EN

"Atletiko"dan inamlı qələbə, PSJ məğlub oldu

ABŞ-də təşkil olunan klublararası dünya çempionatında daha iki oyun keçirilib. 

Fanat.Az xəbər verir ki, B qrupunda 2-ci tura yekun vurulub. 

Əvvəlcə yerli "Sietl Saunders" ilə "Atletiko Madrid" münasibətlərinə aydınlıq gətirib. 

İspaniya nəhəngi görüşdən 3:1 hesablı qalibiyyətlə ayrılıb. Hesabı 11-ci dəqiqədə "Atletiko"nun futbolçusu Pablo Barrios açıb. 47-ci dəqiqədə Aksel Vitsel hesabı 2:0 edib. 50-ci dəqiqədə hesab arasındakı fərqi azaldan Albert Rusnak ABŞ təmsilçisini ümidləndirsə də, Pablo Barrios 55-ci dəqiqədə fərqi yenidən iki topa çatdırıb.

Bu qələbə sayəsində "Atletiko Madrid" hesabına ilk 3 xalı yazdırıb.

Bu görüşün ardından Çempionlar Liqasının qalibi PSJ ilə Braziliyanın "Botafoqo" klubu üz-üzə gəlib. Parislilər gözlənilmədən məğlub olublar - 0:1. Oyunda yeganə qolu 36-cı dəqiqəsində Braziliya təmsilçisinin oyunçusu İqor Jesus vurub.  
Bu nəticələrdən sonra "Botafoqo” 6 xalla B qrupunun vahid liderinə çevrilib. İkinci və üçüncü yerləri hərəyə 3 xal olan PSJ və "Atletiko Madrid” bölüşür. Qrup sonuncusu olan "Sietl Saunders"in hesabında xal yoxdur.

Klublararası dünya çempionatı iyunun 15-də başlayıb və iyulun 13-dək davam edəcək. Turnirdə 32 komanda mübarizə aparır. Hər qrupdan iki ən güclü komanda pley-off mərhələsinə yüksələcək.

Chosen
22
1
fanat.az

2Sources