EN

Buxara – açıq səma altında muzey-şəhər!

Buxara dünyanın zəngin tarixi-mədəni irsə malik qədim şəhərlərindəndir. Şərq və Qərbdə Buxara “açıq səma altında muzey, möhtəşəm tarixin parlaq aynası” kimi tanınır. Şəhər erkən orta əsrlərdən etibarən Orta və Mərkəzi Asiyanın sənətkarlıq və ticarət mərkəzlərindən biri olmuşdur. 1997-ci ildə Buxaranın 2500 illik yubileyi beynəlxalq səviyyədə qeyd edilmişdir.

Alimlər Buxaranın bizim eradan əvvəl I minilliyin ortalarında yarandığını bildirirlər. Qədim uyğur dilində Buxara məbəd, namaz evi mənasında işlənir. Maraqlıdır ki, Buxaranı tarix boyu ələ keçirmək niyyətinə düşən hökmdarlar az olmayıb. Amma çoxlarına bu, qismət olmayıb. IX-X əsrlərdə Buxara Samanidlər dövlətinin paytaxtı olub.

Burada İbn Sina, Rudəki, Ömər Xəyyam kimi Şərqin böyük mütəfəkkirləri yaşayıb yaradıblar. Dahi İbn Sina Buxara haqqında belə yazırdı:

“...Bu yerin kitabxanasında elə kitablar tapdım ki, onları nə əvvəllər, nə də sonralar heç bir yerdə görmədim. Onları oxuduqca mənə dünyanın sirləri açıldı...”

Əmir Teymurun (1336–1405-cu illər) dönəmində Buxara özünün çiçəklənmə dövrünü yaşayıb. Şəhərdə bir-birindən möhtəşəm məscidlər, mədrəsələr ucaldılıb. O dövrdən başlayaraq bugünə kimi Buxara müsəlman Şərqinin əsas dini mərkəzlərindən biri sayılır.

Deyilənlərə görə, Əmir Teymur İranın böyük şairi Hafiz Şirazinin “Əgər o şiraz gözəli mənim qəlbimi ələ gətirsə, onun bir qara xalına Səmərqənd ilə Buxaranı bağışlaram”) beyti olan şerini oxuyub bərk qəzəblənib. Teymur Şirazı fəth edəndə qoca şairi hüzuruna çağırtdırıb demişdir:

– Mən dünyanı fəth etdim ki, Səmərqənd ilə Buxaranın şöhrətini bütün aləmə yayım, sən nə cürət edib mənim ən gözəl şəhərlərimi bir qara xala verirsən? Hafiz belə cavab verib:

– Ey dünyanın fatehi, mən elə deməmişəm, demişəm ki, əgər o gözəl qəlbimi ələ gətirsə, onun bir qara xalna “se mən qəndu” (3 batman qənd) və “do xurmara (iki xurma) bağışlaram”.

Əmir Teymur Hafizin bu hazırcavablığından xoşlanmış və soruşmuşdur:

– Doğrusunu söylə, əgər o şəhərlər sənin olsaydı, o gözələ onlara bağışlardınmı?”

Hafiz bunun cavabında köhnə, nimdaş paltarını Teymura göstərərək deyib:

–Əgər mən var-yoxumu gözəllərə bağışlamasaydım, bu günə qalardımmı?!

Bəli, Buxara, həqiqətən, çox yaraşıqlıdır! Bu gözəl şəhərin hər küçəsi, xiyabanı, meydanı və abidələri keçmişin izlərini yaşadır. Buradakı uca minarələr, tarixi məkanlar və qədim əşyalar insan zəkasının möhtəşəmliyini əks etdirir.

Qeyd edək ki, hazırda Buxarada 140-dan artıq memarlıq abidəsi qorunub saxlanılır. Şəhərdə indi onlarla məscid və dini kollec fəaliyyət göstərir. Bu abidələrin əksəriyyəti orta dövrünə aiddir. “Poi-Kalon”, “Kos mədrəsəsi”, “İsmayil samani mavzoleyi”, “Kalian minarəsi” kimi tarixi abidələr diqqəti daha çox cəlb edir. Şəhər dar küçələr, yaşıl park və bağlar, müxtəlif eposların qəhrəmanlarını təsvir edən heykəl və mozaik pannolar ilə də zəngindir. Təsadüfi deyil ki, Buxaranı açıq səma altında “muzey-şəhər” adlandırırlar.

Buxaradakı məşhur Ərk qalası şəhərin mərkəzində yerləşir. Abidənin tarixi eradan əvvəl V əsrə qədər gedib çıxır. Qala dəfələrlə dağıdılıb, bir müddət sonra isə yenidən daha gözəl qiyafədə inşa edilib. Qala uzun müddət Buxara hakimlərinin iqamətgahı rolunu oynayıb. 1920-ci ildə bolşevik işğalından sonra qalada güclü yanğın baş verib.

Yeri gəlmişkən, Buxara sufizmin görkəmli nümayəndəsi şeyx Bahəddin Nəqşibəndinin yaşadığı şəhərdir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev dövlət başçısı kimi bölgəyə ilk səfərlərindən birinə məqbərəni ziyarət etməklə başlamışdır. Burada müqəddəs yerlərin abadlaşdırılması və ziyarətçilər üçün daha əlverişli şərait yaradılması istiqamətində göstərişlər verilmişdir.

Özbəkistan bu gün turizmin inkişafına böyük önəm verir və əcnəbi turistləri Buxara, Səmərqənd və Xivə kimi tarixi şəhərlərə cəlb etmək üçün geniş tədbirlər həyata keçirir. Qardaş ölkədə 2019-2025-ci illər üçün turizmin inkişafı konsepsiyası qəbul edilmiş və bu çərçivədə elektron vizaların verilməsi və viza rejiminin sadələşdirilməsi kimi addımlar atılmışdır. Buxaranın tarixi hissəsində böyük abadlıq işləri aparılmaqdadır.

Buxarada hazırda 300 minə yaxın insan yaşayır. Şəhər Xəzərin “Cənub mirvarisi” sayılan bizim Lənkəranla qardaşlaşıb. İki şəhər arasında bütün sahələrdə əlaqələr ilbəil genişlənir. Hər iki şəhərin sakinləri bir-birlərinə qonaq getməyi özlərinə şərəf bilirlər. Lənkəranlı dostum Mirbağır Yaqubzadə dedi ki, macalı olan kimi, ailəsi ilə birlikdə Buxaranı ziyarət etmək, üstəlik, dadlı, özbək plovundan dadmaq arzusundadır!

M.HACIXANLI
XQ

Chosen
1
1
xalqqazeti.az

2Sources