EN

Yaxın Şərqdə müharibə alovlanıb: Pakistan-İran sərhədinin bağlanması nəyə işarədir?

İran- İsrail müharibəsinin davam etdiyi bir vaxtda Pakistanın İranla olan sərhədini qeyri-müəyyən müddətə bağlaması bölgədə yeni bir geosiyasi dalğalanma yaradıb. İranın cənub-şərq sərhədlərində təhlükəsizlik narahatlıqları fonunda atılan bu addım həm lokal, həm də strateji səviyyədə mühüm nəticələr doğura bilər.

Bakıvaxtı.az məsələnin təhlili üçün siyasi analitik Züriyə Qarayevaya müraciət edib.

Politoloq deyib ki, Pakistanın İranla sərhədi bağlamasını təkcə sərhəd təhlükəsizliyi ilə izah etmək düzgün deyil. Onun sözlərinə görə, bu addımın arxasında daha geniş geosiyasi və humanitar narahatlıqlar dayanır:

“Unutmayaq ki, İran faktiki olaraq İsraillə açıq müharibə vəziyyətindədir və bu, regionun hər bir nöqtəsində dalğavari təsir yaradır. Pakistanın bu sərhədi bağlaması həm münaqişənin ölkə ərazisinə sıçramasının qarşısını almaq, həm də İranla sərhədyanı bölgələrə miqrant axınının qarşısını almaq məqsədi daşıyır. Pakistan artıq ilkin mərhələdə İranın daxilindən gələn qeyri-qanuni hərəkətliliyə qarşı tədbirlər görür”.

Z.Qarayeva bildirib ki, Pakistan müharibənin yayılmasından ehtiyat edir, amma bu addım birmənalı şəkildə münasibətlərin gərginləşməsi kimi də şərh oluna bilər. Təsadüfi deyil ki, Pakistan İsrailin İrana qarşı hərbi əməliyyatlarını açıq şəkildə qınayıb. Bununla yanaşı, İranın bölgədəki radikal müttəfiqləri və qeyri-dövlət aktorları ilə əlaqəsi, Pakistanın öz daxilində də müəyyən təhlükələr formalaşdırır. Buna görə sərhədin bağlanması həm önləyici, həm də siyasi siqnaldır.

Mövcud müharibə vəziyyətində sərhədin bağlanmasının Çinin regiondakı strateji maraqlarına gıstərəcəyi təsirə gəlincə, həmsöhbərimiz qeyd edib ki, Çin üçün bu vəziyyət çox həssasdır. CPEC layihəsi və “Bir Kəmər, Bir Yol” təşəbbüsü İran və Pakistan üzərində qurulmuş enerji və logistika xəritələrinə əsaslanır. Müharibə və sərhədin bağlanması Pekinin bu layihələr üzərindəki nəzarətini risk altına sala bilər. Həm də Çin, İranın qərbdəki qarşıdurmalarının şərqə yayılmasını istəmir. Bu səbəbdən Çin bu gərginliyin dərinləşməsinə qarşı səssiz diplomatik kanallarla təsir göstərməyə çalışacaq.

“Humanitar və sosial baxımdan bu sərhəd bağlanmasının bölgəyə təsiri necə olacaq” sualına Z.Qarayevanın cavabı belə olub:

“Ən çox zərər çəkəcək təbəqə sərhədyanı ərazilərdə yaşayan insanlardır. Həm Pakistanın Bəlucistan bölgəsində, həm də İranın Sistan-Bəlucistan vilayətində gündəlik ticarət, tibbi yardımlar və ailə əlaqələri məhz bu sərhəd vasitəsilə həyata keçirilirdi. Sərhədin bağlanması həm sosial gərginlik, həm də qeyri-qanuni fəaliyyətlər üçün yeni zəmin yarada bilər”.

Politoloq İslam Əməkdaşlıq Təşkilatının bu addıma berə biləcəyi reaksiyadan da danışıb Bildirib ki, İƏT-in reaksiya vermə ehtimalı var, lakin bu adətən diplomatik və passiv formada olur. Təşkilat, ehtimal ki, “müsəlman ölkələri arasında əməkdaşlığın qorunması” yönümlü ümumi bir bəyanatla çıxış edəcək. Praktiki addım və vasitəçilik üçün isə İƏT-in son illərdə ciddi təsir gücünün olmaması bunu şübhə altına salır.

Züriyə Qarayeva: Sərhədin bağlanması həm sosial gərginlik, həm də qeyri-qanuni fəaliyyətlər üçün yeni zəmin yarada bilər

Bəs sərhəd gərginliyi gələcəkdə regional təhlükəsizlik konfiqurasiyasını dəyişə bilərmi?

Anakitik qeyd edib ki, əgər İran İsrail müharibəsində daha çox zəifləsə və qonşu ölkələrlə qarşıdurmaları artarsa, bu, yeni ittifaqların və diplomatik xəttlərin yaranmasına səbəb ola bilər. Pakistanın sərt mövqeyi həm regiondakı sünni-şiə balansına təsir göstərə, həm də Türkiyə və Azərbaycan kimi ölkələrlə əməkdaşlığını gücləndirə bilər.

Bu vəziyyətin Azərbaycanın mövqeyinə təsitinə gəlincə, Züriyə Qarayeva vurğulayıb ki,  Azərbaycan üçün bu vəziyyət həm risk, həm fürsət yaradır. İranın eyni anda həm İsraillə, həm Pakistanla, həm də Qərb ölkələri ilə gərginlik yaşaması Azərbaycanın təhlükəsizlik və diplomatik manevr imkanlarını artırır. Onun sözlərinə görə, əgər vəziyyət nəzarətdən çıxmazsa, bu, Azərbaycanın regiondakı iqtisadi-logistika layihələrinə marağın artmasına səbəb ola bilər. Amma müharibənin yayılması halında təhlükəsizlik riskləri də artır.

Zülfü Məmmədov

Chosen
5
1
bakivaxti.az

2Sources