ticarət və taariflərlə böyümək strategiyası arxa plana keçə bilər ki, bu da komanda daxilində birmənalı qarşılanmır: 

"ABŞ-nin diqqəti Ukraynadan yayınacaq, nəticədə təkcə müharibəni bitirmək üçün qət edilən məsafənin sıfırlanması yox, həm də İrana görə Rusiya ilə hesablaşmaq riskləri güclənə bilər. Vaşinqton Ukrayna məsələsində Moskvanın mövqeyinə yaxınlıq nümayiş etdirsə də, təşəbbüsün tamamilə rusların əlinə keçməsində maraqlı deyil. İranın ABŞ üçün “qordi düyününə” çevrilməsi riskləri də var. ABŞ belə bir təcrübə yaşayıb. İranın strateji dərinliyini və “din silahı”nı nəzərə alanda, perspektivlər daha çox dumanlı görünür. ABŞ məsələni daha ağrısız həll etmək – İsrailin hücumu ilə İranın təslim olmasına nail olmaq istəyir. Hərçənd, bu ehtimal getdikcə zəifləyir. Çünki İranı masada tam təslim aktı gözləyir. Tehrandan nüvə proqramlarına tamamilə son qoymaq, raket proqramını dayandırmaq, proksi qüvvələrindən imtina etmək tələb olunur. Rejim 46 ildir bütün siyasətini bu faktorlar üzərində qurub və bu qədər itkidən sonra geri çəkilmək özündən imtina etmək deməkdir. Xameneinin təslim olmayacaqları haqda verdiyi son açıqlamaları da bu fikri gücləndirir. Bu, prosesin dalana dirəndiyi nöqtədir və belə görünür ki, ABŞ-nin hərbi müdaxiləsi olmadan “nüvəsiz İran” hədəfinə çatmağın mümkünlüyü sual altındandır".

Chosen
27
1
sherg.az

2Sources