Bakı, 22 iyun, AZƏRTAC
“LİBRAFF” kitab mağazalar şəbəkəsinin “Park Akademiya” filialında "TEAS Press” nəşriyyat evi nin "Gənclərin 2-ci roman müsabiqəsi"nin qalibi olan Xanın (Orxan Həsənlinin) "Hürr" kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasiminə kitab blogerləri, mütaliə sevərlər, müsabiqənin münsiflər heyətinin üzvləri, ədəbi ictimaiyyət və mətbuat nümayəndələri, həmçinin kitabın ərsəyə gəlməsində əməyi olan "Teas Press" nəşriyyatının əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan "Teas Press"in marketinq meneceri Afaq Hüseynəliyeva nəşriyyatın artıq bir ənənəyə çevrilən gənclərin roman müsabiqəsinin məqsədlərini və əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, “TEAS Press” nəşriyyat evi bu müsabiqələri keçirməklə ədəbiyyata gənc istedadların və xüsusən yeni imzaların gəlişinə geniş imkanlar yaratmaq, bununla da ölkədə romançılığın inkişafına öz töhfələrini vermək niyyətindədir. Afaq xanım dinləyicilərin nəzərinə nəşriyyatın ilk roman müsabiqəsi ilə hazırkı roman müsabiqəsi arasındakı kəmiyyət və keyfiyyət fərqlərini çatdıraraq, bu göstəricilərin layihənin uğurla davam etməsinin sübutu olduğunu vurğuladı.
Tədbirdə münsiflər heyəti adından tanınmış ədəbiyyatşünas, esseist, tərcüməçi, AYB-nin və AJB-nin üzvü Seyfəddin Hüseynli, məşhur teleaparıcı və jurnalist İlkin Həsənli, sevilən rejissor və aktyor Taleh Yüzbaşov, reper ProMete və b. çıxış edərək Xanın bir istedadlı gənc yazar kimi yaradıcılıq xüsusiyyətlərindən və "Hürr" romanının bədii məziyyətlərindən danışdılar. Bu romanın əsasında gözəl bir teleserial çəkilməsinin çox uğurlu olacağını qeyd edən natiqlər gənc müəllifə yeni-yeni yaradıcılıq uğurları arzuladılar.
"Hürr" romanının müəllifi Xanın gənc yazıçıları yaradıcılığa ruhlandıran roman müsabiqəsinə görə "TEAS Press" nəşriyyatına təşəkkür edib və romanla bağlı fikir və düşüncələrini oxucularla bölüşüb.
Sonra müəllif kitabın məzmunu və daxili simvolikası ilə bağlı sualları cavablandırıb və kitablarını oxucular üçün imzalayıb.