EN

7 - 8 yaşlı uşağa hesab açmaqda bankların marağı nədir?...


Fatimə Hacıbəyli: “6-7 yaşlı uşaq üçün bank kartının olması nə dərəcədə düzgündür?”

Bank kartları bu gün həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Əvvəllər nağd pulla etdiyimiz çoxsaylı ödənişləri indi rahatlıqla kartlarla həyata keçiririk. Son illərdə Azərbaycanda bank kartlarının sayı kəskin şəkildə artıb. Artım iqtisadi, sosial və texnoloji amillərlə bağlıdır. Onu da bildirək ki, bu gün banklar müxtəlif səpkili debet bank kartları təklif edir. Maraqlı məqam ondan ibarətdir ki, banklar uşaqlar üçün də bank kartı təklifi ilə çıxış edir.

Demək olar ki, bütün kommersiya bankları bu cür xidmət təklif edir. Belə ki, kart məhsulunu 6 -16 yaş aralığında olan uşaqlar üçün sifariş vermək mümkündür. Kart üzərində uşağın adı və soyadı qeyd edilir. Maraqlıdır, uşaqlar üçün debet bank kartlarının açılması nə dərəcədə düzgündür?

“Uşaqların həmin kartla mərc oyunlarına və ya digər təhlükəli platformalara giriş etməsi kimi təhlükəli hallar mövcuddur”

Sosioloq Fatimə Hacıbəyli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, uşaqlarda kiçik yaşlardan pul idarə etmək vərdişi yaratmaq yaxşıdır: “Ancaq uşaqların özünə məxsus kartının olması düzgün deyil. Bunun nə kimi mənəvi ziyanları olduğunu düşünmək lazımdır. Banklar gəlir əldə etmək üçün nə gəldi təklif edirlər. Ancaq 6-16 yaşlı uşağın bank kartının olması düzgün deyil. Biz uşaqların texnologiyadan uzaq olması üçün çıxışlar edirik. Ancaq məktəbyaşlı uşaqlar kart vasitəsilə zərərli informasiyalara qoşula, pulu ziyanlı xidmətlərə yönəldə bilər. Ümumiyyətlə, 6-7 yaşlı uşaq üçün bank kartının olması nə dərəcədə düzgündür? Uşağa ehtiyacını qarşılamaq üçün valideyni gündəlik müəyyən qədər nağd pul verir. Yaxşı olar ki, banklarda uşaqların adına kart açılmasına qadağa qoyulsun. Uşaqların həmin kartla mərc oyunlarına və ya digər təhlükəli platformalara giriş etməsi kimi təhlükəli hallar mövcuddur”.

Ekspert hesab edir ki, uşaq və yeniyetmələr arasında maliyyə savadlılığını artırmaq üçün müəyyən işlər görülə bilər. Bu işi məktəblər və valideynlər daha yaxşı icra edə bilər.

Günel CƏLİLOVA

Chosen
22
baki-xeber.com

1Sources