EN

TÜRKSOY akademik Nizami Cəfərovu mükafatlandırıb

Azertag saytına istinadən ain.az xəbər verir.

Ankara, 21 iyun, AZƏRTAC

İyunun 20-də Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibliyinin binasında ədəbiyyatşünas, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Atatürk Mərkəzinin direktoru Nizami Cəfərovun mükafatlandırma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, iki qardaş ölkənin diplomatları, alimləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirə TÜRKSOY ilə yanaşı, Türkiyədəki iki qeyri-hökumət təşkilatı – TEKAR (Türkiyə-erməni məsələsi araşdırmalar Fondu) və İLESAM (Elm və ədəbi əsər müəllifləri peşəkar Assosiasiyası) fəal dəstək verib.

TÜRKSOY-un Baş katibinin müavini Sait Yusuf türk xalqlarının irsinin qorunub saxlanmasının və təbliğinin vacibliyini vurğulayaraq, təşkilatın türk mədəniyyətinin təbliğində missiyasından danışıb.

O, azərbaycanlı alimin mükafata layiq görülməsini “TÜRKSOY üçün qürur mənbəyi” adlandırıb.

Ölkəmizin Ankaradakı səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov tədbir iştirakçılarına türk dünyasında mədəniyyətlərarası əməkdaşlığın əhəmiyyətindən danışıb.

O, N.Cəfərovun Azərbaycanda türkçülük ideyalarının yayılmasında xidmətlərini qeyd edib, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış Azərbaycan Atatürk Mərkəzinin fəaliyyətinə diqqət yönəldib.

Mədəniyyət mərkəzinin direktoru Prezident İlham Əliyevin akademik N.Cəfərovun Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına və elmin inkişafındakı xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Sərəncamını xatırladıb.

S.Abbasov akademikə Azərbaycan və bütün Türk dünyası mədəniyyəti naminə gələcək fəaliyyətində də uğurlar arzulayıb.

Türk mədəniyyətinin təbliğində göstərdiyi xidmətlərə görə təşəkkür məktubu, plaket və TÜRKSOY sertifikatını azərbaycanlı alimə TÜRKSOY-un Baş katibinin müavini Sait Yusuf, İLESAM-ın rəhbəri Mehmet Nuri Parmaksız və TEKAR-ın rəhbəri, professor Cemalettin Taşkıran təqdim ediblər.

Tədbir akademik Nizami Cəfərovun türk ölkələrinin türkoloq və ədəbiyyatşünaslarının təmaslarından bəhs edən çıxışı ilə yekunlaşıb.

O, Ümummilli Lider Heydər Əliyevin Türk dünyasında əlaqələrin möhkəmləndirilməsində xidmətlərini vurğulayıb, tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
24
1
azertag.az

2Sources