EN

Trampın İranla müharibə barədə düşüncələri: "Bəlkə də buna ehtiyac olmayacaq"

 
"İranlılar avropalılarla danışmaq istəmir, onlar bizimlə danışmaq istəyir, Avropa burada heç nəyə yaramır..."
 
ABŞ prezidentindən Yaxın Şərqdəki vəziyyətlə bağlı jurnalistlərə qeyri-müəyyən açıqlamalar
 
ABŞ prezidenti Donald Tramp Nyu-Cersiyə eniş edərkən jurnalistlərin suallarını cavablandırıb. O, burada "Amerikanı yenidən möhtəşəm edək" (MAGA) hərəkatının tərəfdarları üçün təşkil olunmuş banketdə iştirak edəcək.
 
Moderator.az xəbər verir ki, bu barədə "rbc.ru" nəşri məlumat yayıb.
 
Görüş zamanı Trampa ənənəvi olaraq "solçu media" nümayəndələri tərəfindən "hiyləgərcəsinə" suallar verilib. Onlardan biri belə olub: "Əgər İsrail baş naziri Netanyahunun dediyinə görə İsrail İranın nüvə obyektlərini özü də məhv edə bilirsə, ABŞ nəyə görə bu müharibəyə müdaxilə etməlidir?"
 
Tramp bu sualı qeyri-dəqiq hesab edərək, Netanyahunun belə bir ifadə işlədib-işlətmədiyinə əmin olmadığını bildirib. O, əlavə edib ki, İsrailin yeraltı nüvə obyektlərini məhv etmək imkanları çox məhduddur: "Onlar yalnız səthi hissəni vura bilər, dərinə gedə bilməzlər. Onların bu cür imkanları yoxdur. Gözləyəcəyik və baxarıq. Ola bilsin, buna ehtiyac da qalmasın", - Tramp qeyd edib.
 
Jurnalistlərdən biri Trampdan soruşub ki, əgər ABŞ və İran arasında danışıqlar uğurlu olarsa, o, İsraildən hərbi əməliyyatları dayandırmağı xahiş edəcəkmi. Prezidentin cavabı belə olub: "İndi bunu istəmək çətindir. Kim qalib gəlirsə, onu dayandırmaq daha çətin olur. Amma biz xoş niyyətlə danışıqlara hazırıq. İranla ünsiyyət quracağıq və görək nə olur". Tramp sonra əlavə edib: "Dayanmaq çox çətindir. İsrail yaxşı döyüşür, İran isə o qədər də yaxşı döyüşmür".
 
Avropa dövlətlərinin, konkret olaraq Böyük Britaniya, Fransa və Almaniyanın Tehranla danışıqlarda yardım edib-etmədiyi barədə sual verildikdə, Tramp qəti cavab verib: "Xeyr, onlar kömək etmir. İranlılar avropalılarla danışmaq istəmir, onlar bizimlə danışmaq istəyir. Avropa burada heç nəyə yaramır".
 
Jurnalistlər ABŞ prezidentinə İranın sülh məqsədli atom proqramı barədə də sual verib. "Uranı 3 faizdən bir qədər artıq zənginləşdirirlər. Buna dəstək verirsiniz?" - deyə soruşulub. Tramp isə cavabında bildirib: "İran dünyanın ən böyük neft ehtiyatlarına sahibdir. Mən ümumiyyətlə onların bunu məişət üçün nəyə görə istədiklərini başa düşə bilmirəm".
 
Media nümayəndələri həmçinin Trampın ötən cümə axşamı dediyi "iki həftəlik vaxt" məsələsinə qayıdaraq soruşublar ki, bu, İranın mütləq iki həftə vaxtı olduğu anlamınamı gəlir, yoxsa ABŞ müharibəyə daha tez başlaya bilərmi. Tramp buna cavabında bildirib: "Mən onlara fikirləşmək üçün müəyyən vaxt verdim. Düşünürəm ki, maksimum iki həftəlik vaxtdır".
 
Sonda isə jurnalistlərdən gələn israrlı suallar Trampı yorub. Onunla növbəti dəfə ABŞ obyektlərinin İrana zərbə endirib-endirməyəcəyi barədə danışmaq istəyəndə, Tramp zarafatla bildirib ki, jurnalistlər artıq indi də təhlükədədir, çünki o, onların yanında durur. Bu "təhlükəni" aradan qaldırmaq üçünsə prezident zarafatla görüş yerini tərk etdiyini və banketə yollandığını açıqlayıb.
Chosen
10
moderator.az

1Sources