EN

"Avropa rusiyalı hərbçilərə Şengen qapılarını bağlayır" - dünya KİV-ləri

 
"Onlar müstəqil bir Avropa dövlətinə - Ukraynaya qarşı silah qaldırıb, biz bu şəxslərə nə viza verəcəyik, nə də oturum icazəsi. Onlar bizim üçün potensial təhlükə mənbəyidir..."
 
Baltikyanı, Skandinaviya ölkələri və Polşa Ukrayna müharibəsində iştirak etmiş Rusiya vətəndaşlarına qarşı sərt viza məhdudiyyətləri tətbiq etməyə hazırlaşır.
 
Moderator.az xəbər verir ki, bu barədə "delfi.lv" nəşri məlumat yayıb.
 
Məlumatda deyilir ki, Avropanın bir sıra ölkələri Rusiya vətəndaşlarının Şengen zonasında sərbəst şəkildə hərəkət etməsinə qadağa qoymağa hazırlaşır. Bu təşəbbüs xüsusilə Ukraynaya qarşı hərbi təcavüzdə iştirak etmiş şəxslərə yönəlib və onların gələcəkdə də Avropa ərazisinə daxil olmalarının qarşısını almağı hədəfləyir.
 
Tallində keçirilən görüşdə Baltik ölkələrinin - Estoniya, Latviya və Litvanın, eləcə də Skandinaviya dövlətlərinin və Polşanın daxili işlər nazirləri bu qərarın vacibliyini vurğulayıb. Görüşdə həmçinin Avropa Komissiyasının daxili işlər və miqrasiya üzrə komissarı Maqnus Brunner və Aİ-nin sərhəd təhlükəsizliyi agentliyi "Frontex"-in nümayəndəsi də iştirak edib.
 
Estoniya daxili işlər naziri İqor Taro bildirib ki, yüz minlərlə rusiyalı müharibədə iştirak edib və onların Avropada sərbəst şəkildə dolaşmasına imkan vermək təhlükəli olardı:
 
"Söhbət minlərlə insanın şəxsi təhlükəsizlik problemi yaratmasından gedir. Onlar müstəqil bir Avropa dövlətinə - Ukraynaya qarşı silah qaldırıb. Biz bu şəxslərə nə viza verəcəyik, nə də oturum icazəsi. Onlar bizim üçün potensial təhlükə mənbəyidir. Bu baxımdan, biz qətiyyətli və prinsipal mövqe tutmalıyıq".
 
Toplantıda iştirak edən digər ölkələrin nümayəndələri də bu mövqeni dəstəkləyərək bildiriblər ki, tətbiq olunacaq məhdudiyyətlər təkcə müharibə dövrü ilə məhdudlaşmamalıdır. Yəni bu qadağalar Ukraynada fəal döyüş əməliyyatları başa çatdıqdan sonra da qüvvədə qalacaq. Məqsəd Avropa ərazisində sabitliyin və təhlükəsizliyin qorunmasıdır.
 
Təklif olunan tədbirlərə əsasən, müharibədə iştirak etmiş rusiyalılar üçün Şengen vizası verilməyəcək, onlar yaşayış icazəsi də ala bilməyəcəklər. Bu yanaşma ilə Avropa beynəlxalq hüquqa qarşı çıxanlara qarşı sıfır tolerantlıq nümayiş etdirmək niyyətindədir.
 
Hazırda Şengen zonası 27 ölkəni əhatə edir və bu əraziyə daxil olan şəxslər sərhəd nəzarəti olmadan bir ölkədən digərinə keçə bilir. Lakin bu rejim yalnız təhlükəsiz və etibarlı şəxslər üçün nəzərdə tutulub. Avropa İttifaqı bu qərarla Şengenin nüfuzunu və təhlükəsizliyini qorumağa çalışır.
 
Xatırladaq ki, 2017-ci ildən etibarən Ukrayna vətəndaşları biometrik pasportla Avropa İttifaqına vizasız səfər edə bilir. Onlara 180 gün ərzində maksimum 90 gün müddətində qalmaq icazəsi verilir. Bu rejim turizm, ailə ziyarəti, işgüzar səfərlər və mədəni tədbirlərdə iştirak üçün nəzərdə tutulub.
 
Bununla yanaşı, bəzi ölkələr, xüsusilə Macarıstan ruslara münasibətdə daha yumşaq siyasət yeridir. 2023-cü ildə Budapeşt bəzi rusiyalı və belarusiyalılar üçün sürətləndirilmiş viza rejimi tətbiq edib. Onların bir qismi Rusiyanın dəstəyi ilə atom elektrik stansiyalarında işləyəcək. Bu qərar Avropa İttifaqı daxilində ciddi narazılıq doğursa da, Macarıstan hökuməti həmin şəxslərin təhlükəsizliyə təhdid olmadığını iddia edir.
 
Amma Estoniya və digər Baltik ölkələri bu yanaşmanı təhlükəli sayır və ümumi Avropa təhlükəsizliyinin zəifləməsinə səbəb ola biləcəyini düşünür. İndi əsas məqsəd Rusiya tərəfindən törədilmiş təcavüzdə iştirak etmiş şəxslərə Avropada yer olmadığını göstərməkdir. Bu qərar bir tərəfdən Ukraynaya dəstəyin davamı, digər tərəfdən isə gələcək təhlükələrin qarşısını almaq üçün profilaktik addım kimi qiymətləndirilir.
Chosen
12
moderator.az

1Sources