Vaxtaşırı baş verən yol-nəqliyyat hadisələrində bəzən hallar elə olur ki, sürücü yolu keçən piyadanı vurur, daha sonra məlum olur ki, hadisəyə piyadanın qaydalara əməl etməməsi səbəb olub. Belə hallarda – yəni günah piyadada olduqda – sürücünün məsuliyyəti hüquqi baxımdan necə tənzimlənir?

Moderator.az-a danışan Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin sədri Fariz Əkbərov bildirib ki, yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunu, "Yol Hərəkəti Qaydaları" və İnzibati Xətalar Məcəlləsində yollarda baş verən yol-nəqliyyat hadisələrində sürücü ilə yanaşı, piyadanın da məsuliyyəti göstərilib.
Hüquqşünasın sözlərinə görə, subyektlərarası münasibətlərin qanunvericiliyin tələbləri, hüquqların qorunması əsasında tənzimlənməsi vətəndaşların özündən, daha doğrusu, onların hüquqi savadından, ümumiləşdirsək, hüquq mədəniyyətindən çox asılıdır:
“Qanunları bilən, prosessual qaydalardan, normativ aktlardan, təlimatlardan xəbərdar vətəndaş bunların icrasına bilavasitə nəzarət etməklə hüquqlarının pozulmasının qarşısını ala bilər. Sürücülərin və piyadaların qaydalara əməl etməməsi, yaxud, sürücü naşılığı və piyada məsuliyyətsizliyidir.
Nəqliyyat vasitələrinin qəza anında olan sürəti, texniki vəziyyəti, yol və hava şəraiti, sürücünün sərxoş vəziyyətdə olub-olmaması, psixoloji və fiziki durumu, diqqəti yayındırıcaq hərəkətlərlə məşğul olub-olmaması, eləcə də piyadının nəqliyyat vasitəsinin qarşısına hansı şəraitdə çıxması, yolu müəyyən yerdən edilmiş yerdən keçib-keçməməsi, piyadanın sərxoş vəziyyətdə vəziyyətdə olması burada önəmlidir.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinə görə, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Həmin Məcəllənin 263.2. maddəsinə görə, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda 3 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 ildən 6 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qəza avtomobil idarəetmə hüququ olmayan şəxs tərəfindən və sərxoş vəziyyətdə baş veribsə, sürücü 8 ilə qədər azadlıqdan məhrum edilə bilər”.
Mehin Mehmanqızı