EN

Bir millət, iki qardaş dövlətin növbəti uğuru

Azərbaycan-Türkiyə iqtisadi əlaqələri Ulu Öndər Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamına və tarixi-mədəni qardaşlıq prinsipinə əsaslanan, strateji tərəfdaşlığa söykənən münasibətlər sistemini əhatə edir. İqtisadi əlaqələr dərin tarixi köklərə dayansa da, bu münasibətlərin geniş vüsət alması müstəqilliyimizin bərpasından sonrakı dövrə təsadüf edir.

Müasir geosiyasi şəraitdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilməsi xarici siyasətin mühüm tərkib hissəsidir. Hər iki ölkənin dövlət və hökumət başçılarının, eləcə də siyasi, iqtisadi, ticarət, elm, təhsil, mədəniyyət və digər sahələr üzrə aidiyyəti qurumların rəhbərlərinin qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayıb və bütün sahələrdə əlaqələr uğurla inkişaf edərək ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsinə səbəb olub.

Ölkələrimizin iri iqtisadi layihələrin reallaşdırılmasında eyni mövqedən çıxış etmələri yeni coğrafi-siyasi gücün ortaya çıxmasına səbəb olmuş, öz növbəsində bu iki dövlət üçün yeni faydalı iqtisadi vəziyyətə zəmin yaratmışdır. Bu gün qonşu və Avropa ölkələrinin, bölgədə marağı olan dövlətlərin Türkiyə və Azərbaycanla ikitərəfli münasibətdə uyğunlaşdırılmış siyasət yürütmələrinin şahidi oluruq. Bir sıra dövlətlər Azərbaycan və Türkiyəyə yanaşmada bu iki qardaş ölkənin hərbi, siyasi, iqtisadi sahədə yaxın, bir çox hallarda isə vahid mövqedən çıxış etmələrinə uyğun mövqe sərgiləmələrini müşahidə edirik. Xüsusilə, 44 günlük Qarabağ müharibəsindən sonra Azərbaycan və Türkiyənin bölgəmizdə, hətta dünya çapında vahid güc mərkəzinə çevrilməsi prosesinin işartılarını görmək mümkündür. Bölgəmizdə yaranan yeni reallıqlar iqtisadi münasibətlərin daha böyük coğrafiyaya keçidi üçün geniş perspektiv yaradır. Bu gün dünya miqyasında dost və qardaş dövlətin güc mərkəzi olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev bildirib ki, nəinki yerləşdiyi bölgədə, dünyada Türkiyənin iştirakı olmadan heç bir məsələ öz həllini tapa bilmir və yaxın tarix bunu göstərdi: “Biz buna çox sevinirik, çünki Türkiyənin gücü bizim gücümüzü artırır. Bizim gücümüzün birləşdirilməsi bizi daha da güclü edir. Əminəm ki, biz bundan sonra da hər zaman bir-birimizin yanında olacağıq, bir-birimizin uğurlarına sevinəcəyik”.

İki ölkə arasında müttəfiqlik münasibətləri İkinci Qarabağ müharibəsində qələbə simvollarından birinə çevrilmişdir. Ən böyük uğurlardan biri də “Şuşa Bəyannaməsi” oldu. Bəyannamə Azərbaycan və Türkiyənin strateji müttəfiqlik münasibətlərini rəsmi səviyyədə təsbit edir.

Azərbaycan və Türkiyə iqtisadiyyatın bütün sahələrində, xüsusən də enerji sahəsində uzun illərdir uğurlu və səmərəli əməkdaşlıq edirlər. Hazırda hər iki ölkədə əlverişli biznes mühiti formalaşıb, investisiyaların təşviqi və qorunması ən yüksək səviyyədədir. Məhz bunun nəticəsidir ki, Azərbaycan və Türkiyə şirkətləri qarşılıqlı olaraq ölkələrimizin iqtisadi həyatında uğurla fəaliyyət göstərirlər.

İşğaldan azad olunmuş ərazilərdə quruculuq işlərinin həyata keçirilməsində Türkiyə şirkətləri fəallıq göstərir, dəmir və avtomobil yolları tikir, eyni zamanda, tunellərin, su anbarlarının inşasında, aqroparkların yaradılmasında da iştirak edirlər. Qarabağda kəndlərin və şəhərlərin yenidən qurulması prosesinə də türk şirkətləri cəlb olunublar. Zəngilanın işğaldan azad edilməsinin ikinci ildönümünü Azərbaycanla birlikdə qeyd edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dövlət başçısı İlham Əliyevlə birlikdə 2022-ci ildə rayonda “Dost Aqropark” “ağıllı kənd” təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışında iştirak ediblər. Şərqi Zəngəzurda iki dost ölkənin ilk investisiya layihəsi olan “Dost Aqropark”ın təməli Türkiyə Prezidentinin Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirakından sonra Zəngilana səfəri zamanı qoyulmuşdur.

İyunun 19-da Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılışı iki qardaş xalq arasında getdikcə güclənən dostluq və həmrəyliyin rəmzinə çevrilib. Qeyd edək ki, 2023-cü ilin fevral ayında Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan hökuməti zəlzələnin baş verdiyi Kahramanmaraş vilayətində yeni yaşayış məhəlləsinin tikintisinə dəstək verib. Türkiyənin Kahramanmaraş şəhərində salınan “Azərbaycan” məhəlləsinin baş planı üzrə 7, 8, 11 və 12-ci kvartallarında tikinti işləri yekunlaşıb. Müasir memarlıq üslubunda inşa edilən evlər günəş panelləri ilə təchiz olunub. Dörd kvartalda yerləşən 26 yaşayış binası sahiblərinə təhvil verildi. Bu binalarda ümumilikdə 456 mənzil, 328 qeyri-yaşayış obyekti inşa edilib. Yeni yaşayış massivində evlərlə yanaşı, müxtəlif ticarət və sosial obyektlər, parklar, istirahət yerləri, uşaq meydançaları da var.

Məhəllədə ilkin olaraq aprelin 29-da Heydər Əliyev adına ibtidai məktəbin təməli qoyulub. 24 sinifli məktəbin təməlqoyma mərasiminə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan videokonfrans vasitəsilə qatılıblar. 2024-cü il sentyabr ayının 11-də “Azərbaycan” məhəlləsində MİDA tərəfindən inşa edilən Heydər Əliyev adına ibtidai məktəbin və uşaq bağçasının açılışı baş tutub. Kahramanmaraşda ucaldılan Azərbaycan-Türkiyə dostluq abidəsi isə sarsılmaz qardaşlığın rəmzinə çevrilib. Bu layihə təkcə tikinti layihəsi deyil, eyni zamanda, Azərbaycan Türkiyə qardaşlığının, ağır günlərdə bir-birinə dayaq olmağın, dostluq və həmrəyliyin nümunəsidir.

Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimində Prezident İlham Əliyev çıxışında bildirib ki, Azərbaycan xalqı bu faciəni öz faciəsi kimi qəbul etdi. Qeyd etdi ki, 2023-cü il fevralın 6-da baş verən zəlzələ minlərlə insanın həyatına son qoydu. Bu faciə hamı kimi Azərbaycan xalqını da sarsıtdı. Qardaş xalqın dar günündə onun səsinə ilk səs verən Azərbaycan oldu. “İlk gündən qardaşlıq borcunu yerinə yetirmək üçün on minlərlə azərbaycanlı Bakıda, Azərbaycanın müxtəlif şəhərlərində humanitar yardım göstərmək üçün məntəqələrə gəlib öz qardaşlıq yardımını göstərməyə başlamışdır”, – deyə dövlətimizin başçısı qeyd edib.

Vurğulanıb ki, Azərbaycan hər zaman Türkiyənin yanında olub, Türkiyə də hər zaman Azərbaycanın yanında olub. Dövlətimizin başçısı öz çıxışında bildirib: “Bu gün Azərbaycan məhəlləsinin açılışında əziz qardaşımla birlikdə iştirakım bir daha bizim birliyimizin, dostluğumuzun təzahürüdür”.

Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor

 

 

Chosen
11
1
moderator.az

2Sources