İran-İsrail müharibəsinin 10-cu günündə ABŞ-ın gözlənilən hücumu reallaşıb. ABŞ prezidenti Donald Tramp bu gecə İrandakı üç nüvə obyektini bombaladıqlarını açıqlayıb. Bununla ABŞ rəsmən İran-İsrail müharibəsinə qoşulmuş oldu.
Tramp ABŞ-ın İrana hava hücumunda İsrailə qoşulduğunu açıqlayıb. ABŞ təyyarələri İrandakı üç nüvə obyektinə zərbələr endirib.
"İranda Fordo, Natanz və İsfahan da daxil olmaqla üç nüvə obyektinə çox uğurlu hücumu tamamladıq. Hazırda bütün təyyarələr İran hava məkanı xaricindədir. Fordo nüvə obyektinə tam miqyaslı bomba atdıq" - deyə hücumla bağlı açıqlama verən Tramp bildirib.
Təyyarələrin İran hava məkanını tərk etdiyini bildirən Tramp, bütün təyyarələrin sağ-salamat öz bazalarına qayıtdıqlarını deyib: “Böyük Amerika döyüşçülərini təbrik edirəm. Bunu edə biləcək başqa ordu yoxdur. Artıq sülh zamanıdır..."
Xalqa müraciət edəcəyini bildirən Tramp, "Bu, ABŞ, İsrail və dünya üçün tarixi bir məqamdır. İran bu müharibəni indi bitirməyə razı olmalıdır" deyib.
“New York Times”a danışan bir İran rəsmisi ABŞ-ın Fordo və Natanz nüvə obyektlərinə zərbələr endirdiyini təsdiqləyib. İran Dövlət Televiziyası üç nöqtəyə hücumu rəsmən açıqlayıb.
Amerikanın “Axios” xəbər saytının bir İsrail rəsmisindən əldə etdiyi məlumata görə, hücumda B-2 ağır bombardmançılarından istifadə edilib. Bir ABŞ rəsmisi də “Reuters” agentliyinə, İranın nüvə obyektlərinin ABŞ Hərbi Hava Qüvvələrinə məxsus B-2 gizli bombardmançı təyyarələri tərəfindən bombalandığını bildirib. Bildirilir ki, B-2 bombardmançıları Fordo nüvə obyektinə altı bunker partlayıcı bomba atıb. ABŞ mətbuatı Natanz və İsfahan nüvə obyektlərinin isə sualtı qayıqlardan atılan “Tomahawk” qanadlı raketləri ilə vurulduğunu bildirib.
İsrailin “Kanal 14” televiziyası isə xəbər verir ki, adı açıqlanmayan yüksək rütbəli İsrail rəsmisi, ABŞ-ın İrandakı Fordo, Natanz və İsfahan nüvə obyektlərinə hücumu altı B-2 bombardmançısı ilə reallaşdırdığını bildirib.
Hücumdan sonra “Reuters” agentliyinə açıqlama verən Tramp bildirib ki, İran dərhal dayanmalıdırlar, yoxsa yenidən vurulacaq: “Dərhal sülhü təmin etməlidirlər. Bu gecə heyrətamiz bir uğur əldə etdik”.
ABŞ rəsmisi CNN-ə hazırda ABŞ-ın başqa hücumlar planlaşdırmadığını deyib: "Tramp ümid edir ki, hücumlar yeni diplomatiyaya təkan verəcək".
İran isə ABŞ-ın hücumundan əvvəl Fordo nüvə obyektinin boşaldıldığını açıqlayıb. İranın İsfahan qubernatorluğu hücuma məruz qalan nüvə obyektlərində radioaktiv maddənin olmadığını açıqlayıb.
İran dövlət televiziyası da Natanz, Fordo və İsfahan nüvə obyektlərinin bir müddət əvvəl boşaldıldığını iddia edib.
İran parlamenti sədrinin müşaviri Mehdi Məhəmmədi isə deyib ki, İran baxımından qeyri-adi heç nə baş verməyib: “İran bir neçə gecədir ki, Fordoya hücum gözləyirdi. Artıq təxliyə edilib və hücum nəticəsində ciddi ziyan dəyməyib. Bilik bombalana bilməz”.
Qeyd edək ki, iki gün əvvəl Ağ Ev elan edib ki, Tramp İranla danışıqlar ehtimalının yüksək olması səbəbindən İranla bağlı qərarını (hücum edib-etməmək) iki həftə ərzində verəcək. Dünən isə İsrail rəsmiləri “Reuters”ə, ABŞ rəsmiləri ilə telefon danışığında prezident Donald Trampın verdiyi iki həftəlik müddət bitmədən İranın Fordo nüvə obyektinə qarşı hərəkətə keçə biləcəklərini bildirmişdilər.
Bundan əvvəl İranın yüksək rütbəli rəsmisi ABŞ-ı müharibəyə qarışacağı təqdirdə Yaxın Şərqdəki bazalarının "ciddi təhlükə" ilə üzləşəcəyi barədə xəbərdarlıq etmişdi. İran rəsmisi ABŞ-ın bölgədəki bazalarını hədəf almağın İsraili vurmaqdan daha asan olacağını iddia etmişdi. Bir çox İran rəsmisi də belə vəziyyətdə bölgədəki ABŞ bazalarının hədəf olacağını bildirirdilər.
ABŞ gözlənilən hücumu reallaşdırdı. İndi İranın hansı addımları atacağı maraq doğurur.
TAHİR