BAKI, TurkicWorld
İran-İsrail müharibəsi marşrutları dəyişdirdi – Turist axını Türkiyəyə yönəlib.
TurkicWorld xəbər verir ki, iyunun 13-dən etibarən başlayan İran-İsrail müharibəsi region ölkələrinin turizm planlarını dəyişib.
Təhlükəsizlik baxımından riskli bölgələrdən uzaq durmaq istəyən Rusiya və MDB ölkələrinin turistləri əsas marşrut kimi Türkiyəni seçiblər. Müharibənin təsiri ilə Antalyaya olan tələbatda 15 faizlik artım qeydə alınıb.
Sektor mənbələrinin bildirdiyinə görə, Yaxın Şərqdəki hava məkanı ilə bağlı qeyri-müəyyənlik və uçuş marşrutlarının dəyişdirilməsi Misir və Birləşmiş Ərəb Əmirlikləri kimi alternativ turizm ölkələrinə səfərləri çətinləşdirib. Beləliklə, tur operatorları daha təhlükəsiz və sabit olaraq qiymətləndirilən Türkiyəyə üstünlük verməyə başlayıblar.
Qeyd edək ki, Türkiyə turizmi 2024-cü ildə rekord göstəricilərə imza atıb – ölkəyə 62,3 milyon turist səfər edib və 61,1 milyard dollar gəlir əldə olunub. 2025-ci il üçün hədəf isə 65 milyon turist və 64 milyard dollar gəlir kimi müəyyən edilib.