EN

“Muxtar Respublikanın təmsilçiliyi Baş nazirdə olmalıdır”

Qüdrət Həsənquliyev: “Naxçıvanda Muxtar Respublikanın saxlanılmasına ehtiyac olub-olmaması ilə bağlı ictimai müzakirələr açılmalıdır”
 
“Azərbaycandan ayrı düşəndən Naxçıvanda həmişə həyat səviyyəsi Azərbaycanın digər bölgələri ilə müqayisədə aşağı olub. Bunun bir səbəbi orada əkin sahələrinin az olması və torpağın çox da münbit olmaması idisə, ikinci səbəbi məmurların çoxluğu idi. Ona görə Naxçıvana nazirlər, məmurlar ölkəsi deyirdilər. Və məmur təbəqəsi, bürokratiya orada inkişafında qarşısında ən böyük maneələrdən biri idi”.
 
Moderator.az xəbər verir ki, bunu Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya qanunu layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.
 
Millət vəkili “mən vaxtilə universitetə daxil olanda Bakıya gəldim və Azərbaycanın başqa rayonlarına gedəndə gördüm ki, orada “kubik”dən evlər tikilib. Amma Naxçıvanda binanın küncünə kimsə düz olsun deyə bir-iki “kubik” qoyurdusa, onu müxtəlif dövlət orqanları 2 ay sorğu-suala çəkirdi ki, bu kubik səndə haradandır?”,- deyə bildirib: “Sonradan da orada istehsal emal müəssisələri açmaq çətin olanda, Qarabağ işğal altında idi. Məsələn, bir Şərur rayonu 3 yerə bölündü, bir rayonun yerində 3 yeni rayon yaradıldı. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sayı artırıldı. İndi də biz burada yeni bir icra orqanı strukturu yaradırıq, səlahiyyətli nümayəndəlik. Baxmayaraq ki, Azərbaycanın qüvvədə olan Konstitusiyasının 135-ci maddəsinə görə qeyd olunur ki, Naxçıvan Muxtar Respublikasında icra hakimiyyətini Nazirlər Kabineti həyata keçirir və Baş nazir də Prezidentin təqdimatı ilə təyin olunur. Bu səlahiyyətli nümayəndə də Prezidentin xüsusi tapşırıqlarını yerinə yetirən ayrı bir icra orqanıdır. Yəni hər ikisi icra orqanıdır. Bundan başqa hörmətli Əli müəllim qeyd elədi, amma yenə Ali Məclisin sədri üçün icra orqanı funksiyaları saxlanılır. Yəqin layihə ilə tanış olanda görərsiniz ki, Muxtar Respublikanı məclisin sədri təmsil edir, sonra yerli icra hakimiyyəti başçılarının təyin olunması ilə bağlı təqdimatı o verir və s. Əslində Azərbaycanın özündə də, yəni bir bölgəni, o cümlədən Azərbaycanı da təmsil edən icra hakimiyyətinin başçısıdır. Ona görə də Muxtar Respublikanın təmsilçiliyi Baş nazirdə olmalıdır.
 
Amma mən ümumən nəyi təklif edirəm, əlbəttə, burada çox müsbət dəyişikliklər də var. Xüsusilə də Konstitusiyanın 1-2-ci maddəsindən Moskva və Qars beynəlxalq müqavilələri sözünün çıxarılması çox müsbət haldır. Amma geniş ictimaiyyət düşünürəm, müzakirələrə başlasın və müzakirələr açılsın ki, ümumiyyətlə, Naxçıvanda Muxtar Respublikanın saxlanılmasına ehtiyac var, yoxsa yox? Naxçıvan balaca bir yerdir və əvvəllər haradasa başa düşmək olardı, amma indi, həm İran üzərindən qısa yol çəkilir, həm də inşallah yəqin ki, Zəngəzur dəhlizi də tezliklə açılar. Konstitusiyaya görə də Azərbaycan unitar bir dövlətdir. Bu baxımdan orada muxtariyyətin ləğvi məsələsi barədə düşünmək lazımdır.
 
Əksinə, Naxçıvanda bu gün iş yerləri problemi yeni məmurlar üçün iş yerlərinin açılması ilə həll olunmamalıdır. Məsələn, Naxçıvanın kəndlərində su çatışmır, əkin sahələri azdır, insanların evində qaz var, amma qazın pulunu verməyə pulları yoxdur, onlar kənd yerlərində evlərində odun yandırırlar”.
 
“Naxçıvanda istehsal, emal müəssisələri açılmalıdır”
 
Millət vəkili diqqətə çatdırıb ki, ona görə də Naxçıvanda istehsal, emal müəssisələri açılmalıdır, xidmət sahələri yaradılmalıdır və diqqət daha çox bu istiqamətə yönəldilməlidir: “Orada da maksimum çalışmaq lazımdır ki, ümumiyyətlə, Azərbaycanın özündə də dövlətin idarəetmə xərcləri azaldılsın, bürokratik aparat maksimum dərəcədə kiçildilsin. Ona görə də mən hesab edirəm ki, bu dəyişiklikləri də Azərbaycanın Konsititusiyasında dəyişikliklər etdikdən sonra etmək olar. Amma bu gün nə qədər ki, Azərbaycan Respublikasının Konsititusiyası qüvvədədir və Konsititusiyada da deyilir ki, Naxçıvanın ali vəzifəli şəxsi dediyim kimi Naxçıvan Ali Məclisinin sədridir və s. yəni bu Konsititusiyamızda bu qala-qala burada biz Naxçıvan Konsititusiyasında başqa bir qanun qəbul edirik. Sadalamadığım başqa məsələlər də var, vaxt almaq istəmirəm, amma ümumən, belə düşünürəm ki, yəni biz Azərbaycanın Konsititusiyasında dəyişiklik edəndən sonra bu dəyişikliyi etsək daha məqsədəuyğun olar”.
 
“Məsuliyyətli olmaq lazımdır”
 
Millət vəkili eyni zamanda qanun layihəsi ilə bağlı onun fikirlərinə etiraz edən Milli Məclis sədrinin müavini Ziyafət Əsgərova da cavab verib: “Təbii ki, deputat danışanda məsuliyyəli olmalıdır, mən bunu qəbul edirəm. Zamanında mən bu Parlamentə çıxış edib deyəndə ki, Naxçıvanda Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş hakimiyyətlərin bölgüsü prinsipi öz həllini tapmayıb, Ziyafət müəllim çox uğurla burada onun əksini sübut etməyə çalışırdı. Stenoqramlar var, Ziyafət müəllim o çıxışları xatırlaya bilər. Ona görə də zamanla mənim burada çox qaldırdığım məsələlər sonrada öz əksini tapıb. Ümid edirəm ki, Naxçıvanın muxtariyyəti ilə də bağlı məsələ də nə vaxtsa öz həllini tapar. İkincisi təklif vermək, təşəbbüslə hansısa çıxış etmək nə vaxtdan qəbahət hesab olunub? Mən dedim ki, ictimai müzakirələr açılsın. Xalqımız qəbul edəcək edəcək, etməyəcəksə də etməyəcək. Buna görə də doğrudan da məsuliyyətli olmaq lazımdır”.
Chosen
7
2
moderator.az

3Sources