Məlumata görə, NATO üzvlərinin nümayəndə heyətləri yekun danışıqlar mərhələsində olduqlarını düşündükləri vaxtda İspaniya müdafiə xərclərinin ÜDM-in 5%-i səviyyəsinə çatdırılması məqsədini rədd etdiyini bəyan edib. Bildirilir ki, bir sıra digər ölkələr də bu qədər yüksək hərbi xərcləri artırmaqda çətinlik çəkir. Bu səbəbdən danışıqların sammitin rəsmi başlanğıcı olan 24-25 iyun tarixlərinə qədər davam edə biləcəyi gözlənilir.
İyunun 19-da İspaniyanın RTVE telekanalı xəbər verib ki, Baş nazir Pedro Sançes NATO-nun baş katibi Mark Ruttenin müdafiə xərclərinin ÜDM-in 5%-i səviyyəsinə çatdırılması ilə bağlı müraciətini rədd edib. Sançes məktubunda bu hədəfin sammitin yekun bəyanatında "fakultativ" kimi göstərilməsini və ya İspaniyanın bu öhdəlikdən azad olunmasını təklif edib.
Qeyd edək ki, bu ilin aprelində Sançes hökumətinin 2025-ci ilə qədər müdafiə və təhlükəsizlik xərclərini ÜDM-in 2%-i səviyyəsinə çatdırmağı planlaşdırdığını bəyan etmişdi. Əvvəllər bu göstəriciyə 2029-cu ildə çatılması nəzərdə tutulurdu. Bu məqsədlə İspaniyanın 10,4 milyard avrodan çox vəsait ayırması planlaşdırılır.
Baş katib Mark Rutte müdafiə xərclərinin 5%-ə qədər artırılmasını təklif edir. Bu vəsaitin 3,5%-i birbaşa hərbi xərclərə, 1,5%-i isə müharibə şəraitində istifadə oluna biləcək infrastrukturun qurulmasına yönəldilməsi planlaşdırılır. İspaniyanın müdafiə naziri Marqarita Robles isə bildirib ki, krallıq NATO-nun məqsədlərinə çatmaq üçün ÜDM-in 2%-ni müdafiəyə xərcləməklə kifayətlənə bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31