Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Sosial şəbəkədə alimentlə bağlı maraqlı məsələ iddia olunub. Vətəndaşın sözlərinə görə, rəsmi əməkhaqqı 800 manat olsa da, məhkəmə iki azyaşlı övladı üçün onun 944 manat aliment ödəməsi ilə bağlı qərar verib.
Ümumiyyətlə, son vaxtlar məhkəmələrin gəlirdən artıq aliment təyin etməsi iddiaları artıb.
Bəs görəsən, bu qərarların hüquqi əsası nədir? Məhkəmə hansı hallarda şəxsin rəsmi maaşından yüksək məbləğdə aliment təyin edə bilər?
Vəkil Şaiq Mirzəyev məsələ ilə bağlı Oxu.Az-a danışıb.

O qeyd edib ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, övladlarını saxlamaq və tərbiyə etmək valideynlərin borcudur:
"Bu borcun yerinə yetirilməsinə isə dövlət nəzarət edir. Alimentin müəyyən olunması prosesi Ailə Məcəlləsi ilə tənzimlənir və burada iki əsas yanaşma mövcuddur - müqavilə və qanuni rejim.
Əgər valideynlər arasında alimentin məbləği ilə bağlı qarşılıqlı razılaşma varsa, bu, müqavilə əsasında həll olunur. Lakin tərəflər arasında razılaşma əldə olunmayıbsa, alimentin məbləği məhkəmə tərəfindən qanunla müəyyən edilmiş normalara uyğun təyin edilir. Ailə Məcəlləsinə görə, bir uşağa görə qazancın dörddəbiri, iki uşağa görə üçdəbiri, üç və daha çox uşağa görə isə yarısı miqdarında aliment tutulur. Amma bu normalar sabit deyil və məhkəmə hər bir konkret işdə ailənin maddi vəziyyətini, uşağın ehtiyaclarını və digər diqqətəlayiq halları nəzərə alaraq, məbləği artırmaq və ya azaltmaq səlahiyyətinə malikdir".
Şaiq Mirzəyev əlavə edib ki, əgər valideynin gəliri qeyri-müntəzəmdirsə, rəsmi gəlirindən əlavə gəliri varsa, yaxud gəliri xarici valyutada və ya natura şəklindədirsə, məhkəmə alimenti sabit pul məbləği ilə təyin edə bilər:
"Bu da o deməkdir ki, şəxs rəsmi olaraq 800 manat maaş alsa belə, uşağın saxlanması ilə bağlı müstəsna, ciddi ehtiyaclar varsa və ya valideynin əlavə gəlirləri sübut edilə bilirsə, məhkəmə alimenti bu məbləğdən daha yüksək müəyyən edə bilər.
Qanunvericilik alimentin sabit pul formasında və ya həm sabit, həm də faizlə müəyyən edilməsinə də imkan verir. Bu isə xüsusilə gəliri dəyişkən olan şəxslər üçün tətbiq edilən mexanizmdir. Yəni aliment məbləği hər zaman yalnız əməkhaqqının faizi kimi hesablanmır - bu, məsələyə çox dar yanaşma olardı. Əgər alimentə ehtiyacı olan tərəf uşağın əlavə tibbi xərcləri, təhsil haqları və digər ciddi ehtiyacları ilə bağlı sübutlar təqdim edərsə, məhkəmə bu faktorları əsas götürərək rəsmi gəlirdən artıq məbləğdə aliment təyin edə bilər".
Şaiq Mirzəyev onu da qeyd edib ki, son illər Azərbaycanda boşanmaların sayı artmaqdadır:
"Bu artım ailə münasibətlərindəki sosial-psixoloji gərginlik və iqtisadi problemlərlə əlaqəlidir. Boşanma proseslərində ən çox mübahisə doğuran məsələlər isə uşağın kimdə qalacağı, alimentin məbləği və əmlak bölgüsüdür. Bəzi hallarda tərəflər şəxsi incikliklərini ön plana çəkərək uşağın maraqlarını arxa plana atır, bu isə həm hüquqi, həm də insani baxımdan ciddi problemlərə yol açır.
Nəticə olaraq, rəsmi gəliri 800 manat olan şəxsdən iki uşaq üçün 944 manat alimentin tutulması qanunvericiliyə uyğun və mümkündür. Bu cür qərarlar yalnız ailənin real iqtisadi vəziyyəti, uşağın ehtiyacları və valideynin gizli və ya əlavə gəlirlərinin olmasına dair sübutlar əsasında verilir. Aliment məsələsində əsas prinsip uşaq hüquqlarının və rifahının qorunmasıdır. Məhkəmələr də bu prinsipi rəhbər tutaraq qərar verir".
Məhərrəm Əliyev
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.