EN

Qardaşlığa yeni nəfəs: Azərbaycan-Türkiyə birliyinə qarşı çıxanlar azdır, gücsüzdür

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən qardaş Türkiyəyə rəsmi səfər edib. Səfər çərçivəsində dövlət başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Kahramanmaraş Hava Limanında təntənəli şəkildə qarşılanıb. Liderlər arasında baş tutan səmimi görüş və birgə tədbirlər bir daha göstərdi ki, Azərbaycan-Türkiyə münasibətləri sarsılmaz dostluq və qardaşlıq üzərində qurulub. Prezident İlham Əliyevin Kahramanmaraşda etdiyi çıxış isə yalnız iki dövlətin deyil, eyni zamanda iki xalqın birliyinin və qarşılıqlı dəstəyinin rəmzi oldu. Azərbaycan tərəfindən bölgədə inşa edilən yaşayış kompleksinin açılışında çıxış edən dövlət başçısı, həm təbii fəlakət zamanı göstərilən həmrəylikdən, həm də gələcəyə yönəlmiş birgə əməkdaşlıqdan bəhs etdi. Səfər zamanı liderlərin sərgilədiyi birlik, sübut etdi ki, Azərbaycanla Türkiyə arasındakı münasibətlər təkcə strateji tərəfdaşlıq deyil, həm də dərin tarixi və mədəni köklərə əsaslanan sarsılmaz qardaşlıq nümunəsidir.

Siyasi şərhçi Azər Həsrət Sherg.az-a bildirib ki, Azərbaycan Prezidentinin Kahramanmaraş Hava Limanında məhz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qarşılanması, həmçinin Kahramanmaraşda Azərbaycan dövlətinin tikdiyi mənzillərin təhvil verilməsi mərasimində böyük coşqu ilə qarşılanması iki ölkə və iki xalq arasındakı münasibətlərin nə qədər yüksək səviyyədə olduğunu bir daha göstərdi:

"Düzdür, istər qardaş Türkiyədə, istərsə də Azərbaycan Respublikasında, eləcə də Fars molla rejiminin nəzarətində olan Güney Azərbaycanda bu dostluğumuzu və qardaşlığımızı pozmağa çalışan müəyyən qüvvələr mövcuddur. Bu insanların bir ucu adətən Fars rejiminə, digər ucu isə Qərbdəki bəzi dairələrə gedib çıxır. Onlar əllərindən gələni edirlər ki, Azərbaycanla Türkiyə xalqları arasında münasibətlərə xələl gətirsinlər, qarşıdurma yaratsınlar.
Lakin bizim dövlət rəhbərlərimiz hər fürsətdə bütün dünyaya necə bir və bərabər olduğumuzu nümayiş etdirmək üçün mümkün olan hər şeyi edirlər. Kahramanmaraşdakı o coşqu, açılış mərasimi və Azərbaycanın oraya verdiyi töhfə əleyhdarlarımıza verilən ən gözəl cavablardan biridir".

Şərhçi qeyd edib ki, heç bir qüvvə bizim xalqlarımızı və dövlətlərimizi bir-birindən ayıra bilməz:
"Çünki bizə qarşı olanlar nə qədər fəal olsalar da, onların sayı az, gücü isə zəifdir. Biz isə çoxuq – həm sayımız, həm də gücümüz baxımından. Və əlbəttə ki, heç kimin qarşısından geri çəkilmədiyimiz kimi, əleyhdarlarımızın da qarşısından geri çəkiləsi deyilik".
Chosen
25
sherg.az

1Sources