EN

Ünsizadələr mətbuatının Kamalı

Akif Aşırlı,
Əməkdar jurnalist   

Azərbaycan milli mətbuat tarixində izi, cığırı olan və hər bir çətinliyi, iqtisadi imkansızlığı gözaltına alıb nəşrlər yaradan, bu günümüzə dəyərli publisistik irs qoyub gedən xeyli sayda mətbuat xadimimiz var. Bu tarixi şəxsiyyətlərin, anadilli yazılı abidələrimizin bünövrəsini qoyan bu şəxsiyyətlərin bir qisminin həyatı və fəaliyyətinə işıq salınıb, bu sıradan bəxti gətirməyən örnəklər də var. 

Ünsizadə qardaşlarının Həsən bəy Zərdabidən sonra anadilli mətbuat inşasını davam etdirmələri, Tiflisdə "Ziya" ("Ziyayi-Qafqaziyyə), "Kəşkül" adlı mətbu nümunələri yaratmaları, ilk özəl mətbəəni qurmaları sadəcə adi quru tarixi fakt deyil. Milli fikir, düşüncə həyatına öz silinməz izlərini qoyan Ünsizadələrin yaradıb bizə əmanət qoyduqları irs hələ kifayət qədər tədqiq olunmayıb və dövrün arxiv sənədləri ortaya qoyulmayıb. "Ziya" ("Ziyayi-Qafqaziyyə") yaradıcısı, Şamaxı üləmalarından ruhani-maarifçi Səid əfəndi Ünsizadə, "Kəşkül"ün sahibi Cəlal əfəndinin fəaliyyətinə, mətbu irsinə nəzər yetirilsə də, bu ailəyə mənsub, "Ünsizadə qardaşları"nın sonbeşiyi Kamal Ünsizadə barədə ortada sistemli bir yazı, tədqiqat yoxdur. Professor Vilayət Quliyevin təbirincə, Azərbaycan adı ilə ilk dəfə qəzet nəşr etmək istəyən Kamal Ünsizadənin təkcə bu missiyasına, göstərdiyi fədakarlığa görə adı yaşadılmalı, mətbu irsi öyrənilməlidir.
   Kamal Ünsizadə 1857-ci ildə Şamaxıda Əbdülrəhman əfəndinin ailəsində göz açıb. İlk təhsilini ailə çevrəsində alan K.Ünsizadə özündən yaşca böyük olan qardaşlarının yolunu davam etdirib. Kamal əfəndinin dünya görüşünün formalaşmasında, elmə, təhsilə maraq göstərməsində böyük qardaşı Bağdadda ali dini ruhani təhsili alan Səid əfəndi Ünsizadənin böyük təsiri olub. K.Ünsizadə ana dili ilə yanaşı fars, rus və ərəb dillərini də mənimsəyib.
   S.Ünsizadənin Tiflisə köçüb Qafqaz Ruhani İdarəsində çalışdığı müddətdə "Ziya"nı yaratmasında, ilk mətbəənin təşkilində ailə üzvləri kimi Kamal əfəndi də yaxından iştirak edib. Redaksiyada yazı işlərinin qaydaya salınmasında müəyyən bilik və təcrübə toplayan Kamal əfəndi qardaşı Cəlal Ünsizadə ilə birlikdə "Kəşkül" qəzetinin fəaliyyətində yaxından iştirak edir, mətbəəçilik işinin sirlərini öyrənib, təcrübəsini artırır.
   1884-1891-ci ilə qədər fəaliyyət göstərən "Kəşkül" qəzeti jurnalistika tarixində xüsusi bir mərhələdir. "Kəşkül" mətbəəsinin müdiri kimi çalışan, kitab, qəzet və risalə çap etməklə xalqa xidməti bu yolda görən K.Ünsizadənin ən böyük arzularından biri Tiflisdə müstəqil mətbəə yaratmaq olub. Qardaşı Cəlalla birgə uzun axtarış və hazırlıqdan sonra 1882-ci ildə bu istəyi reallaşıb. Yerli idarəetmə qurumlarının rəsmi icazəsini aldıqdan sonra Tiflis Polis idarəsinin mətbəəsini satın alıb və "Kəşkül" mətbəəsinə çevirirlər. Mətbəə hazır vəziyyətə gətirildikdən sonra qardaşlar 1883-cü ildən etibarən "Kəşkül"ün çapına başlayır.

   Klassik mətbuat ənənələrində qəzet və dərgilərin abunə və satışını tənzimləyən, bu sahəyə məsul olanlar redaksiyaların daxilində müvəkkillik strukturunda çalışırdılar. Mətbu nəşrlərin maliyyə imkanları müvəkkillərin fəaliyyəti ilə sıx bağlı idi. K.Ünsizadə də qardaşı Cəlal əfəndi Ünsizadənin çıxardığı "Kəşkül"ün dayanıqlı maliyyə təminatı üçün bir müddət "Kəşkül"ün Bakı müvəkkili kimi fəaliyyət göstərir, bu işlə yanaşı qəzetin yaradıcılıq işlərinə də köməkliyini əsirgəmir. 1888-ci ildən "Kəşkül"ün əməkdaşı olaraq redaksiyanın yaradıcılıq işlərində də fəallıq göstərir. Mətbəəçiliyin sirlərini öyrənən, qəzetlərin maliyyə və yaradıcılıq işlərinin içərisində təcrübə qazanan K.Ünsizadə "Kəşkül" bağlandıqdan sonra da yeni nəşrlər yaratmaq istəyində olur və uzun illər bu yolda mücadilə aparmalı olur.
K.Ünsizadə 1891-ci ildə "Kəşkül" bağlandıqdan sonra qardaşı Cəlal əfəndi ilə birgə "Azərbaycan" adında qəzet çıxarmaq üçün Qafqaz Canişinliyi Baş Mətbuat İdarəsinə müraciət edir. Azərbaycan mətbuatı tarixində ilk dəfə "Azərbaycan" adında qəzet çıxarmaq niyyəti rəsmi strukturlara Kamal əfəndi tərəfindən izah olunur. Qafqaz Canişinliyi Baş Mətbuat İdarəsinə müraciətində K.Ünsizadə "Azərbaycan"ın 13 istiqamətdə, müxtəlif rubrikalar altında yazılar çap edəcəyini, nəşrinə izn verilərsə, qəzetin məzmunu ətrafında fikirlərini açıqlayır: "Azərbaycan"ın ilk bölməsi "Daxiliyyə" adlanır ki, bu rubrika altındakı yazılarda Cənubi Qafqazın azərbaycanlılar yaşayan bölgələrində müsəlman əhalinin təhsili, ticarət və kənd təsərrüfatı həyatı ilə bağlı məlumatların çapı nəzərdə tutulurdu.  İkinci bölüm Rusiyanın müxtəlif bölgə və əyalətlərindən gələn teleqraf xəbərlərinin oxuculara çatdırılmasını, üçüncü bölmədə dövlətin rəsmi siyasəti, əmr və sərəncamların əksi qərarlaşdırılırdı. Beşinci bölmədə müxtəlif xalqların adət-ənənələri, folkloru barədə yazıların işıq üzü görməsi, altıncı bölmədə tənqid və mətbuat mövzusu, yeddinci bölmədə təhsil məsələləri, səkkizinci bölmədə tibbi maarifçilik işinin aparılması, doqquzuncu bölmədə bədii ədəbiyyat, onuncu bölmədə fərqli mövzularda yazılar, məqalələr, araşdırmalar oxuculara təqdim olunmalı idi. Rus dilinin öyrənilməsi, müsəlman və türk təqvimləri barədə məlumatlar, nəqliyyat yenilikləri də "Azərbaycan"ın məzmununu zənginləşdirmək, maraqlılıq və əhatəliyini artırmaq üçün nəzərdə tutulurdu. K.Ünsizadə "Azərbaycan"ın məzmununa əvvəlki nəşrlərdən fərqli və maraqlı rubrikalar əlavə etmək istəsə də, bir çox rubrikalar "Ziya"da və "Kəşkül"də olduğu formada qalırdı. Lakin "Azərbaycan" adında nəzərdə tutulan, proqram və məzmunu aydın olan bu nəşrə çap senzurası imkan vermədi.
   Yeni qəzet yaratmaq istəyində olan K.Ünsizadə 1896-cı ildə "Letuçi listok" ("Uçan yarpaq") adlı bir jurnal yaratmaq arzusunu dilə gətirir. Bu nəşrin çapına icazə almaq üçün maliyyə müşaviri Georgi Kilimovskini özünə şərik edir. Amma bu müraciətinə də "yox" cavabı alır. bu dəfə də Kamal əfəndi mübarizəsini davam etdirərək Georgi Klimovski ilə birgə "Daniş" adlı qəzet çapı üçün Baş Mətbuat İdarəsinə təkrarən müraciət edir. Əsarətində olan xalqların, xüsusən müsəlmanların ana dilində mətbuat yaratmalarını təhlükəli addım olduğunu gizli yazışmalarda qeyd edənlər bölgədə ruslaşdırma, özgələşdirmə siyasətini davam etdirir.
   "Azərbaycan", "Letuçi listok" ("Uçan yarpaq") və "Daniş" adlı qəzetlərin çapına icazə ala bilməyən K.Ünsizadənin yeni mətbuat orqanı təsis etməsi arzusu 1905-ci il inqilabından sonra reallaşır. Əsarətində olan xalqlara qismən fikir, özünüifadə azadlığı tanıyan Çar Rusiyası yeni nəşrlərin çapına loyal yanaşır.
Yeni nəşrlərin çapına əngəllər törədən Qafqazdakı çar-üsul idarəsinin inadını sındıra bilən C.Ünsizadə "Məhzər"in çapına 1907-ci ilin 31 martında icazə alır.
Kitab və qəzet nəşri ticarəti sahəsində təcrübəli olan Kamal əfəndi "Məhzər"i məzmununun əhatəli olması, oxucuların diqqətini çəkən və maraq oyadan bir nəşr olaraq nəzərdə tutsa da, planlaşdırdığı missiyanı tam, keyfiyyətli yerinə yetirə bilmir. Əsasən ədəbi qəzet olaraq fəaliyyətə başlayacaq "Məhzər"in redaksiyasında 16 şöbənin təşkili nəzərdə tutulurdu. Amma hadisələrin dinamik inkişafı, yeni qəzetlərin, dərgilərin nəşri və rəqabət mühiti "Məhzər"in imkanlarını məhdudlaşdırırdı.
"Məhzər"in ilk sayı Tiflisdə 1908-ci ilin martın 25-də çıxır. Amma qəzet dövrülüyünü qoruya bilmir. Liberal, əsasən də ruhani zümrənin maraqlarına hesablanan "Məhzər"in 1908-ci ildə 8, 1909-cu ildə isə 13 nömrəsi işıq üzü görür. 1917-ci ilə qədər fəaliyyət göstərən bu qəzetin 9 illik dövründə cəmi 31 sayının çapı mümkün olub.
 
   "Məhzər"in səhifələrində əsasən ardıcıl çıxış edən müəlliflərdən biri Təhmasib Qarabağlı idi, müəllif qəzetin 1909-cu ildə çıxan bir neçə sayında Lev Tolstoyun "Allah həqiqəti görür, amma tez aşkar etməyir" əsərinin tərcüməsini dərc edib.
   Verilən məlumatlara və "Məhzər"in çap tarixinə əsasən demək olar ki, K.Ünsizadə 1917-ci ilə qədər Tiflisdə yaşayıb. Bu dövr Tiflis Qafqazın siyasi mərkəzi və gərgin hərbi-siyasi vəziyyətin episentri idi. Zaqafqaziya Seyminin dağılması, 1918-ci ilin mayın 26-da gürcülərin seymdən çıxaraq müstəqilliyini elan etməsinin arxasınca Milli Müsəlman Şurası Azərbaycan Xalq Cümhuriyyətini elan etdi və 1918-ci ilin iyunun 16-dək Tiflisdə dövlət quruculuğu prosesinin ilk mərhələsinə başladı. Şübhəsiz ki, K.Ünsizadə fəal naşir, mühərrir, mətbəə sahibi kimi ictimai-siyasi proseslərdən kənarda qala bilməzdi.
   1918-ci ilin iyunun 4-də Azərbaycan Xalq Cümhuriyyəti ilə Osmanlı Dövləti arasında əməkdaşlıq sazişinin imzalanması, Qafqaz İslam Ordusunun Azərbaycana gəlməsi bölgədə yeni hərbi-siyasi vəziyyət yaratdı. K.Ünsizadənin qardaşı Cəlal əfəndi Ünsizadə Azərbaycan Cümhuriyyətindəki mövcud vəziyyəti öyrənmək üçün Türkiyə nümayəndə heyətinin tərkibində Gəncəyə gəldi. Təbii ki, K.Ünsizadə 1890-cü illərdə İstanbula mühacirət edən qardaşı C.Ünsizadə ilə qısa zamanda birgə fəaliyyət göstərdiyi, Qafqaz İslam Ordusuna mənəvi dəstək verdiyi də istisna olunmur.
   Azərbaycan Xalq Cümhuriyyəti iyun ayının 16-da Tiflisdən Gəncəyə köçəndən sonra xalqa ünvanlanan müraciətləri, hökumətin qəbul etdiyi qərarları və ən əsası da yeni siyasi şəraitə uyğun mətbuat orqanı yaratmağı planlaşdırdı. Çap maşınları, hürufat və mətbəə imkansızlığı Azərbaycanın gənc milli hökumətinə bu planı gerçəkləşdirmək imkanı vermirdi.
Mətbəə işinin təşkilini əsas vəzifə olaraq diqqətə alan milli hökumət və Qafqaz İslam Ordusu komandanlığı Tiflisdə vaxtilə fəaliyyət göstərən, anadilli qəzetləri nəşr edən bir sıra mətbəələrin Gəncəyə gətirilib qurulması qərarına gəldilər. Mərkəzi Tarix Arxivinin 894-cü fondunda saxlanılan milli hökumət qərarlarından bəlli olur ki, Tiflisdə Kamal əfəndi Ünsizadəyə məxsus olan mətbəənin qiymətləndirilməsi və vəsait sahibinə ödənildikdən sonra Gəncəyə gətirilməsi barədə qərar qəbul olunur. Azərbaycan Cümhuriyyətinin bu səyləri nəticəsində Gəncə quberniyası mətbəəsində Qafqaz İslam Ordusu komandanı Nuru Paşanın xalqa müraciətləri, hərbi bəyannamələri çap olunur, əhali arasında yayılırdı.
1918-ci ilin iyunun 17-də Fətəli xan Xoyski tərəfindən təşkil edilən 2-ci hökumət kabinetində, Müsəlman Milli Şurası nəzdində qaçqınlar şöbəsi əsasında Azərbaycan Cümhuriyyəti Xalq Səhiyyəsi və Himayədarlıq Nazirliyi yaradılır. Bu nazirliyə Azərbaycanın ilk ali təhsilli cərrahı Xudadat bəy Rəfibəyli rəhbərlik edir. Əldə olunan arxiv sənədlərinə əsasən demək olar ki, həmin dövrdə Gəncədə olan Kamal Ünsizadə bu nazirliyin himayədarlıq şöbəsində çalışıb. Bu şöbə Azərbaycana köç etmək məcburiyyətində qalan qaçqınlara yardımların təşkili üçün yaradılıb və fəaliyyət göstərib.
1918-ci ilin sentyabrından sonra Azərbaycan Cümhuriyyəti Xalq Səhiyyəsi və Himayədarlıq Nazirliyi əsasında iki nazirlik - Xalq Səhiyyə Nazirliyi və Himayədarlıq və Dini Etiqad Nazirliyi yaradılır. 1919-cu ildə hökumət bu qurumlarda struktur dəyişikliyi aparır, Kamal Ünsizadə Gəncə quberniyasında qaçqınların işi üzrə inspektor təyin edilir. Bu tarixdən sonra K.Ünsizadənin taleyi ilə bağlı məlumatların arası kəsilir.
Təəssüf ki, K.Ünsizadənin Azərbaycan Cümhuriyyətinin süqutundan sonra həyat və fəaliyyətinə işıq tutacaq hər hansı bir məlumatlar əldə olunmayıb. İnanırıq ki, Azərbaycan mətbuatının Ünsizadə qardaşlarının sonuncusu K.Ünsizadənin taleyinə gələcək tədqiqatçıların arxivlərdən əldə etdiyi sənədlərlə aydınlıq gətiriləcək.
 
P,S, Məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Azərbaycan Türk Ocağı İctimai Birliyinin "Turan işığında 150 il" layihəsi çərçivəsində hazırlanıb. 
Chosen
18
1
sherg.az

2Sources