EN

Media peşəkarlığı – tərəqqi, yoxsa itki?

Oxşar hallar bir çox media subyektlərində də təkrarlanır. Yəni, mənzərə aşağı-yuxarı eynidir, bir növ tendensiya şəklini alıb. Deməli, sosial şəbəkələrdə yayılmış və geniş rezonans doğurmuş videogörüntü telekanalların birində sujetə - materiala çevrilir, onun barəsində müzakirə aparılır. Bu an studiyaya əlaqədar rəsmi şəxs tərəfindən telefon zəngi edilir və həmin şəxsin dilə gətirdiyi fikirlər bütün mənzərəni dəyişir. Əsl reallığı bilən iki aparıcıdan biri isə təxminən belə deyir: “Zənginizə və aydınlıq gətirdiyinizə görə təşəkkür edirik”. Ardınca isə həmin aparıcı sanki çalışdığı quruma bəraəət qazandırırmış kimi vurğulayır ki, bəs sosial şəbəkələrdə çox məsələlər yayılır və onların hamısını yoxlayıb təqdim etmək mümkünsüzdür.

Aparıcın bu mövqeyi heyrət doğurmaya bilməz. Necə yəni hər şeyi yoxlamaq olmur? Bəs sosial şəbəkədə yayılan hər şeyi efirə vermək olar? Sual ritorikdir. Əlbəttə, olmaz. Amma olurmuş və göründüyü kimi, teleaparıcı "bəraətini" də tapdı. Elə isə görək itirilən nə oldu? Əslində, böyük ölçüdə bizi, bütövlükdə media cameəsini düşündürən bu suala verilən cavabdır. Cavab barədə sonda.

Əlqərəz, TV-nin, ondan əvvəl isə digər media orqanlarının sosial şəbəkələrdə yayılmış görüntü ilə bağlı hazırladıqları materiallardan elə təəssürat yarandı ki, ölkədə dərəbəylikdir, haqq və hüquq anlayışları ümumiyyətlə işləmir. Heç şübhəsiz, yanlış videogörüntünü izləyən nə qədər şəxs yaranmış, daha doğrusu, “yaradılmış” durumdan əsəb, hiddət və gərginlik də keçirərək məhz qeyd etdiyimiz tərzdə düşünüb. İndi həmkarlarımız deyə bilər ki, məqsədləri ədaləti bərpa etmək olub. Buna şübhəmiz yoxdur. Amma qaş düzəldərkən, göz çıxarmaq düzgün deyil.

Əlbəttə, bütün bunlar ortaya bir məqamı çıxarır. Söhbət peşəkarlıqdan gedir. Peşəkar media işini, eyni zamanda, sosial şəbəkələrdən gələn siqnallar, bilgilər əsasında qurmalıdır. Yəni, əsl jurnalist həmin siqnal və bilgiləri şübhələndirməyi bacarmalıdır ki, meydana həqiqət çıxsın. İctimai reaksiyanı da məhz bu həqiqət formalaşdırmalıdır, hansısa sosial şəbəkə məhsulunun izlənilmə sayı yox.

Belə qənaətə gəlirik ki, bir qədər əvvəl diqqətə çatdırdığımız misaldakı teleaparıcının özünə, daha doğrusu, çalışdığı media orqanına bəraət şəklində səsləndirdiyi arqumentə də yer yoxdur. Çünki o, sosial şəbəkə materialını yoxlamadan efirə verməməli, yayımlamamalı idi. Amma bunu etdi və jurnalist, yumşaq desək, yol verdiyi yanlışın fərqinə varmırsa, onunla sıravi sosial şəbəkə istifadəçisi arasında heç bir fərq olmur. Əslində isə, çox böyük fərq olmalıdır.

Təbii ki, sosial şəbəkə istifadəçisinin vətəndaş olaraq məsuliyyəti var. Jurnalist məsuliyyəti isə ictimai hadisədir. Ən təəssüflüsü budur ki, bəzi həmkarlarımız ya daşıdıqları missiyanın önəmini dərk etmir, ya da onların ictimai fəaliyyət anlayışında yanlışlıqlar var. O zaman bu durumun doğurduğu böyük nəticə üzərində dayanaraq, jurnalistikanın nəyi itirdiyindən söz açaq.

Çox tez-tez bildirilir ki, mediaya önəm verilmir və s. Bəzən də media təmsilçiləri sözlərinin dəyərdən düşməsindən gileylənirlər. Əlbəttə, bu deyimlərin, elə yaranmış vəziyyətin bir çox səbəbləri var. Məsələn, internet əsridir, yeni informasiya texnologiyaları meydana çıxıb, sosial media ənənəvi medianı üstələyib və digər bu sayaq klişeləşmiş fikirlərlə hər birimiz tanışıq. Hələ dövrün dezinformasiya, yəni qəsdən yanlış bilgi yayıcılığı kimi təmayülləri də var.

Amma həqiqi, peşəkar media təmsilçisi adını daşıyan hər bir şəxs, ilk növbədə, öz fəaliyyətinə diqqət yetirməlidir. Məsələn, bu gün bir media orqanı müəyyən vəzifə sahibinin öz ərizəsi ilə işindən getməsinə dair sosial şəbəkə profilində paylaşdığı səmimi bilgini, az qala, həmin şəxsin vəzifəsindən qovulması şəklində sərlövhəyə çıxarırsa, buna nə deyəsən? Belə olan halda, jurnalist adı daşıyan, yaxud jurnalist olduğunu bildirən şəxsə cəmiyyət necə münasibət göstərəcək? Aydındır ki, ortada mənasız ajiotaj yaratmaq kimi bəsit əməl var. Həm də bu kimi əməllərə görə jurnalistika itirəcək. Bəli, jurnalistika, məhz hörməti, inamı və etimadı itirəcək. Heç şübhəsiz, jurnalistikanın timsalında söz yaradıcılığının hörmətdən düşməsi bütövlükdə cəmiyyət üçün böyük itkiyə çevriləcək.

Ə.RÜSTƏMOV
XQ

Chosen
24
1
xalqqazeti.az

2Sources