EN

Azərbaycanda ən təhlükəsiz ictimai nəqliyyat növü hansıdır?

Böyük şəhərlərdə ictimai nəqliyyat insanların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Bu, həm rahatlıq, həm də təhlükəsizlik baxımından daim müzakirə mövzusudur. Xüsusilə Bakı kimi sıx və dinamik meqapolisdə bu məsələ daha da aktuallaşır. İstifadə olunan nəqliyyat vasitələrinin texniki vəziyyəti, infrastruktur səviyyəsi və nəqliyyat iştirakçılarının davranışları bu sahədə təhlükəsizliyi birbaşa müəyyən edir.

Son illərdə Bakı və digər şəhərlərdə nəqliyyat infrastrukturunda müəyyən islahatlar aparılsa da, həm sərnişinlərin, həm də sürücülərin təhlükəsizliyi hələ də gündəmdədir.

Bəs görəsən Azərbaycanda ictimai nəqliyyatın hansı növü daha təhlükəsiz hesab olunur?

BAKU.WS-in əməkdaşı bu suala cavab tapmaq üçün nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev ilə həmsöhbət oldu.

Ekspertin fikrincə, ümumilikdə ictimai nəqliyyat fərdi avtomobillərlə müqayisədə daha təhlükəsizdir. Lakin bu sahədə mövcud riskləri aradan qaldırmaq üçün daha kompleks və sistemli yanaşmaya ehtiyac var.

R. Ağamirzəyev metro və dəmir yolu nəqliyyatını ən təhlükəsiz variantlar kimi qiymətləndirir:

“Dəmir yolu daha təhlükəsiz sayıla bilər, lakin hazırda şəbəkəsi məhduddur. Metro isə sərt standartlara malik olduğu üçün ümumi qəza statistikasında ən aşağı səviyyədə yer alır. Lakin bəzi hallarda platformaya düşmə hadisələri baş verir ki, bu halların səbəbləri (intihar və ya ehtiyatsızlıq) dəqiq təhlil olunmalıdır”.

Ekspert qeyd edir ki, dəmir yolu marşrutları genişləndirilməli, yaşayış məntəqələri yaxınlığında keçidlər artırılmalı, bu keçidlər baryersiz, işıqlandırılmış və fiziki məhdudiyyətli şəxslər üçün uyğun olmalıdır.

Avtobus nəqliyyatına gəldikdə isə, ekspert hesab edir ki, bu daha çox risk amilləri daşıyan seqment kimi qeyd edilir:

“Şəhərimizdə küçələr hibridləşib və sürətli hərəkətə şərait yaradılıb. Amma bu, təhlükəsizlik baxımından doğru qiymətləndirilməyib. Zolaqların genişliyi, xaotik hərəkət, düzgün ayrılmayan səki və yol örtükləri riskləri artırır”.

Mütəxəssis vurğulayır ki, avtobus zolaqlarının ayrılması, səkilərin fiziki olaraq yollarla fərqləndirilməsi, məhlə girişlərinin səki səviyyəsinə qaldırılması kimi tədbirlər insanların rahat və təhlükəsiz şəkildə dayanacaqlara çatmasını təmin edər.

O, həmçinin bildirir ki, səkilərin vəziyyəti Azərbaycanda ümumilikdə zəifdir:

“Bizdə prioritet avtomobilə verilib, bu da insan təhlükəsizliyini arxa plana atır. Halbuki piyada üçün qısa məsafələrdə təhlükəsiz hərəkət şəraiti yaradılmalıdır. Mikromobillik – yəni velosiped, skuterlər üçün şərait yaradıldıqda da bu nəqliyyat növləri daha təhlükəsiz və funksional olacaq”.

Chosen
1
6
avtosfer.az

7Sources