Bakı, TurkicWorld
Avstraliya hökuməti İranda təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə əlaqədar olaraq, bütün rəsmi nümayəndələrini və onların ailə üzvlərini ölkədən çıxarmaq, eyni zamanda Tehrandakı səfirliyin fəaliyyətini müvəqqəti olaraq dayandırmaq qərarına gəlib.
TurkicWorld xəbər verir ki, bu barədə Avstraliyanın xarici işlər naziri Penni Vonqun açıqlamasında qeyd olunub.
"Avstraliya hökuməti öz nümayəndələrinə və onların ailələrinə İranı dərhal tərk etməyi tapşırıb və təhlükəsizlik vəziyyətinin kəskin şəkildə pisləşməsini nəzərə alaraq, Tehrandakı səfirliyin fəaliyyətini dayandırıb", – deyə nazir bildirib.
Penni Vonqun sözlərinə görə, Avstraliyanın İrandakı səfiri hökumətin böhranlara qarşı tədbirlərini dəstəkləmək məqsədilə bölgədə qalacaq.
"Xarici İşlər və Ticarət Nazirliyi İrandan çıxmaq istəyən avstraliyalılara yardım göstərmək üçün konsulluq əməkdaşlarını Azərbaycana, o cümlədən sərhəd bölgələrinə göndərir", – nazir əlavə edib.
Penni Vonq vurğulayıb ki, hazırkı təhlükəli şərait və hava məkanının məhdudluğu səbəbindən İranda konsulluq dəstəyi imkanları olduqca məhduddur.
"Biz 24 saat fəaliyyət göstərən Konsulluq Fövqəladə Yardım Mərkəzi və böhran portalı vasitəsilə Avstraliya vətəndaşları ilə daimi əlaqə saxlayırıq", – deyə o bildirib.
Məlumata görə, Yeni Zelandiya və İsveçrə də eyni səbəbdən Tehrandakı səfirliklərinin fəaliyyətini dayandırmaq qərarına gəliblər.