EN

Günümüzün Şeyx Nəsrullahları

Yenə qanımızı qaraldıb, günümüzü alt-üst edən bir xəbərlə günə başladıq.

Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsinin imamı Axund Turab məscidə Quran kursuna gələn 16 yaşlı qızı qaçırıb. Azmış kimi, üstəlik məscidin 20 min manatını da ələ keçirib, yoxa çıxıb.

Hadisənin digər  tərəfi 20 min manatlıq büdcənin yoxa çıxmasıdır. Bu isə onu göstərir ki, dini idarəçilik sistemində olan çatışmazlıqlar da gözdən keçirilməli və nəzarətdə olmalıdır.

İndi isə keçək əsas məsələyə.

Bu ölkədə bəzi kişilər var ki, ən böyük günahları “Allahın adı ilə” edirlər. Özlərinə də  “dindar”, “halal yol göstərən”, “qanunla yaşayan” və s. deyirlər. Əslində bəndəliyi məhv edən, günahı təbliğ edən  də elə özləridir.

Əslində onlar köləliyi məhv edən, bədənlərinə və ruhlarına əbədi olaraq xəsarət yetirən dərin köklü manyaklardır. Adlarını dəyişsələr də, üzləri eynidir. Həmin şəxslər dünən Şeyx Nəsrullah idilər, bu gün sosial şəbəkədə minlərlə izləyicisi olan “din qardaşı”dırlar. “Ölülər” əsərində də bir qırıq şüur var idi, o da kefli olurdu həmişə.  Deyəsən, biz də cəmiyyət olaraq hər zaman kefli olacağıq.

Bütün bu hərəkətlər qocaların cinsi istismarı, məcburi nikah, insan iradəsinə zor tətbiq etmək deməkdir. Bunun adı sözün əsl mənasında qətldir.

Amma görünən odur ki, qanun susur, cəmiyyət susur, dövlət susur...

Niyə bu “qanunsevərlər” 16 yaşlı qızla evlənmək istəyirlər, amma 16 yaşlı oğlanı evləndirmirlər? Çünki məsələ nə dindir, nə cəmiyyət, nə də ailə dəyərləri. Problem bədənləri adiləşdirən insanların özləridir.

Görünən isə odur ki, Cəlil Məmmədquluzadənin “Ölülər” tamaşasındakı Şeyx Nəsrullah səhnəsi üstündən illər keçsə də, simvol kimi aktuallığını itirmir.

21-ci əsrdə hüququn, təhsilin və qadınların azadlığının əsas hüquqlar kimi tanındığı bir dövrdə 16 yaşlı qızın molla tərəfindən qaçırılması nəyə sığan bir şeydir? Bu vəziyyət təkcə insan hüquqlarına zidd deyil, həm də gələcəyin, uşaqların məhv edilməsi deməkdir.

Qız isə açıqlamasında könüllü getdiyini bildirib. Buna inansaq belə, bu mənəviyyatsızlığı edən şəxsin yaşı 16 deyil. Bu hərəkətin tək bir adı var. “Pedofillik”

“Mömin” maskası taxan bu kişilər valideynlərə “gənc yaşda ailə qurmaq fəzilətdir” fikrini yaradanlardır.

Hüquq-mühafizə orqanları, təhsil strukturları, uşaq hüquqları ilə məşğul olan qurumlar niyə susur? Yoxsa zindanda ölüləri diriltmək üçün ölü ruhlara dualar oxuyan Şeyx Nəsrullah rolunu onlar da bölüşürlər?

Digər bir qorxu da ondan ibarətdir ki, bir vaxtlar 14 yaşlı gəlin olan ana eyni xahişi öz qızına “məsləhət” kimi təklif edir. Camaatın isə susması bu uşaq “qətllərinin” vərdişə çevrilməsinə səbəb olacaq.

Mirzə Cəlilin Şeyx Nəsrullahlarının qarşısında dayanmaq üçün cəmiyyətin susmaması, jurnalistlərin, müəllimlərin, hüquq müdafiəçilərinin, hər bir vicdan sahibinin ayağa qalxmağı lazımdır.

Yoxsa bir gün hamımız diri ikən “ölülərlə dolu mənlik”də çürüməyə başlayacağıq.

Aydan Hacıbalazadə  


Telegram kanalımız
Chosen
15
1
yenisabah.az

2Sources