EN

Naxçıvanda konstitusion islahatlar: Hüquqi dövlətçiliyin güclənməsi yolunda

ain.az, Bakivaxti saytına istinadən bildirir.

Azərbaycan Respublikasında hüquqi dövlət quruculuğu prosesi ardıcıl şəkildə dərinləşdirilir. Bu istiqamətdə atılan mühüm addımlardan biri də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına edilən son dəyişikliklərdir. Qəbul edilən konstitusion dəyişikliklər dövlət idarəçiliyinin çevikliyini və effektivliyini artırmaqla yanaşı, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü prinsipinə söykənən hüquqi sistemin daha da möhkəmləndirilməsinə xidmət edir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan hüquqşünas Ayxan Məmmədli qeyd edib ki, əsas yeniliklərdən biri Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin yaradılmasıdır. Yeni 3-1-ci maddəyə əsasən, bu nümayəndəlik Prezidentin müəyyən etdiyi vəzifələri icra edən xüsusi icra orqanı kimi fəaliyyət göstərəcək. Nümayəndəliyə rəhbərlik edən şəxs birbaşa Prezident tərəfindən təyin ediləcək və ona tabe olacaq:

"Bu dəyişiklik hüquqi dövlətçilik prinsiplərinə uyğun olaraq mərkəzi hakimiyyətin muxtar bölgədə daha effektiv və məsuliyyətli təmsil olunmasını təmin edəcək. Hüquqi baxımdan bu addım icra hakimiyyətinin vahid və çevik model üzərində qurulmasına, qərarların daha operativ və koordinasiyalı şəkildə həyata keçirilməsinə şərait yaradır".

Müsahibimizin sözlərinə görə, digər mühüm məqam yerli icra hakimiyyəti başçılarının təyinat mexanizminin dəyişməsidir. Artıq Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyəti başçıları Ali Məclisin sədrinin təqdimatı əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin ediləcək. Bu, idarəetmədə həm muxtariyyətin hüquqi statusuna hörmətin saxlanılması, həm də mərkəzi dövlətin nəzarət və koordinasiya funksiyasının gücləndirilməsi baxımından balanslı bir mexanizmdir. Hüquqi yanaşma ilə desək, bu dəyişiklik yerli idarəetmə ilə mərkəzi hakimiyyət arasında hüquqi harmoniyanın yaradılmasına xidmət edir.

Həmsöhbətimiz vurğulayıb ki, dəyişikliklərdə əksini tapan digər əhəmiyyətli məqam Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının Preambula hissəsində Azərbaycanın ərazi bütövlüyünü və Naxçıvanın ayrılmaz tərkib hissəsi olduğunu əks etdirən müddəanın əlavə olunmasıdır. Bu, hüquqi və siyasi baxımdan əhəmiyyətli bir jest olmaqla yanaşı, ölkənin milli maraqlarına tam uyğun olaraq konstitusion hüququn möhkəmləndirilməsinə yönəlib. Belə bir müddəanın əsas sənəddə yer alması beynəlxalq hüququn prinsip və normalarına uyğun olaraq Naxçıvanın statusunu daha da hüquqiləşdirir və daxili hüquq sistemində onun yerini bir daha təsdiqləyir.

Ayxan Məmmədli: Hüquqi, siyasi və idarəetmə baxımından bu dəyişikliklər uğurlu, məqsədyönlü addımlardır

Hüquqşünas onu da qeyd edib ki, bu islahatlar bütövlükdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və uzunmüddətli dövrü əhatə edən dövlət idarəetməsi strategiyasının davamı və tərkib hissəsidir. Hazırkı konstitusion dəyişikliklər yalnız texniki hüquqi yenilənmə deyil, əksinə, siyasi iradəyə söykənən, ölkənin gələcək inkişaf prioritetlərini müəyyən edən strateji hüquqi qərarlardır. Bu addımlar Azərbaycanın mərkəzləşdirilmiş və effektiv idarəetmə modelinin muxtar bölgələrdə də eyni səmərəliliklə tətbiqinə imkan verir. Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyinin təsis olunması, icra strukturlarının fəaliyyətində birbaşa məsuliyyət və hesabatlılıq prinsipini daha da gücləndirəcək:

"Dövlətin bu istiqamətdə atdığı ardıcıl addımlar təkcə hüquqi sabitliyin möhkəmləndirilməsinə deyil, eyni zamanda ölkənin bütün regionlarında idarəetmə keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Xüsusilə, mərkəzi icra hakimiyyətinin təsir imkanlarının hüquqi əsaslarla genişləndirilməsi, regional idarəçilikdə daha çevik və nəzarətli mexanizmlərin tətbiqi dövlət orqanlarının funksionallığını artırır. Bu, həm də ölkənin ərazi bütövlüyünün inzibati-hüquqi baxımdan qorunması üçün zəruri olan institusional zəminin yaradılması deməkdir".

A.Məmmədli əlavə edib ki, bu dəyişikliklər vətəndaşların dövlət orqanlarına olan etimadını gücləndirən vacib vasitələrdən biridir. Hüquqi prosedurların daha şəffaf və cavabdeh şəkildə icrası, yerli idarəetmədə səmərəliliyin artırılması ictimai rəyə və cəmiyyətin dövlətə münasibətinə birbaşa təsir göstərir. Beləliklə, təkcə idarəetmə mexanizmləri deyil, həm də dövlət və cəmiyyət münasibətləri keyfiyyət baxımından yeni mərhələyə qədəm qoyur:

"Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına edilən dəyişikliklər yalnız bu bölgənin hüquqi statusuna yenidən baxmaq anlamına gəlmir, bu dəyişikliklər bütövlükdə Azərbaycanın konstitusion hüquq sisteminin dinamikliyini, dövlətin daxili siyasətində çevik və strateji düşüncə tərzinin mövcudluğunu sübut edir. Hüquqi, siyasi və idarəetmə baxımından bu dəyişikliklər uğurlu, məqsədyönlü və zamanın tələbinə uyğunlaşdırılmış addımlar kimi qiymətləndirilməlidir. Onlar Azərbaycanın hüquqi dövlət modelinin dərinləşməsinə, muxtar bölgələrdə səmərəli idarəetmənin formalaşmasına və ümummilli maraqların təmin olunmasına mühüm töhfə verir".

Əli Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
3
bakivaxti.az

1Sources